İlham Əliyevlə Əhməd Davudoğlundan Qarabağla bağlı sərt
11:10 20-09-2014
İQTİSADİYYAT
İlham Əliyevlə Əhməd Davudoğlundan Qarabağla bağlı sərt
"İki millət, bir dövlət" prinsipində Azərbaycanın rolu
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı.
Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
"Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən Türkiyənin baş nazirini son vəziyyətlə tanış etdim". Bunu Ə. Davudoğlu ilə görüşdən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı təəssüflə bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır: "Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Bu münaqişənin postsovet məkanındakı digər münaqişələrdən fərqi ondadır ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Ermənistan bu qətnamələrə məhəl qoymur, icra etmir. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və köçkün vəziyyətinə düşüb. Təəssüf ki, vasitəçilərin fəaliyyəti heç bir nəticəyə gətirib çıxarmır, Ermənistan tərəfdən beynəlxalq hüquq kobudcasına pozulur. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarları var. Münaqişə bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək".
Həmişə Azərbaycanın yanında olduğu üçün Türkiyə dövlətinə, hökumətinə minnətdarlığını ifadə edən prezidentin sözlərinə görə, Türkiyə həmişə ədalətli, beynəlxalq hüquq və prinsiplərə uyğun mövqe nümayiş etdirib: "Gələcəkdə beynəlxalq hüquq və normalar çərçivəsində münaqişənin həlli bölgəyə sülh, geniş miqyaslı əməkdaşlıq gətirəcək. Bu gün belə əməkdaşlıq var, ancaq Ermənistan öz işğalçı siyasətinə görə bu cür əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha gözəl imkanlar yaranacaq. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və çalışacağıq ki, münaqişə tezliklə öz həllini tapsın".
Dövlət başçısı bəyan edib ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq, müttəfiqlik əlaqələridir.
Dövlət başçısı bildirib ki, iki ölkə arasında siyasi əlaqələr gündən-günə inkişaf edir. O xatırladıb ki, bu ayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə olub, hazırda da Türkiyənin baş naziri Azərbaycanda rəsmi səfərdədir: "Mənim də prezident seçkilərindən sonra ilk rəsmi səfərim Türkiyə olub. Bu, əslində əlaqələrimizin səviyyəsini rəsmi şəkildə göstərir. Bu gün ölkələrimiz eyni zamanda iqtisadi sahədə uğurla əməkdaşlıq edir. Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, həm də bir-birini daha da gücləndirir. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin miqdarı 20 milyard dollara yaxındır. Eyni zamanda Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz Türkiyənin "Şahdəniz" qaz yatağındakı və TANAP-dakı payının artırılmasını böyük məmnuniyyət hissi ilə qəbul edirik. Çünki Türkiyə şirkətləri daha çox böyük paya malik olacaqlar. TANAP Türkiyə-Azərbaycan layihəsidir, cəmi 2 il əvvəl bu layihəyə start verilib. Bu gün artıq bu layihə reallaşır".
Prezident qeyd edib ki, enerji sahəsində əlaqələr nəinki iki ölkə üçün, bölgə və dünya üçün də böyük önəm daşıyır: "Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək. Sabah Cənub Qaz Dəhlizinin tikintisi başlayır. 20 sentyabr bizim üçün tarixi bir gündür, çünki 20 il əvvəl məhz sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanıb. 20 il sonra biz artıq 21-ci əsrin layihəsinə start veririk. Bu layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır".
Dövlət başçısı deyib ki, enerji sahəsində "Trans Anadolu", "Şahdəniz-2" və digər layihələrin uğurla icrası nəticəsində bölgədə yeni şərait yaranacaq: "Bu layihələr həm siyasi, həm də iqtisadi maraqlarımızı təmin edəcək. Bu layihələrdə iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək".
"Azərbaycanın şanlı bayrağının yüksəldiyini gördükcə qurur duyuruq. Azərbaycanın beynəlxalq aləmdəki uğurlarını da öz uğurumuz bilirik. İnşallah, oktyabr ayında Türkiyə BMT Təhlükəsizlik Şurasına namizədliyi qazanar və bir ay-ulduzlu bayraq digər ay ulduzlu bayraqla dəyişər".
Bunu isə Türkiyənin baş naziri Əhməd Davudoğlu söyləyib.
Ə.Davudoğlu deyib ki, Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməyə, bir-birini dəstəkləməyə davam edəcək: "Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinin hər birinə dəstək verməkdə davam edəcəyik. İnşallah, yaxın vaxtlarda daha böyük uğurlara imza atacağıq, başladığımız hər bir layihə yekunlaşacaq. Yekunlaşdırdığımız hər bir layihə də yeni layihələrin önünü açacaq".
Qarşıdakı illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq niyyətində olduqlarını qeyd edən Türkiyənin baş naziri bildirib ki, enerji, nəqliyyat və müdafiə sahəsində ortaqlıq inkişaf etdiriləcək: "Türkiyə və Azərbaycan üçün müdafiə sənayesi xüsusilə strateji sektordur. Bu sahədə də Türkiyə və Azərbaycan bir sıra ortaq layihələr həyata keçirməkdə qərarlıdır. Bu layihələrlə iki ölkənin indiyə kimi yazdığı uğur hekayəsi daha yüksək mərhələlərə çatacaq. Mən ikinci demirəm, birinci vətənimdə - Azərbaycanda olmaqdan qürur duyuram və Türkiyənin baş naziri olaraq hər zaman Azərbaycanın və azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bir daha ifadə etmək istəyirəm".
O bildirib ki, əvvəl xarici işlər naziri, indi isə baş nazir kimi Azərbaycanı öz vətəni bilir: "Dəyərli dostum prezident İlham Əliyevə dediyim kimi, həmişə Türkiyə üçün çalışdığımız qədər Azərbaycan üçün də çalışacağıq. Bizim olduğumuz yerdə Azərbaycan var, ilham Əliyevin olduğu yerdə də Türkiyə var. Birimizin olmadığı yerdə digərimizin onu necə müdafiə etdiyini bütün dünya bilir. Azərbaycan bizim üçün eşqdir, sevdadır, məhəbbətdir. Bu mənəvi bağı baş nazir kimi genişləndirmək, dərinləşdirmək mənim borcumdur. Türkiyə və Azərbaycanda gözəl bir adət var, ilk səfərlər qarşılıqlı olaraq həyata keçirilir. Bu gün bu borcu ödəmək də mənim üçün şərəfdir".
Türkiyənin baş naziri iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, son illər ərzində Orta Şərqə, Qafqaza, Balkanlara, hətta Avrasiyaya baxılsa, ən uğurlu layihələrə Azərbaycan və Türkiyə imza atıb: "Bu, çiyin-çiyinə hərəkət edən iki qardaşın uğur hekayəsidir. Bir çox yerlərdə qeyri-sabitlik, daxili çəkişmələr, ciddi iqtisadi böhran yaşandığı halda, son 10-12 il içərisində Azərbaycan və Türkiyə böyük irəliləyişə nail olub, iqtisadi cəhətdən çox böyük layihələrə imza atıb. Biz hər zaman bunu düşündük. Dəyərli dostum prezident İlham Əliyevlə görüşdə də qeyd etdik ki, əgər Türkiyə nailiyyət əldə edibsə, Azərbaycanın uğuru da artacaq və ya əksinə. Bizə maraqlı olan layihələrə baxdıqda, onlar tək Azərbaycan və Türkiyəyə deyil, bütün bölgə ölkələrinə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qafqazı Aralıq dənizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Qafqazı Anadoluya, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Mərmərə layihəsi həyata keçirildiyi halda isə Pekini Londona bağlayırıq. TANAP layihəsi və Cənubi Qaz dəhlizi ilə də Anadolu vasitəsilə Qafqazı Balkanlara bağlayacağıq. 1990-cı illərdə Qafqaz və Balkan gərgin, mənfi hadisələrlə anılıb. İndi Azərbaycanla Türkiyənin uğur hekayələri olaraq Qafqaz və Balkanları sülh bölgələri olaraq bir-birinə bağlayacağıq".
Ə. Davudoğlu Anadolu coğrafiyasının Xəzər dənizi ilə Adriatik dənizi arasında keçid coğrafiyası olacağını vurğulayıb: "Əgər Azərbaycanda bu qüdrət, xalqın gələcəyini düşünən liderlik olmasaydı, hər iki ölkənin qüdrəti olmasaydı, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlət" kəlməsi kağız üzərində qalardı. Amma indi sözün əsl mənasında qüdrətli Azərbaycanla qüdrətli Türkiyə ilə birləşəndə, bütünləşəndə, əl-ələ, çiyin-çiyinə olanda qazanan təkcə Türkiyə və Azərbaycan olmur. Bütün Qafqaz, Balkanlar, hətta Avropa və Asiya qazanır. Bu baxımdan bu layihə həqiqətən əsrin layihəsidir. Sabah bu layihəyə töhfə vermək, onun təməlatma mərasimində iştirak etmək, bundan sonrakı mərhələsinə qatılmaq qürur verir. İnşallah, prezident İlham Əliyevlə martın 17-18-də TANAP-ın Anadolu qolunun təməlatma mərasimində də birlikdə olacağıq. Beləliklə, birlik və sülh layihəsi gerçəkləşəcək. Biz bu gün axşam və sabah Yunanıstan, Monteneqro, Bolqarıstandan olan liderlərlə bir arada olacağıq. Qafqazla Balkanlar bir-birinə belə bağlanacaq".
Türkiyənin baş naziri Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü olduğunu da xatırladıb: "Mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdik. Qarabağ şəhidləri ilə 20 Yanvar şəhidlərinin məzarlarını Qafqaz şəhidlərinin məzarları ilə birlikdə gördük. Onlar müstəqil Azərbaycan uğrunda necə birlikdə, çiyin-çiyinə olublarsa, indi də biz sülhü gerçəkləşdirmək üçün bir aradayıq".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53