Ukraynanı nüvə silahına itələyən daha bir səbəb
Ukraynanı nüvə silahına itələyən daha bir səbəb

Moskva Krımda təhlükəli oynayır, bəs Avropa niyə qorxzu içindədir?

Ukrayna müdafiə naziri Valeri Qeleteyin bir neçə gün bundan əvvəl ölkəsinin nüvə dövləti statusunu bərpa edəcəyi barədə bəyanatına ciddi yanaşanlar da var. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Nüvə Silahının Yayılmaması barədə Müqavilənin dövlət-iştirakçısı kimi Ukraynanın nüvəsiz statusuna yenidən baxılmasının mümkün olmadığını bildirib. Rusiya xarici işlər nazirinin müavini Ukraynanın indiki nüvəsiz statusuna yenidən baxılması haqqında istənilən danışıqların Moskva üçün qəbuledilməz olduğunu bildirib.

Ukraynanı isə nüvə silahı əldə etməyə itələyən onun Rusiya qarşısında aciz vəziyyətə düşməsidir. Ukrayna müdafiə nazirinin sözlərinə görə, indiki silahlı münaqişədə Qərbin dəstəyini ala bilməsələr, Ukrayna nüvə silahına malik ölkə statusumuzu bərpa etməli olacaq. O, qeyd edib ki, Ukraynanın şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı artıq başa çatıb və indi Kiyev Rusiyadan müdafiə sistemini qurmalıdır.
Qeyd edək ki, Ukrayna sabiq SSRİ-dən qalmış nüvə silahından Sovetlər Birliyi dağılandan sonra imtina edib.
1994-cü ildə Budapeştdə imzalanmış bəyannaməyə uyğun olaraq Ukrayna bunun müqabilində ABŞ, Rusiya və Britaniyadan təhlükəsizlik təminatı alıb.
Ukrayna bundan sonra Nüvə Silahının Yayılmaması barədə Müqaviləyə qoşulub.
Amma Ukraynanın yenidən nüvə silahı əldə etməsi o qədər də çətin olmayan məsələ hesab olunur. Ukrayna ərazisində böyük uranın yataqları və Atom Elektrik Stansiyasının enerji blokları var. Bu stansiyalarda isə nüvə yanacağını zənginləşdirmək mümkündür. Sözügedən stansiyalarda SSRİ illərində ballistik raketlər üçün nüvə yanacağı istehsal olunurdu. Rusiyalı ekspertlər hesab edir ki, bütün bu amillər 10 il ərzində Ukraynaya nüvə silahını yaratmağa imkan verəcək.
Rusiya Federasiyası Dövlət Dumasının müdafiə məsələləri üzrə komitə sədrinin müavini Frans Klinseviç Ukrayna müdafiə naziri V.Qeleteyin bəyanatını provokasiya adlandırsa da, hesab edir ki, məsələyə ciddi yanaşmaq lazımdır. "Unutmaq olmaz ki, Ukraynada elm həmişə inkişaf edib və bu nöqteyi-nəzərdən nüvə bombasının yaradılması da problemlər yaratmayacaq", - Dövlət Dumasının üzvü deyib.
Moskva Dövlət Universitetinin coğrafiya fakultəsinin dosenti Pavel Safranovun sözlərinə görə, Avropada ən böyük uran filizi ehtiyatları məhz Ukraynadadır: "Ukrayna özünü xammalla tamamilə təmin etməyi bacaracaq. Amma nüvəsiz dövlət statusu nəzərə alsaq, zənginləşdirilmiş uranın istehsalı üzrə fəaliyyət hazırda mümkün deyil".
F.Klinseviç qeyd edir ki, nüvə bombasının yaradılması üçün zənginləşdirilmiş uran lazımdır: "Ukrayna ərzisində Atom Elektrik Stansiyasının 17 enerji bloku fəaliyyət göstərir. Düzdür, burada uranın zənginləşdirməsi nəzərdə tutulmayıb. Əgər Ukrayna bir neçə enerji blokunda bu məsələnin həlli ilə məşğul olarsa, proses uzun müddəti tələb edəcək. Amma 10 il ərzində məsələnin öhdəsindən gəlmək mümkündür".
Rusiya müdafiə nazirinin dünən verdiyi bəyanat da Ukraynanın nüvə silahı üçün barəsində düşünməyə əsas verir. Kiyev mart ayında qeyri-qanuni Rusiyaya birləşdirilən Krımı gec-tez qaytaracağını bəyan etsə də, Rusiya bunun əksini düşünür və yarımadada möhkəmlənməyin planlarını cızır. Rusiya müdafiə naziri Sergey Şoyqu dünən Rusiya Müdafiə Nazirlyində keçirilən müşavirədə Krım yarımadasında müdafiə potensialının gücləndiriləcəyini deyib. S.Şoyqu qeyd edib ki, Silahlı Qüvvələri Cənub hərbi dairəsinin prioritetli məsələlərindən biri Krım istiqamətində qoşunların sayının artırılmasıdır. Müdafiə Nazirliyinin başçısı Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya sərhədlərində xarici hərbi təhlükənin artması ilə Krım istiqamətində qoşunlarının sayının kifayət qədər artırılacağını vurğulayıb.
Rusiyanın hərbi ekspertləri də hesab edir ki, Moskva Krımın müdafiə qabiliyyətinin artırılması və mümkün təhlükənin neytrallaşdırılması üçün təcili tədbirlər görməlidir. Amma onlar Rusiyanın Krımda güclənməsi üçün daha təhlükəli variant irəli sürürlər. Onların fikrincə, bu tədbirlərdən biri də yarımada ərazisində nüvə silahının yerləşdirməsi ola bilər. Eksperlər Rusiyanın NATO və ABŞ mümkün hərbi qarşıdurmasında bunun əhəmiyyətli bir hərbi arqument ola biləcəyini bildirir. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Qərbə nüvə hədəsini məhz Krımdan etməsi təsadüf sayıla bilməz. İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevin sözlərinə görə, yarımada ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün heç bir rəsmi maneə yoxdur. "1996-cı ilə qədər Krımda nüvə-texniki anbarı var idi. Anbarda SSRİ vaxtından qalmış nüvə döyüş sursatları yerləşirdirilirdi. 1994-cü ildə Rusiya, ABŞ və Ukrayna arasında nüvə silahının Rusiyaya verilməsi barədə müqavilə imzalandı və bu silahlar 1996-cı ilə qədər Krım ərazisindən çıxarıldı. Amma anbar qalıb və onu bərpa etmək üçün böyük əmək sərf etmək lazım deyil. Amma əsas məsələ odur ki, hazırda bu Rusiyaya lazımdırmı? Toqquşmalar mümkündür, çünki, Qərb Krım referendumunu və onun Rusiyaya birləşməsini tanımayıb", - V.Yevseyev qeyd edir.
ABŞ və NATO-nun hərbi potensialının Rusiyanın hərbi potensialını bir neçə dəfə üstələdiyini deyən ekspert taktiki nüvə silahının yarımada ərazisində yürləşdirilməsinin Moskva üçün əhəmiyyətli olacağını bildirir.
Bir vaxtlar Rusiya Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinə başçılıq edən general-polkovnik
Leonid İvaşov hesab edir ki, NATO və ABŞ-ın hərbi ritorikanı artırması, Rusiya sərhədlərində hərbi qruplaşmaların sayını artırmaq cəhdi Moskvanın cavab hərəkətlərini doğura bilər. "Krım ərazisində taktiki-nüvə silahının yerləşdirilməsi üçün bizə heç nə maneə olmur. Qərb unutmamalıdır ki, Krım indi Rusiyanın ərazisidir və beynəlxalq müqavilələrə zidd deyilsə, yarımada ərazisində istənilən silahı yerləşdirə bilərik".
Avropa qorxu içində

Bu arada Rusiya-Qərb qarşıdurmaları fonunda Moskvadan nüvə silahından istifadə ilə bağlı gələn təhdidlər heç də birmənalı qarşılanmır. Rusiyanın nüvə təhdidi Qərbin media quruluşlarının əsas mövzularından birinə çevrilib. İsveçli hərbi ekspert Mariya Jelomis Polşanın TVP telekanalının efirində bildirib ki, Rusiyanın təhdidləri ciddi qəbul olunmalıdır.
O, Rusiya prezidenti Vladimir Putinin avqust ayının ortalarında Krımda keçirdiyi müşavirəni xatırladıb. Belə ki, Putin milli maraqların müdafiəsi üçün nüvə silahını da tətbiq edə biləcəklərini dilə gətirmişdi. "Sizi inandırıram ki, bizdə ən müasir silah, həmçinin hücum və müdafiə sistemləri var. Hazırda dünyanın başqa ordularında bunlar yoxdur. Hələ ki təfərrüatlar gizli qalmalıdır, amma vaxtı çatanda onlar açılacaq", - Rusiya prezidenti söyləmişdi.
Müdafiə sahəsi üzrə ekspert, İsveç Milli Müdafiə Akademiyasının nümayəndəsi qeyd edib ki, dünya həqiqətən də mürəkkəb və təhlükəli bir ana yaxınlaşıb: "Avropa son 20 ildə Rusiya ilə qarşıdurma vəziyyətində deyildi, nüvə təhlükəsi tamamilə unudulmuşdu. Amma bunu Kreml unutmadı. Ruslar Avropa qarşısında strateji nüvə silahlarında böyük üstünlüyə malikdir. Bu isə təzyiqin əla aspektidir" - müdafiənin İsveç Milli akademiyasının nümayəndəsi dedi.
O həmçinin qeyd edib ki, nüvə zərbəsi inanılmaz ciddi ssenaridir.
Xatırladaq ki, Rusiya prezidentdən başqa Kreml xarici işlər naziri Sergey Lavrovun dilindən də Qərbə nüvə xəbərdarlığı etmişdi.
Ukraynanın Krıma silahlı hücumu və ya onun Ukraynaya qaytarılması barədə iddialara toxunan S.Lavrov "Mən heç kəsə bunu etməyi məsləhət görməzdim. Rusiyanın milli təhlükəsizlik doktrinasında bu cür hərəkətlərin hansı cavab tədbirləri ilə alınacağı çox aydın yazılıb" söyləmişdi.
Qeyd edək ki, Rusiyanın 2010-cu ildə qəbul etdiyi yeni hərbi doktrina ona nüvə silahından istifadə etməyə icazə verir. Hərbi doktrinada əks olunan milli təhlükəsizlik konsepsiyasına görə, Moskva genişmiqyaslı aqressiyaya cavab olaraq nüvə silahından birinci istifadə edə bilər.

Rusiya Krımda
müharibə
meydanı yaradır

Rusiya bu ilin mart ayında özünə birləşdirdiyi Krım yarımadasında müdafiə potensialını gücləndirəcək. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
Rusiya müdafiə naziri qeyd edib ki, Silahlı Qüvvələri Cənub hərbi dairəsinin prioritetli məsələlərindən biri Krım istiqamətində qoşunların sayının artırılmasıdır.Müdafiə Nazirliyinin başçısı Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya sərhədlərində xarici hərbi təhlükənin artması ilə Krım istiqamətində qoşunlarının sayının kifayət qədər artırılacağını deyib.
Məlumata görə, dünən keçirilən müşavirədə Rusiya Müdafiə Nazirliyinin 2020-ci ilə qədər fəaliyyət planı müzakirə olunub.
Qeyd edək, 10 sentyabrda Kremldə prezident Vladimir Putin ilin sonuna kimi Rusiyanın yeni hərbi doktrinasının qəbuluna ehtiyac olduğunu bildirib. Ancaq Vladimir Putinin sözlərinə görə, Rusiyanı qlobal silahlanmaya cəlb etmək mümkün olmayacaq. Dövlət başçısı əsas diqqətin yüksək dəqiqlikli silah növlərinə və nüvə vasitələrinin istehsalına yönələcəyini vurğulayıb.
Kremldə keçirilən müşavirədə həmçinin ordunun 2016-2025-ci illərdə silahlanma proqramı müzakirə olunub.
Prezident bildirib ki, Rusiyanın hərbi-sənaye komissiyasına şəxsən başçılıq edəcək.

NATO: "Ukraynada
Rusiyanın
dörd batalyonu qalır"

Ukraynanın ərazisində Rusiya Silahlı Qüvvələrinin dörd batalyonu qalır. Bu barədə NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı, general Filip Bridlav "Azadlıq" radiosuna bildirib.
Onun sözlərinə görə, Rusiya qoşununun bir hissəsini Ukrayna ərazisindən çıxarsa da, onlar Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə qalırlar. "Rusiyanın on batalyonu Ukrayna ərazisində idi. Düşünürəm ki, onlardan dördü hələ də qalır. Rusiya Ukraynanın şərqindən öz güclərini çıxarır, amma onların qayıtması da istisna deyil", - Bridlav deyib.
NATO generalı həmçinin vurğulayıb ki, Rusiya tətbiq etdiyi hibrid müharibə metodları Avropanın təhlükəsizliyini hədələyir: "Son yetmiş il ərzində sələflərimizin böyük işinə baxmayaraq, Avropa hazırda vəziyyət gərgindir. Rusiya güc hesabına bir neçə ölkənin ərazi müstəqilliyini pozaraq onların sərhədlərini dəyişdirib. Rusiya həmin ölkələrin ərazisini qanunsuz zəbt edib və bunu heç zaman tanımayacağıq".
Kənan Rzaquliyev