Ukrayna prezidenti okeanın o tayına getdi
13:41 19-09-2014
İQTİSADİYYAT
Ukrayna prezidenti okeanın o tayına getdi
Poroşenko ABŞ-dan strateji müttəfiq statusu gətirə biləcəkmi?
Ukrayna prezidenti Pyotr Poroşenko dünən ABŞ-a rəsmi səfərə gedib. Onun səfər çərçivəsində Konqresin birgə iclasında çıxış etməli idi. Onun həmçinin prezident Barak Obama, vitse-prezident Cozef Bayden və dövlət katibi Con Kerri ilə görüşləri planlaşdırılıb.
Kiyevdə hesab edirlər ki, görüşlərdə Ukraynaya Şimali Atlantika İttifaqından kənar (NATO) ABŞ-ın strateji müttəfiqi statusunun verilməsi müzakirə ediləcək.
Ukraynaya ABŞ-ın strateji müttəfiqi statusunun verilməsi haqqında ideya ilə ilk dəfə Krım hadisələrindən sonra respublikaçılar çıxış ediblər. Demokratlar da bu ideyanı dəstəkləyir.
CNN-ə müsahibəsində P.Poroşenko iyulun sonunda bildirmişdi ki, Ukrayna hakimiyyəti ölkənin şərqində vəziyyəti normallaşdırmağa imkan verən bütün vasitələrdən istifadə etməkdə maraqlıdır. "Əgər bu məqsədə çatmağa sanksiyalar kömək edəcəksə, onları tətbiq etmək lazımdır. Əgər sanksiyalar işləməyəcəksə, ABŞ Konqresinə Ukraynaya NATO-dan kənar strateji müttəfiq statusunun verilməsi barədə müraciət etməyimiz mümkündür. Hansı ki, hazırda İsrail, Yaponiya, Cənubi Koreya və Filipin belə bir statusa malikdir", - Poroşenko söyləmişdi.
Eyni zamanda Ukrayna Prezident Administrasiyası başçının müavini Valeriy Çalıy ukraynalı jurnalistlərə deyib ki, ABŞ Konqresi artıq bu layihə üzərində işləyir. Lakin ekspertlər və beynəlxalq hüquq mütəxəsisləri qeyd edirlər ki, bu cür qərarların qəbulu prosesi uzunmüddətlidir. ABŞ-da qarşıdan gələn parlament seçkilərinə diqqət çəkən ekspertlər bütün namizədlərin bu ideyaya ehtiyatla yanaşdığını bildirir.
"Qərb vuruşmaq istəmir. Onlar sülh sistemini inşa etməyə çalışır və hesab edirlər ki, Rusiya sanksiyalarla zəiflədiləcək", - Rusiyanın "Nezavisimaya qazeta" nəşrinə açıqlamasında ukraynalı politoloq İqor Semivolos deyib. O, həmçinin ABŞ-ın strateji partnyor statusunun uzaq perspektiv olduğunu əlavə edib.
Avroatlantik Əməkdaşlıq İnstitutunun eksperti Vladimir Qorbaç isə fərqli düşünür: "Hansısa beynəlxalq müqavilə və ya razılaşmadan deyil, Amerika qanununun qəbulundan söhbət gedir. Bu Vaşinqtonun verəcəyi bir qərardır. Düşünürəm ki, Donbasda barışığın əldə edilməsi və Donbasın xüsusi statusu haqqında qərarın Ali Radada qəbulu belə bir perspektivi yaxınlaşdırır".
Ukraynalı ekspert həmçinin hesab edir ki, ABŞ lazım hesab etsəydi, belə bir sənədsiz də Ukraynaya silah və ya hərbi texnika verə bilər. "Amma Vaşinqton və Brüssel belə bir qərar verməyə tələsmir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, Ukraynaya maliyyə və humanitar yardımlar verirlər. Qərb onun müharibəyə cəlb edildiyini göstərəcək heç bir addım atmaq istəmir", - o, qeyd edib.
V.Qorbaç bu fikirdədir ki, Poroşenkonun inadlı tələbi ilə Ali Radanın Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu barədə qanun layihəsini təsdiq etməsi dövlət başçısının Kanada və ABŞ səfərinə hazırlıq mərhələlərindən biri idi. O, hesab edir ki, Qərb ümumi fikrə gəlib: vuruşmamaq və sanksiyalarla Rusiyanın zəiflədilməsi strateji kursu götürmək. Ekspert hesab edir ki, Qərbin bu taktikası Ukrayna vətəndaşının həyatı bahasına həyata keçirilir və hakimiyyəti çox ciddi siyasi risklərə məruz qalır.
Ukraynalı siyasi müşahidəçilər ölkənin şərqindəki atəşkəs rejimini daimi hesab etmirlər. Onlar qeyd edirlər ki, Ukrayna hakimiyyəti pauza dövründə müdafiə qabiliyyətini gücləndirmək və ordunu möhkəmləndirmək istəyir. Bunun üçün isə Ukraynaya ABŞ-ın strateji müttəfiqi statusunun lazım olduğu bildirilir. Ukrayna telekanalı "Espreso"nun efirində Ukraynanın Kanadadakı keçmiş səfiri İqor Ostaş qeyd edib ki, ABŞ-ın strateji müttəfiq statusu bu ilin sonuna kimi qəbul edilə bilər.
Bu arada Moskvada nəşr olunan nüfuzlu "Komsomolskaya Pravda" qəzeti Krımın Rusiyaya birləşdirilməsindən sonra bu bölgədə biznes şəbəkəsi olan ukraynalı məmurlar barədə məqalə dərc edib.
Məqalədə eks-prezidentdən tutmuş bir çox ukraynalı məmurlara qədər, Krımda biznes şəbəkəsi olan çoxsaylı oliqarxlardan danışılır.
Krımda mülklərini itirənlərin başında ukraynalı oliqarx İqor Kolomoyski gəlir. Oliqarxın Krımda yanacaqdoldurma məntəqələri, otelləri və bir neçə binası da daxil olmaqla, 111-ə yaxın obyekti var. Krım Rusiyaya birləşdirildikdən sonra bu obyektlərin bütün gəlirləri Donbas separatçılarının ixtiyarına verilib.
Eks-prezident Viktor Yanukoviçin Krımda hektarlarla torpağı var. O, burada 4 bağ evinə, Sevastopolda isə 11 çimərliyə (sahil boyu 649 metr uzunluğunda) sahibdir. Bundan əlavə, onun Qara dəniz sahillərində Çay evi adlanan iqamətgahı da var. Yanukoviç bu mülkləri qanuni olaraq oğluna bağışlayıb.
Ukraynanın məşhur milyarderi Rinat Axmedov da burada geniş biznes şəbəkəsinə sahibdir. O, Qara dəniz sahillərində 3,6 hektar torpağa malikdir. Rinat Axmedov Krımda rəssam Mixail Vrubleyin şərəfinə ucaldılan abidənin yerləşdiyi parkı da öz mülkünə qatıb və insanların bura girişinə qadağa qoyub.
Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri, oliqarx Viktor Medvedçukun Krımda 1,2 hektar torpaq sahəsi var. Lakin o, bu əraziləri qanun çərçivəsində rəsmiləşdirə bilməyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53