Əbülfəs Qarayevin nazirliyinin müəmmalı "ulduz" qiymətləndirməsi
13:40 19-09-2014
İQTİSADİYYAT
Əbülfəs Qarayevin nazirliyinin müəmmalı "ulduz" qiymətləndirməsi
Deputatdan turizm obyektlərinin qiymətləndirilməsi ilə bağlı ilginc açıqlamalar
Azərbaycanda turizm sektorunun problemləri haqqında çox danışılır. Xüsusilə turizm obyektlərində xidmətin keyfiyyəti və qiymətlər ciddi müzakirə mövzusudur.
Əksəriyyət hesab edir ki, Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə səylərinin yetərli olmaması Azərbaycanın turizm potensialının çox az bir hissəsinin reallaşmasına yol açır. Nəticədə bu sektordan kifayət qədər ciddi qazanc əldə edilməsi mümkün olduğu halda, bu gerçəkləşmir.
Hər il yay mövsümündə, müxtəlif bayram tətillərində əhalinin istirahət üçün xaricə axışı dövləti ciddi gəlirdən məhrum edir. Eyni zamanda turizm obyektlərində xidmətin keyfiyyəti və qiymətlər xaricdən turist axınının artmasını əngəlləyir. Elə bu səbəbdən də indi qonşu Gürcüstanın turizm sektorunun inkişaf
statistikası kifayət qədər parlaq olduğu halda Azərbaycanda vəziyyət xeyli acınacaqlıdır.
O da maraqlıdır ki, turizm obyektlərində xidmət və qiymət problemi olduğu halda yüksək "ulduz" alan otellərin sayı durmadan artır. Bu isə şübhəsiz ki, müəyyən suallar, müəmmalar yaradır.
Elə deputat Jalə Əliyevanın dünənki açıqlamasında da bu mövzu ilə bağlı kifayət qədər ilginc detallar var. Millət vəkili toy və yas mərasimləri ilə bərabər, turizm sahəsində fəaliyyət göstərən sosial obyektlərdə də israfçılığın qarşısının alınmasını vacib sayıb: "Bir neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinə, istirahət mərkəzlərinə və otellərə "ulduz" qiymətləndirməsi tətbiq edilir. Bu isə bütün dünyada mövcuddur. Amma bu qiymətləndirmənin özü daha da təkmilləşdirilməlidir. Yəni, "ulduz" qiymətləndirməsindən başqa da ölçülər tətbiq edilməlidir. Çünki bəzən istirahət mərkəzlərinə verilən "ulduzlar" və orada göstərilən xidmətlər, onların müştərilərə təklif etdiyi qiymətlərə uyğun gəlmir. Burada da müəyyən israfçılığa yol verilir və sairə. Misal üçün, bəzən elə otellər olur ki, orada verilən yeməklərin və otağın qiyməti "5 ulduz" standartları qiymətində olur. Halbuki, həmin istirahət mərkəzində o qədər pulun qarşılığında göstərilən xidmət heç "1 ulduz"a da layiq deyil. Bütün bunlarla yanaşı, istirahət mərkəzlərində çalışan işçilərdə xidmət səviyyəsi də çox aşağıdır. Yaxşı olar ki, bu işçilər turizm treninqləri keçsinlər. Əsasən də regionlarda mövcud olan bəzi
istirahət mərkəzlərində turizm işini o qədər də bilməyən yerli əhalidən istifadə olunur. Təbii ki, bu yerlərdə olan əhalinin iş yerləri ilə təmin olunması üçün yaxşıdır. Ancaq digər tərəfdən isə onların istirahətə gələn insanlara xidmət səviyyəsi, demək olar ki, çox aşağı olur. Bütün bunları aradan qaldırmaq lazımdır".
J.Əliyeva Azərbaycanda turizmlə bağlı müvafiq qanunun qəbul olunmasının və bütün bu məsələlərin orada yer almasının vacibliyini vurğulayıb: "Hər hansı bir sahədə ortaya çıxan və çıxa bilən problemlərin aradan qaldırılması və o sahəni tənzimləmək üçün müvafiq qanunların qəbuluna ehtiyac var. İndiyədək Azərbaycanda qəbul edilən hər bir sahə qanunu həmin sahənin inkişafına yönələn qanunlardır. Artıq son illər Azərbaycan da turizm ölkəsi kimi tanınmağa başlayıb. Hesab edirəm ki, bu sahədə də müvafiq qanunun qəbulu və mövcud olan problemlərin qanunla tənzimlənməsi həm ümumi işin xeyrinə, həm də ölkə üçün faydalı ola bilər".
Millət vəkilinin qaldırdığı məsələlər olduqca aktualdır və dediklərində həqiqət payı çoxdur. Onun açıqlamalarına Əbülfəs Qarayevin nazirliyinin münasibətini bilmək də maraqlı olardı.
Hər halda unutmamaq lazımdır ki, deputatın dedikləri yalnız onun deyil, əksəriyyətin razılaşdığı, narahatlıq keçirdiyi məqamlardır.
Onu da unutmamaq lazımdır ki, ötən ilin payızında Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilmiş və orada nazir Əbülfəs Qarayev çıxış edərək demişdi ki, turizm obyektlərində ciddi problemlər var, həmin obyektlər öz işlərinə ciddi yanaşmalıdırlar, həmçinin belə obyektlərin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Yəni əslində əlaqədar qurum rəhbərliyi də turizm sektorundakı problemlərin fərqindədir, elə isə bir sual açıq qalır: yuxarıda turizm obyektləri ilə bağlı çoxsaylı problemlər sadalanarkən onların "ulduz qiymətləndirməsi" hansı şərtlərlə həyata keçirilir, bu zaman şəffaflıq və obyektivlik nə qədər qorunur?!
İnanaq ki, bu sualın cavabını tezliklə tapa biləcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53