AXCP-də Əli Kərimliyə qarşı qiyam gözlənilir
13:38 19-09-2014
İQTİSADİYYAT
AXCP-də Əli Kərimliyə qarşı qiyam gözlənilir
Qurultayöncəsi cəbhənin yenidən parçalanması mümkündür
Məlum olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) qurultaya hazırlaşır. Partiya yetkililərinin məlumatına görə, qurultayın bu il ərzində keçirilməsi nəzərdə tutulur.
Bununla bağlı partiyanın Ali Məclisi Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar verib.Qurultaya hazırlıq isə Təşkilat Komitəsi tərəfindən aparılır.
Hazırda funksionerlərin verdiyi açıqlamalara görə, AXCP-də hər hansı bir problem yoxdur. Amma partiyanın daxilində ictimaiyyətə bəlli olmayan gərginlik var. Sadəcə olaraq, partiyada həddindən artıq az adam olduğu üçün narazılığın kənara çıxarılmasının qarşısını ala biliblər.
"Unikal"ın əldə etdiyi məlumata görə, AXCP-ni yaradanlar, sadəcə olaraq, hazırda kənara çəkilən cəbhəçilər Əli Kərimlinin yürütdüyü siyasətdən bezdikləri üçün yeni plan üzərində işləyirlər. Bu barədə bizi bilgiləndirən cəbhəçinin sözlərinə görə, internetdə var-gəl edən 5-6 gənclə meydanda olmağa çalışan Əli Kərimli ciddi narazılıq yaradıb: "Bildiyiniz kimi, son bir neçə ildə nüfuzu,siyasi arenada çəkisi olanların hamısı Əli Kərimlidən uzaqlaşdılar. Ötən il əslən Naxçıvandan olan Asəf Quliyevin də AXCP-də getməsi bir mənalı qarşılanmadı. Məsələ ondadır ki, Əli Kərimlidən uzaqlaşanların hamısı partiyada hakim olan siyasi kursdan narazılıqlarını ifadə edirdilər. Əslində, doğrudan da belədir. Biz özümüz abrımıza qısılıb bir təhər dayanmışıq. 5-6 uşağı önə verməklə siyasət aparmaq olmaz. Əli Kərimlinin yanlış siyasəti AXCP-ni bu bərbad vəziyyətə saldı. İndi AXCP-nin vitrini uşaq-muşaqdan ibarətdir. Funksionerlərin siyahısına baxanda da hər şey aydın olur".
Amma müsahibimiz vəziyyətin bu şəkildə davam etməyəcəyini deyib. Onun sözlərinə görə,qarşıdan gələn qurultayda bu məsələyə baxılacaq. Ola bilsin ki, Əli Kərimliyə qarşı alternativ namizəd irəli sürülsün. Əli Kərimlinin siyasətindən narazı olanlar namizədlərini də müəyyənləşdiriblər. Amma hələlik hücumlara məruz qalmamaq üçün onun adı gizli saxlanılır.
"Unikal"ın məlumatına görə, Əli Kərimli ona qarşı olan köhnə qvardiyanın planından xəbərdardır. Ona görə də gizli şəkildə əks hücum göstərişi verib. Belə ki, AXCP sədrinin müavini Razi Nurullayev partiyanın qurultayı haqda danışması da buna əyani sübutdur. Razi Nurullayev bildirib ki, partiyanın yerlərdə konfranslarının keçirilməsi üçün hazırlıq işləri görülür: "Artıq 30-dan çox rayonlarda təşkilat komitəsi yaradılıb. Qurultayın noyabrda keçirilməsi planlaşdırılır, amma konkret tarix müəyyənləşməyib. Proqramın yenidən yazılması və ya dəyişilməsi nəzərdə tutulur".
R.Nurullayev qeyd edib ki, partiyada hazırkı sədr Əli Kərimliyə alternativ yoxdur: "Partiyanın nizamnaməsində hər hansı bir dəyişiklik təklifi yoxdur. Qurultayda sədr seçkisi də keçiriləcək. Amma bu gün partiyada sədr kimi Əli Kərimli görülür. Digər şəxslər də heç bir iddia ortaya qoymur, bundan sonra iddialı olacağı da gözlənilmir. Seçkiyə vahid namizədlə gediləcəyi haqda indidən konkret fikir deyə bilmərəm. Amma reallıq budur ki, AXCP-də sədr yenilənməsi gözlənilmir". Sədr müavini bildirib ki, partiya qurultay keçirməyə yeri hökümətdən istəyəcək: "AXCP-nin qərargahı olmadığı üçün qurultayı keçirməyə öz yeri yoxdur. Amma 16 iyun yubiley tədbiri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyində Əmircandakı Mədəniyyət Sarayını vermişdi. Yenidən meriyaya müraciət ediləcək. Onların təklif etdiyi yerlər nəzərdən keçirilərək qərar veriləcək".
Göründüyü kimi, ortada qurultay məsələsi olmaya-olmaya Razi Nurullayev Əli Kərimlinin alternativsiz lider olmasından danışır. Sanki sədrlik uğrunda mübarizə başlayıb, o da Əli Kərimlinin təbliğatını aparıb. Amma bizi bilgiləndirən şəxs onu da bildirib ki, Əli Kərimlinin çabalarına baxmayaraq, qurultayda böyük səs-küy yaradacaq hadisələr olacaq.
Bunu Əli Kərimliyə qarşı ən böyük qiyam kimi də qəbul eləmək olar. Hətta bu dəfəki qurultayın AXCP-ni növbəti dəfə parçalayacağı da istisna olunmur. Hər halda, yaxın müddətdə hər şeyin şahidi olacağıq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53