Elman Mehdiyevin işçilərinə şok ittihamlar
11:36 18-09-2014
İQTİSADİYYAT
Elman Mehdiyevin işçilərinə şok ittihamlar
Azərbaycan əhvalatı: adi usta məmurun öhdəsindən necə gəldi?
Bir neçə gün əvvəl dövlət məmurunu cinayətdə suçlayan şəxs gözlənilməz addım atıb. Ucar rayonunun Qazyan kənd sakini Miriş Hüseynov Dövlət Sosial Müdafiə Fondunun rəhbər şəxsləri barəsində ağlagəlməz ittiham səsləndirsə də...
İlk olaraq həmin sakinin Elman Mehdiyevin sədri olduğu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ucar rayon Şöbəsinin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşına qarşı irəli sürdüyü ittiham barədə.
M.Hüseynovun milli.az-a ünvanladığı müraciətdə deyilir ki, Ə.Cəbrayılov və İslam adlı şəxs vəzifə səlahiyyətlərindən, mənim savadsızlığımdan sui-istifadə edib 8850 manat pulumu bankomatdan çıxarıb mənimsəyiblər: "Bu cinayət əməlidir. 17 il qaynaqçı işləməyimə görə 57 yaşımda pensiyaya çıxmalı idim. Ancaq elə bilirdim ki, 65 yaşım tamam olanda pensiyaya çıxa bilərəm. Tanıdığım bir şəxs başa saldı ki, qaynaqçı işlədiyim üçün 57 yaşında pensiyaya çıxmalı idim, buna görə də pensiya bazamda 57 yaşımdan bu günə qədər 8 il qalmış pulu ala bilərəm. Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinə müraciət etdim. Onlar sənədlərimi hazırladılar və pensiyaya çıxdım. Şöbənin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı pensiya kartımı
qeydiyyatdan keçirmək adı ilə özlərində saxlayıb hesabımda olan 8850 manat pulumu çıxardıb, götürüb 500 manat saxlayıblar. Guya hesabımda bu qədər pensiya pulum var. Tanışımın köməyi ilə "Kapital bank"dan çıxarış sənədi aldım və məlum oldu ki, hesabımda olmuş 9350 manat pulun 8850 manatını Əliş Cəbrayılov və İslam adlı əməkdaşı əlbir olub götürüblər ki, bu da cinayət faktıdır. Pulumu onlardan qaytarmalarını tələb etdikdə mənə bildirdilər ki, sənə bu boyda iş düzüb-qoşmuşuq, xərci budur, bu pulun çox hissəsini DSMF-in rəhbərliyinə veririk, yoxsa mümkün deyil.
Bir neçə dəfə gedib onlardan pulumu istədim, axırda dedilər ki, biz pulunu çıxarmamışıq, hara istəyirsən şikayət et. Ancaq yenə də tanışlar mənə bildirdilər ki, bankomatdan kartla pul çıxaran şəxsin fotosunu robot çəkir yaddaşda 5 il saxlayır. Həmin fotonun 4 ədədi dərhal baş orqanlara kompüter vasitəsilə avtomatik göndərilir. Əlimdə artıq hansı tarixdə, saatda pulumun çıxarılması barədə bank çıxarışı var. Artıq şikayətlər göndərmişəm. Xahiş edirəm, cinayət yolu ilə mənim külli miqdarda pulumu mənimsəmiş Əliş Cəbrayılovun və İslam adlı əməkdaşı barəsində qanuni tədbirlər görülsün. Bankdan pulumu çıxaran şəxsin fotosu çıxarılarsa onların cinayət əməlləri bir daha sübut olunacaq".
DSMF-nin mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu isə sözügedən sayta bildirib ki, şikayətçi artıq öz şikayətini geri götürüb. Bununla yanaşı, məsələ Fond tərəfindən hərtərəfli araşdırılandan sonra ətraflı məlumat veriləcək.
Araşdırmanın nəticəsinin necə olacağı isə indidən maraq doğurur. Eyni zamanda şikayətçinin olduqca ağır ittihamların yer aldığı şikayətini geri götürməsinin özü də suallara yer açır. Təəssüf ki, DSMF-nin mətbuat xidmətinin rəhbəri açıqlamasında şikayətin geri götürülmə səbəbinə aydınlıq gətirməyib.
Onu da deyək ki, Elman Mehdiyevin sədr təyinatından sonra DSMF-nun yerli şöbələrinin fəaliyyətindəki korrupsiya, rüşvət və digər qanunsuzluq hallarının aradan qaldırılmasına həssaslıqla yanaşılacağı, sərt tədbirlərin görüləcəyi bildirilirdi. İndi məlum şikayətin araşdırılması həmin vədə nə qədər sadiqlik göstərildiyini də ortaya qoyacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53