Milli Şurada qalmaqal yarandı
Milli Şurada qalmaqal yarandı

Əli Kərimli ilə Cəmil Həsənli Mirmahmud Mirəloğluna qarşı qara piara start verdi

Təməli haramla qoyulan Milli Şurada daxili gərginlik yenidən alovlanıb. Belə ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan çıxır.
Partiyanın qurumun sonuncu sessiyasına qatılmaması da bunu deməyə əsas verir. Belə ki, uzun fasilədən sonra keçirilən sessiyada klassiklər iştirak etməyib. KXCP sədri Mirmahmud Mirəlioğlu bu barədə danışmaqdan imtina edib. Lakin müxalifət kulislərində gedən söhbətlərə görə, partiya "de-yure" olaraq qurumdan ayrılmaq niyyətindədir. Ona görə "de-yure" ki, faktiki olaraq KXCP-nin Milli Şurada yalnız adı qalıb. Sonuncu sessiyadan əvvəlki sessiyada yaşanmış qalmaqalla tərəflər arasında, demək olar ki, bütün körpülər yandırıldı.
Bunun ardınca M.Mirəlioğlu Milli Şuradan ondan əvvəl ayrılmış İsa Qəmbərlə münasibətləri istiləşdirdi. KXCP sədrinin müavini Xəzər Teyyublu publika.az-a açıqlamasında Milli Şurada fəaliyyət göstərdiklərini, lakin müəyyən narazılıqların olduğunu deyir: "Biz istəmirik ki, Milli Şura bir partiyanın təsirində olsun. Bununla bağlı narahatlığımızı ifadə etmişik. Hesab edirik ki, Milli Şura hər hansı təşkilatın üstqurumuna çevrilməməlidir. Milli Şuranın daxilindəki vəziyyətlə bağlı mayın 2-də etirazımızı bildirdik. Qurumun genişlənməsinə, inkişaf etməsinə stimul lazımdır. Biz qurumun AXCP hesabına genişlənməsinə qarşıyıq".
X.Teyyub qeyd edib ki, Milli Şuradakı təmsilçiliklərinə yenidən baxa bilərlər. O, qurumdan ayrılmağı da istisna etməyib.
Milli Şuranın Əli Kərimli ilə Cəmil Həsənlinin yanında qalan üzvləri də Mirmahmud Mirəlioğluna qarşı hücuma keçir. "Milli Şuranın Koordinasiya Mərkəzində yeni üzvlərin namizədliyi müzakirə olunarkən Mirmahmud bəy heç bir etiraz bildirməyib". Bunu Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib. O, vurğulayıb ki, AXCP üzvü İsa Sadıqovun MŞ-ya üzv olması ssesiyada yekdilliklə dəstəklənib: "İsa Sadıqov Azərbaycanın müstəqilliyi və demokratiyanın bərqərar olması yolunda mübarizə aparan fədakar bir insandır. MŞ-nın sessiyası vaxtı da onun namizədliyi yekdilliklə dəstəklənib. Bu məsələ hardan çıxıb? Deyilənlər hamısı yalandır. O barədə nə məndə, nə də MŞ üzvlərində heç bir məlumat yoxdur". V.Mirkamal onu da deyib ki, AXCP üzvlərinin Milli Şuraya üzv olmasını istəməyən KXCP öz layiqli namizədlərini versin: "Onda KXCP-də öz layiqli namizədlərini də versin, müzakirə edək. Daha çıxmaq nəyə lazımdır?".
Göründüyü kimi, artıq qurum daxilində gərginlik pik həddə çatıb. Mirmahmud Mirəlioğlunun Milli Şuradan rəsmən getməsi an məsələsidir. Cəmil Həsənli ilə Əli Kərimli bütün imkanlarını səfərbər ediblər ki, Şura üzvləri Mirmahmud Mirəlioğlunu yalançı çıxarsınlar. Yəqin ki, bu məsələ bardağı daşıran son damla olacaq. KXCP- böyük səs-küylə Milli Şuradan çıxacaq.
Qərib Gərayzadə