Bilik Fondunun siyasi maarifləndirmədə rolu
Bilik Fondunun siyasi maarifləndirmədə rolu

Prezidentin beyin mərkəzləri yaradılması istiqamətində tədbirlər davam edir


Bu gün insanların maarifləndirilməsi, siyasi mədəniyyət həddinin artırılması tək Azərbaycanı yox, dünyanın özünü düşündürən məsələlərdən biridir. Avropa, ABŞ kimi ölkələr bu problemi illər öncə həll etmək üçün müxtəlif beyin mərkəzləri yaratdılar, vətəndaş cəmiyyətlərinin formalaşmasına imkan tanıdılar. Azərbaycan da müstəqilliyinə nail olandan sonra bu istiqamətdə ciddi addımlar atmağa başladı.
İlkin mərhələdə bu problemi təhsilin keyfiyyətini qaldırmaqla həll etmək istəsələr də, ikinci mərhələdə prezident İlham Əliyev bir neçə istiqamətdə real addımlar atdı. Belə ki, vətəndaş cəmiyyətinin formalaşması, QHT-lərin daha inamlı fəaliyyəti üçün prezidentin sərancamı ilə Prezident Yanında QHT-lərə Yardım Fondu yaradıldı və 2-3 milyon manat civarında maliyyə ayrıldı. Və ayrılan maliyyənin böyük hissəsi siyasi maarifləndirməyə istiqamətləndirildi. Bu isə artıq siyasi maarifləndirmənin ən vacib yollarından biri idi. Bunun məntiqi davamı olaraq Prezident Yanında Strateji Mərkəz yaradıldı ki, bu da faktiki beyin mərkəzi funksiyasını öz üzərinə götürdü. Nəhayət ən effektli addım Elmlər Akademiyası ilə bağlı atıldı. Sovetlər dönəmindən qalmış sistem dağıdıldı və akademiya daxilindəki institutlarla bağlı ciddi islahatlara başlanıldı. Sovetlər zamanında rəsmiyyət xatirinə yaradılmış bu institutlar demək olar ki, elmi pripiska ilə məşğul idilər və faydalı iş əmsalları sıfır əhddində idi. Amma İlham Əliyevin sərancamından sonra bu institutlar özlüklərində beyin mərkəzlərinə çevrilə bildilər və dünyanın bir sıra aparıcı mərkəzləri ilə sıx əməkdaşlığa başlayıblar. Yeri gəlmişkən hazırda Elmlər Akademiyasında islahatların üçüncü mərhələsinə başlanılıb və bu mərhələdə peşəkarlaşma ən yüksək həddə çatdırılmaqdadır.Nəhayət ölkədə siyasi maarifləndirməni daha effektli etmək üçün prezident tərəfindən sonuncu mühüm bir addım da atıldı. Ölkədə Bilik Fondu yaradıldı. Bilik Fondunun fəaliyyətini şərh edən ekspertlər hesab edir ki, belə bir fondun yaradılmasının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsidir. Demək olar ki, bütün dünyada biliklərin ötürülməsi istiqamətində müxtəlif fondlar yaradılır. Azərbaycanda da belə bir fond yaradılıb. Bilik Fondu ölkədə elm və təhsilə dəstək məqsədi üçün yaradılıb. İndiki durumda belə bir fondun yaradılması təhsil və elm sahəsində geriliklərin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Bildiyimiz kimi, Azərbaycan universitetləri dünya universitetləri ilə rəqabət aparmaq gücündə deyil. Ölkəmiz elmi tədqiqatların aktivlik indeksinə görə də xeyli geridədir. Dünya təcrübəsinə istinadən söyləmək olar ki, bizdə yaradılmış bu fondun əsas məqsədi gənc nəslin dünya səviyyəsində təhsil almasına yardımçı olmaq, ölkədə yüksək səviyyəli elmi tədqiqatların aparılmasına dəstək durmaq və ən əsası gələcək nəsillərə investisiya qoyuluşunu təmin etmək olmalıdır. Bundan başqa, Bilik Fondu humanitar, sosial, iqtisadi, elmi- texniki sahələr üzrə elm və təhsilin qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması istiqamətində də işlər aparmalıdır. Bunu da qeyd edək ki, Dövlət Proqramı çərçivəsində 2000-dən çox Azərbaycan vətəndaşı dünyanın aparıcı universitetlərində təhsil alır. Onların qazandığı biliklərin və apardıqları elmi tədqiqatların koordinasiya olunması Bilik Fondunun əsas vəzifələri sırasına daxil olmalıdır. Həmçinin elektron kitabxanaların, açıq ensiklopediyaların, sosial şəbəkə icmalarının, elmi-populyar jurnalların təsis olunması istiqamətində ciddi işlər aparılmalıdır. Biliklərin yayılması və populyarlaşmasında bu işlərin böyük əhəmiyyəti ola bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi biliklərin inkişafı konsepsiyası işlənib hazırlanıb. Biz bu prosesdən kənarda qala bilmərik.
Ölkə başçısı tərəfindən yaradılmış Bilik Fondunun üzvləri tanınmış alimlər və ictimai xadimlərdir. Hesab edirəm ki, bu şəxslər ölkədə biliklərin inkişafı istiqamətində ciddi işlər görəcək".
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsinin başlanma tarixi və əhatə etdiyi coğrafi ərazi müəyyənləşib.
Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, qurumun müxtəlif rayonlar üzrə nümayəndələri Bilik Fondunda olublar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşlarının iştirakı ilə keçirilən müzakirələrdə "Qardaşlaşmış məktəblər" layihəsinin detalları yerli nümayəndələrə izah olunub, onlara müvafiq tapşırıqlar verilib.
"Qardaşlaşmış məktəblər" layihəsi sentyabrın 5-dən başlayaraq Bilik Gününə qədər 7 bölgənin müxtəlif şəhər və rayonlarındakı 20 orta məktəbdə həyata keçirilib. Bilik Günü bir sıra bölgə məktəblərində ilk dərsi ölkənin tanınmış elm adamları, ictimai xadimlər keçib. Layihə Azərbaycan ərazisindəki bütün rayonları əhatə edib.
Bakı məktəblilərini (190 saylı orta məktəb) Şəki, (145 saylı orta məktəb) Ağstafa, Sumqayıt məktəblilərini Quba, Mingəçevir məktəblilərini Horadiz, Biləsuvar məktəblilərini Gədəbəy, Oğuz məktəblilərini Beyləqan, BSU Məktəb-Lisey Kompleksinin şagirdlərini Tovuz, Astara məktəblilərini Ağdam, Gəncə məktəblilərini Neftçala, Şamaxı məktəblilərini Bərdə məktəbi qəbul edib. Proqrama məktəblərin qardaşlaşdığını göstərən rəsmi dostluq sazişinin imzalanması daxil edilmişdi. Sazişə görə, məktəblilər Bilik Fondunun dəstəyi ilə mütəmadi olaraq görüşlər, dəyirmi masalar, müxtəlif yarışmalar keçirəcək, qarşılıqlı səfərlər təşkil edəcəklər.
Bununla yanaşı Bilik Fondu müxtəlif istiqamətlərdə bir neçə layihəyə start verib. Bu layihələr içərisində "Dini abidələrdə tarixin izləri", "Ustad və şəyird", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda", "Docendo discimus", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizod", "Auditoriya +", "Yaradıcılıq fakültəsi" layihələrinə artıq başlanıb.
"Dini abidələrdə tarixin izləri" layihəsi çərçivəsində Bərdə İmamzadəsində ilkin araşdırmalar aparılıb, qəbirüstü yazılar oxunaraq tərcümə edilib. İkinci mərhələdə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, dinşünasların, bərpaçıların və xarici qonaqların iştirakı ilə Bərdə İmamzadəsində Dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
"Prezident yanında Bilik Fondu jurnalistlərin yetişməsinə dəstək verəcək".Bunu isə Fondun icraçı direktoru Oqtay Səmədov bildirib.Onun sözlərinə görə, orta təhsilin son pilləsində tələbə olmaq istəyənlər bir neçə fənn üzrə hazırlaşırlar. Buna görə də onlarda öz fikirlərini ifadə etmək cəhətdən problemlər yaranır:
"Biz bu istiqamətdə də işlər görə bilərik. Belə ki, gələcəkdə jurnalistika ixtisası üzrə hazırlaşan abituriyentləri bizdə keçiriləcək təlimlərə cəlb edə bilərik.
Fond olaraq biz də jurnalistlərlə təkcə xəbər ötürücüsü olaraq deyil, həm də onlarla əməkdaşlıq edən və eyni məqsədə qulluq edən bir qurum kimi fəaliyyət göstərmək istəyirik. Gələcəkdə yeni layihəyə başlamaq istəyirik ki, bu da "Yaradıcılıq fakültələri" adlı layihəmizdir. Jurnalistika üzrə təlimləri bu layihə çərçivəsində icra etmək niyyətindəyik".
O. Səmədovun sözlərinə görə, maddi-texniki baxımdan Fond orta məktəblərə dəstək olmaqda maraqlıdır. O qeyd edib ki, məktəblərə müxtəlif kitabxanalardan kitab gətirilməsi təşkil ediləcək.
"Bununla əlaqədar, biz Azərbaycanın rayonlarında sorğu keçirəcəyik və onların cavablarından biləcəyik ki, hansı məktəbin hansı kitablara ehtiyacı var". Beləliklə gördüyünüz kimi Bilik Fondunun əhatə dairəsi kifayət qədər böyükdür və rayonlarda insanların maarifləndirilməsi əsas məqsəd kimi göstərilir. Bu faktdır ki, hazırda bölgələrdə siyasi maarifləndirmə, insan hüquq və azadlıqlarının nədən ibarət olması haqqında bilgilər kifayət qədər zəifdir və bundan müəyyən qüvvələr istifadə etməyə çalışır. Bu isə özlüyündə istənilən an təhlükə yaradacaq bir haldır. Bilik Fondunun həm də beynəlxalq fondlarla sıx əməkdaşlığa getməsi çox normal haldır və bu Azərbaycana yeni bilik yanaşmalarının gətirilməsinə dəstək olacaq.