Komitə sədrindən Anar Məmmədovun holdinqinə gözlənilməz zərbə
11:33 18-09-2014
İQTİSADİYYAT
Komitə sədrindən Anar Məmmədovun holdinqinə gözlənilməz zərbə
"Qarant İnvest" MMC-nin broker fəaliyyəti üzrə lisenziyası dayandırıldı
Rüfət Aslanlının sədri olduğu Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qarant İnvest" MMC-nin broker fəaliyyəti üzrə lisenziyasını dayandırıb. Bu barədə komitənin dünən yaydığı məlumatda deyilirdi.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.
"Qarant İnvest" şirkəti 2011-ci ilin avqustunda yaradılıb. Bu şirkət nəqliyyat naziri Ziya Məmmədovun biznes imperiyasına daxildir.
Belə ki, "Qarant İnvest" nazirin "Qarant Holdinq" Şirkətlər Qrupuna daxildir. Adıçəkilən broker şirkəti istəyi olan hər bir kəsə maliyyə aləmində müəyyən məqsədlərə çatmaq üçün kömək göstərmək üçün 2011-ci ildə yaradılıb. "Bu məqsədlər, maliyyə sahəsində biliklərin alınması və ya artırılması, həmçinin hər bir müştərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ola bilər. "Qarant İnvest"in yaranma fikri yerli bazarda geniş xidmət rəngarəngliyinə malik broker firmasının olmaması səbəbilə meydana çıxdı. Bir broker şirkəti kimi "Qarant İnvest" müştərilərə dünya maliyyə bazarlarında qiymətli kağızlara investisiya sahəsində bələdçiliyi təklif edir. Şirkətin vasitəsilə müştərilər nəhəng əcnəbi və yerli şirkətlərin səhmdarlarına çevrilə bilirlər" - bu sətirlər MMC-nin internet resurslarındakı təqdimatındandır.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanda faəliyyətə başlayan "Qarant Holdinq" həmin vaxtdan 2013-cü ilə qədər "ZQAN Holding" adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən isə adını dəyişərək, onu yeni korporativ ad - "Qarant Holdinq"-lə əvəzləyib. Holdinq nəqliyyat naziri Ziya Məmmədovun nəzarətindəki çoxsaylı biznes müəssisələrini özündə birləşdirir.
Onu da deyək ki, 2012-ci ildə, "Qarant İnvest"in yaranmasının 1 illiyi ilə bağlı təşkil olunan mərasimdə "Qarant İnvest"in direktoru Fərid Səttarov bildirmişdi ki, növbəti illərdə bu MMC əldə etdiyi uğurları daha da inkişaf etdirmək niyyətindədir. Bəs indi hansı səbəblərdən bu müəssisənin
lisenziyası birdən- birə dayandırıldı? Böyük hədəfləri qoyan MMC, görəsən, hansı səhvə qurban gedib?
Bu sualların cavabı açıq qalır. Eyni zamanda Rüfət Aslanlının rəhbərlik etdiyi komitənin Ziya Məmmədovun biznes imperiyasına daxil olan şirkətin lisenziyasını məhz nəqliyyat nazirinin ciddi tənqid hədəfinə çevrildiyi bir vaxtda dayandırması da diqqətdən qaçmamalı və təsadüf sayılmamalıdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53