Bəzi məmurların büdcəyə daha bir zərbəsi
Bəzi məmurların büdcəyə daha bir zərbəsi

Onların himayəsindəki işbazlar ölkəyə gətirilən heyvanların qiymətini süni şəkildə azaldır

Son vaxtlar Azərbaycan mal-qara idxalını artırıb. Bu faktı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov dilə gətirib.
Ekspert deyib ki, ölkəyə gətirilən mal-qaranın əsas hissəsi kəsim üçün nəzərdə tutulur: "Gürcüstandan idxal ciddi şəkildə artıb. Əvvəllər idxal olunan heyvanların qiyməti reallığa yaxın idisə, son zamanlar qiymətlər süni şəkildə azaldılır. Vergi və gömrükdən yayınmaq üçün belə edilir.
Gürcüstandan gətirilən bir baş diri iribuynuzlu heyvanın ortalama dəyəri 2011-ci ildə 308.89 dollar, 2012-ci ildə 49.58 dollar, 2013-cü ildə isə 29.91 dollar təşkil edib. 2013-cü ildə Gürcüstandan 3 273.4 min dollar məbləğində 109 435 baş heyvan gətirilib. Gürcüstandan Azərbaycana idxal olunan hər bir baş diri iribuynuzlu heyvanın orta dəyəri 29.91, Rusiyadan gətirilənin orta dəyəri 633.79, Ukraynadan gətirilənin orta dəyəri 751.66, digər ölkələrdən gətirilənin orta dəyəri 3173.44 dollar olub".
Ekspert əvvəlki illərin rəqəmlərinə də diqqət çəkib. O qeyd edib ki, 2012-ci ildə Azərbaycana idxal olunan hər bir baş diri iribuynuzlu heyvanın orta dəyəri ölkələr üzrə belə olub: Rusiyadan 725.20, Gürcüstandan 49.58, Almaniyadan 4394.71, digər ölkələrdən 2044.46 dollar. 2011-ci ilin göstəriciləri isə belədir: Rusiyadan 492.26, Gürcüstandan 308.89, Almaniyadan 4252.37 dollar.
KİV-də müxtəlif vaxtlarda yer alan iddialara əsasən qeyd etmək yerinə düşər ki, Azərbaycana kəsim məqsədilə ölkədən kənardan mal-qara gətirənlərin bir çoxu bəzi məmurların himayəsində bu işi həyata keçirirlər. Belədə isə düşünməyə əsas yaranır ki, idxal edilən mal-qaranın real qiymətinin azaldılması həm də müəyyən vəzifəli şəxslərin maraqlarına uyğundur.
Bunun əvəzində isə dövlət büdcəmiz kifayət qədər iri məbləğdə gəlirdən məhrum olur.
Hər halda səslənən iddialara əlaqədar qurumların münasibətini bilmək olardı. Onların deyilənlərə aydınlıq gətirməsi yaranan bir çox suallara doğru cavab tapmağa kömək edə bilər.
Sənan Mirzə