İŞİD-in Azərbaycanda yarada biləcəyi təhlükə
11:11 20-09-2014
İQTİSADİYYAT
İŞİD-in Azərbaycanda yarada biləcəyi təhlükə
Dini siyasətdə növbəti mərhələ
Son bir il ərzində Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin baş qaldırması cəmiyyəti və hakimiyyəti ciddi narahat etdi. Aydın oldu ki, Azərbaycanda radikal yönü ilə seçilən xavariclərin mövcudluğu ortaya çıxdı, hətta onların Sumqayıtda ciddi bazaya, silah-sursata sahib olduqları da aydınlaşdı. Həmçinin aydın oldu ki, Azərbaycan üçün ənənəvi olmayan vəhhabi təriqəti də kifayət qədər inkişaf edib və onların sıralarında 10 mindən çox şəxs var.
Nəhayət pik nöqtə Suriya olaylarında aşkarlandı. Aydın oldu ki, Azərbaycanda kimlərinsə təşkilatçılığı ilə yüzdən çox Azərbaycan vətəndaşı Suriyada savaşır və potensial terrorist kimi yetişirlər və çox keçmədi ki, məlum oldu ki, bunların bir qismi terror qruplaşması olan İŞİD-in sıralarına qatılıblar. Bu şəxslərin sabah Azərbaycana qayıdıb hansı faciələr törədəcəklərini isə təsəvvür etmək elə də çətin deyil. Bunu da qeyd edək ki, 2015-ci ildə Azərbaycanda birinci Avropa Olimpiada yarışları başlayacaq və İŞİD kimi təşkilatlar Azərbaycanı hər an hədəfə ala bilərlər.Necə ki, Bakıda "Eurovision" mahnı yarışması keçiriləndə bunun şahidi olduq. Amma bu dəfə məlum qruplar daha təşkilatlanmış şəkildə olacaqlar və sözsüz ki, Azərbaycana zərbə vurmaq istəyən Ermənistan kimi dövlətlərin də imkanlarından yararlanmağa çalışacaqlar. Ekspertlər hesab edir ki, indiki məqamda İŞİD ABŞ və Avropanın basqılarına daha geniş miqyasda cavab vermək üçün əhatə dairəsini genişləndirəcək və Azərbaycan bu baxımdan diqqət mərkəzinə düşəcək. Bir tərəfdən Qərbin enerji təhlükəsizliyini təmin edən ölkə olduğu üçün, digər tərəfdən isə olimpiada da Avropanın Azərbaycanda cəmləşməsinə görə. Bəs bunların qarşısını almaq üçün Azərbaycan hansı addımları atır və atacaq?
Qanunların sərtləşməsi və müəyyən qadağalar
Azərbaycanda xavariclərin gücü ortaya çıxandan və Suriyaya azərbaycanlıların döyüşə yollanması xəbəri məlumolan kimi ilk növbədə hüquq-mühafizə orqanları hərəkətə keçdi. Sumqayıtda, Bakıda xüsusi əhəmiyyətli əməliyyatlar keçirildi və müəyyən nailiyyətlər əldə edildi. O zaman aşkarlandı ki, qanunların sərtləşməsinə ehtiyac var və buna görə bir sıra qanunlarda o, cümlədən "Terrorçuluğa qarşı" qanunda dəyişiklik edildi ki, bununlada Suriyada və ya digər ölkədə döyüşən vətəndaşlar terrorçu kimi qəbul olundu. Məhz bundan sonra ölkəni tərk edənlərin sayı kifayət qədər azaldı. Həmçinin bu şəxslər Azərbaycana qayıdan kimi dərhal terrorçu kimi həbs olunacaqlar. Digər tərəfdən Azərbaycan cəmiyyətində bu qüvvələr qınaq obyektinə çevrildilər. Dünənə qədər bu təriqətlərə yeni təriqətlər kimi yanaşan şəxslər bunların nə qədər təhlükəli olduğunu anladılar. Tək bunu demək kifayətdir ki, bir il ərzində dövrü mətbuatda bu təriqətlərə dəstək verəcək bir yazıya belə rast gəlmədik.
Din xadimlərinin
hazırlıqsızlığı
Bu prosesdə aydın oldu ki, əksər din xadimləri, o cümlədən bölgələrdəki ənənəvi din təmsilçiləri hazırlıqsız və savadsızdırlar. Bunun qarşılığında isə qeyri-ənənəvi təriqət sahibləri hazırlıqlı, müasir texnologiyadan xəbərdar şəxslərdir. Belə olan halda insanları qeyri-ənənəvi təriqət sahibləri asanlıqla ələ ala bilirlər. Adi bir misal, bu gün sosial şəbəkələrdə ənənəvi təriqətlərə məxsus səhifələrin sayı 20-30 həddindədirsə, qeyri-ənənəvi təriqətlərə məxsus səhifələrin sayı mini keçib. Buna görə dini komitə yeni planlar üzərində çalışmağa başladı və din xadimlərinin maarifləndirilməsi prosesinə start verdi. Amma aydın oldu ki, bu gün meydanda olan qeyri-ənənəvi təriqətlər əslində daha çox siyasiləşmiş güclərdir və onların arxasında hansısa dövlətlər dayanır. Deməli komitənin iş forması və rəhbərliyi dəyişməlidir. Rəhbərlik bunları görərək mühüm addımlar atdı və bu addımlardan biri də millət vəkili, YAP sədrinin müavini Mübariz Qurbanlı komitə sədrliyinə gətirildi.
Yeni dini siyasi
yanaşma
Mübariz Qurbanlının təyinatından sonra ən xırda detallar belə nəzərə alınmağa başlanıldı. İlk növbədə məscidlərdə qeyri-ənənəvi təriqətlərin gücləri araşdırıldı. Bundan sonra xütbələrə nəzarət, vahid dini forma kimi məsələlər gündəmə gətirildi və həllini tapdı. Həmçinin bir reallıq var ki, Azərbaycanda təriqətlər arasında mehribanlığın olmasının başlıca səbəbi adət-ənənələrin, milli dəyərlərin də nəzərə alınması idi. Buna görə bu ənənələrin bərpası prosesi də başlandı və ehsan məclislərində hazırda nizam yaradılır. Düzdür bunlar hələ ki, taktiki gedişlərdir. Amma hesab etmək olar ki, ölkədəki dini təriqətlərin yenidən qeydiyyatdan keçməsi prosesi də başlayacaq. Çünki təkrar edirik kifayət qədər təriqətlər var ki, onlar daha çox siyasi mahiyyətlidirlər və onların fəaliyyətinə yasaq qoyulmalıdır. Bundan başqa ən ciddi problemlərdən biri də qeydiyyatı olmayan təriqətlərin sərbəst fəaliyyət göstərməsidir. Ekspertlər hesab edir ki, bu məsələyə xüsusi yanaşma olmalı və qanun sərtləşdirilməli, lisenziyasız fəaliyyət göstərən bu tip qurumlar cinayət məcəlləsi ilə cəzalandırılmalıdır.
Dini ədəbiyyat problemi
Bu arada məlum oldu ki, Mübariz Qurbanlı dini ədəbiyyatlara da nəzarəti artıracaq. Belə ki, Azərbaycanda dini ədəbiyyat və məmulatların satışı lisenziyalaşdırılmalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bununla bağlı müvafiq qurumlara konkret təkliflər göndərib.Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib.Dövlət Komitəsi sədrinin sözlərinə görə, dini ədəbiyyatın, xüsusilə, milli mentalitetimizə, xüsusiyyətlərimizə, inkişafımıza uyğun olmayaraq müəyyən qeyri-ənənəvi dini qrupların kitablarının burada yayılmasının qarşısını almaq üçün DQİDK-ya müəyyən səlahiyyətlər verilib. Bununla bağlı Komitədə xüsusi ekspertiza qrupu fəaliyyət göstərir və ölkəyə daxil olan, eləcə də ölkədə çap olunan dini kitablar ekspertizadan keçirilir, yoxlanılır.Lakin M.Qurbanlı hesab edir ki, Dövlət Komitəsinin dini kitabların satışı ilə də bağlı razılığı alınmalıdır: "Dini kitabların satışı üçün bizim razılığımız alınmalıdır. Burada sərt mərkəzləşmə getməlidir. Həm ölkəyə daxil olan və ölkədə nəşr olunan kitabların, həm də dini xarakterli məmulatların satışı ilə bağlı lisenziyalaşdırma aparılmalıdır. Bu sahədə mütləq müəyyən lisenziyalaşdırma sistemi tətbiq olunmalıdır".Bunu da qeyd edək ki, qanunsuz ədəbiyyatlar əsasən İrandan, Səüdiyyə Ərəbistandan gəlir, ya da onların xətti ilə Azərbaycanda hazırlanır. Bundan başqa xristian təriqətlərini də unutmaq olmaz. Bunların sırasında ən aktivləri isə "Yeqova şahidləri"dir. Bu təriqət sahibləri hətta dəfələrlə dini komitəni məhkəməyə verərək öz ədəbiyyatlarını azad şəkildə yaymağa da çalışıblar. Diqqəti cəlb etməyən bu təriqət bölgələrdə çox aktivdir və müəyyən qədər tərəfdar da toplaya biliblər. Bəs dini ədəbiyyatlara qadağalar hansı nəticə verəcək?
Qeyd edək ki, dini ədəbiyyatlara qadağa müəyyən qədər təsir göstərəcək. Belə ki, bu kitabların kütləvi satışı aradan qaldırılacaq. Bununla yanaşı incə bir məqam var ki, bunu da nəzərə almaq lazımdır. Söhbət kitab satışı zamanı, həm də səyyar təbliğatın aparılmasından gedir. Dəfələrlə şahidi olubsunuz ki, əllərində dini kitab satanlar kitab satışından daha çox qarşıdakına təriqət təbliğatı aparırlar. İlk növbədə səyyar təbliğat sıradan çıxarılacaq. Amma problemin başqa məqamları da var ki, bunu nəzərə almaq lazımdır. Söhbət artıq təbliğat resurslarının həddindən artıq genişlənməsi, internet şəbəkələrinin dini ədəbiyyatların yayılması üçün əsas mərkəzə çevrilməsidir. Bu günə qədər də bunun qarşısını almaq mümkün olmayıb. İstənilən qadağa olunmuş kitab sosial şəbəkələrə yayılır və burdan da rahat şəkildə götürmək olur. Bundan başqa, aparılan araşdırmalar sübut edir ki, qeyri-ənənəvi dini təriqətlər hətta oxuyub-yaza bilməyən şəxsləri sıralarına daha çox cəlb etməyə üstünlük verirlər və bunun üçün maraqlı üsullardan istifadə edirlər. Bir neçə ay öncə Suriyada öldürülən bir azərbaycanlının həyat yoldaşı açıqlama verərək demişdi ki, həyat yoldaşım yazmağı və oxumağı ümumiyyətlə bilmirdi. Amma ona maraqlı şəkildə təsir edə biliblər. Belə ki, həmin şəxsin telefonuna dinlə bağlı müxtəlif şəkillər yerləşdiriblər, sadə dildə öz təbliğatlarını quracaq danışıq yazılarını telefonuna göndəriblər və bu üsulla onu tam nəzarətə götürə biliblər. Bu isə sübut edir ki, əsas hədəf sadəcə olaraq qeyri-ənənəvi təriqətlərin fəaliyyətini tam nəzarətə götürmək lazımdır. Bununla bağlı bir müddət əvvəl Mübariz Qurbanlı açıqlama verərək demişdi ki, bu təriqətlər tam nəzarətə götürülməkdə, Suriyada vuruşan azərbaycanlılar haqqında lazımi məlumatlar toplanmaqdadır.
Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycanda din siyasətində növbəti mərhələyə start verilib və bu mərhələ kifayət qədər ağır olacaq. Çünki qeyri-ənənəvi təriqətlər özlərinə qarşı bir təhlükə hiss edən kimi aqressivləşirlər və burda da gizli bir məqsəd olur. Belə ki, aqressivlik nümayiş etdirməklə cəmiyyətdə bir xof yaradır və cəmiyyətin onlara qarşı səfərbər olmasının qarşısını alırlar. Məhz buna görə də aqressivliyi nümayişkarənə şəkildə həyata keçirir və öz birliklərini az qala gözə soxurlar. Amma son proseslərdə aydın oldu ki, hakimiyyətin düzgün yanaşması olanda cəmiyyət hakimiyyətin yanında dayana bilir və onların nümayiş etdirdiyi aqressiya mahiyyətini itirir.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53