İsmət Abbasovun müəmmalı susqunluğu
13:39 19-09-2014
İQTİSADİYYAT
İsmət Abbasovun müəmmalı susqunluğu
Baş nazir müavini niyə ortada çox görünmür?
Ötən ilin payızında keçirilən prezident seçkilərindən sonra formalaşdırılan hökumət kabineti ilə bağlı ən böyük sürpriz o vaxtkı kənd təsərrüfatı naziri İsmət Abbasovla bağlı yaşandı. Abbasov gözlənilmədən baş nazir müavini postuna irəli çəkildi.
Halbuki seçki ərəfəsində əksər KİV-lər əminliklə yazırdı ki, İsmət Abbasov yeni hökumət kabinetində yer almayacaq. Hətta onun rəhbərlik etdiyi nazirlikdə ciddi korrupsiya faktları səbəbi ilə həbsini proqnozlaşdıranlar da vardı.
Bu mənada xüsusilə onun İngiltərənin paytaxtı Londonda mülklərinin ortaya çıxması kulminasiya nöqtəsi idi. Həmin vaxt sabiq kənd təsərrüfatı nazirinin İngiltərə paytaxtında yaşayan oğlunun 2 milyon və 5 milyonluq mülklərə sahib olması ilə bərabər, dəyəri 300 min avro olan "Bentli" markalı bahalı avtomobildən istifadə etdiyi də ortaya çıxmışdı.
Bununla bərabər Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif strukturlarında ("Aqrolizinq" ASC, Dövlət Baytarlıq Xidməti və s.) ciddi korrupsiya hallarının mövcudluğuna dair faktların ortaya çıxması da təsadüfi sayılmır və bütün bunların İsmət Abbasovun vəzifə karyerasını sonlandırmağa hesablanmış planın tərkib hissəsi olduğu bildirilirdi.
Amma sonunda Abbasov nazir postu ilə vidalaşsa da, daha yüksək posta - baş nazir müavini görəvinə gətirildi. Bundan
sonra isə başqa bir maraqlı məqam müşahidə edilir. Belə ki, İsmət Abbasov baş nazir müavini kimi cəmi bir-iki açıqlama ilə çıxış edib, onu mətbuatda demək olar, görmək mümkün deyil. Digər baş nazir müavinləri - başda Yaqub Eyyubov olmaqla, Əli Əhmədov, Elçin Əfəndiyev, Əli Həsənov, hətta bir müddət media qarşısında görünmədikdən sonra Abid Şərifov özü son vaxtlar öz sahələrinə dair davamlı açıqlamalarla, müsahibələrlə çıxış etsələr, müxtəlif tədbirlərə qatılsalar da, Abbasovu nə jurnalistlərə açıqlama verərkən, nə də hansısa yüksək dövlət tədbirlərində tribunaya qalxarkən görmək mümkün olmur.
Bəs İsmət Abbasovun susqunluğunun, kifayət qədər ciddi hökumət postlarından birini tutmasına rəğmən ictimaiyyətə görünmək baxımından passivlik nümayiş etdirməsinin səbəbi nə ola bilər?
Müxtəlif qaynaqlar bu suala cavab olaraq fərqli versiyalar səsləndirirlər. Bunlardan biri odur ki, İsmət Abbasov özünü potensial baş nazir kimi görür, yəni Artur Rəsizadədən sonra hökumət rəhbərliyinə məhz onun gətirilməsini real hesab edir, ona görə də aktivlik nümayiş etdirib rəqiblərinin diqqətini özünə cəlb etməkdə maraqlı deyil. Bu versiya ağlabatandır, ən azı ona görə ki, hələ iyunun əvvəllərində KİV-də belə iddialar dolaşmağa başlamışdı ki, payızda və ya gələn ilin yazında hökumət kabineti ilə bağlı önəmli dəyişikliklərin olacağı və gələnilki parlament seçkiləri ərəfəsində hakimiyyətin əlini gücləndirəcək kadr islahatlarının aparılacağı proqnozlaşdırılır; gözlənilən bu dalğada önəmli ehtimallardan biri isə çoxlarının proqnozlaşdırmadığı halda keçən ilin payızında baş nazir müavini təyin edilən İsmət Abbasovun həmin
dəyişikliklərdən sonra baş nazir kimi fəaliyyətə başlamasıdır. Maraqlıdır ki, məhz vitse-premyerlə bağlı bu iddiaların intensivləşməsindən sonra uzun illər İsmət Abbasovun əsas gəlir qaynaqlarından biri kimi göstərilən "Aqrolizinq" ətrafında ciddi proseslər yaşanmağa başladı, bu qurumda nazir olduğu dövrdə yol verilən korrupsiya faktları ortaya çıxarıldı, onun vaxtilə "sağ əli" hesab edilən Əli Bayramov işindən yola salındı, bəzi həbslər həyata keçirildi. Ona yaxın bir neçə başqa kadr da "vuruldu". Bu da təsdiqləyir ki, hökumət içindəki bəzi dairələrin İsmət Abbasovun baş nazir ola biləcəyinə dair narahatlıqları var və ona görə də vitse-premyeri hər fürsətdə zəiflətmək istəyirlər.
Başqa bir versiyaya görə isə Abbasov mətbuatda və ictimaiyyət arasında çox görünməyi özünün gündəmə gəlmək istəməməsinə görə istəmir, bu halda haqqında korrupsiya ittihamları və iddialarının alovlanacağından ehtiyat edir. Belədə isə hazırda tutduğu postun da təhlükə altında qala biləcəyndən narahatdır.
Versiyaların hansında dəqiqlik payı olduğunu birmənalı söyləmək mümkün deyil. Amma İsmət Abbasovun baş nazir müavini kimi aktivlik nümayiş etdirmədiyi faktdır. Bunun isə real səbəbləri maraq doğurmaya bilməz.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53