Prezidentə yalan məlumat verən nazirlər ifşa olundu
11:45 23-09-2014
İQTİSADİYYAT
Prezidentə yalan məlumat verən nazirlər ifşa olundu
Millət vəkili Qüdrət Həsənquliyevdən "Unikal"a şok müsahibə
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərlə bağlı "Unikal"a müsahibə verib.
- Qüdrət bəy, Amerika dövlət kimi formalaşmaq üçün vəhşi kapitalizmdən intellektual kapitalizmə keçid etdi. Nədən Azərbaycan hələ də vəhşi kapitalizmdən xilas ola bilmir?
- Deməzdim ki, Azərbaycanda vəhşi kapitalizm var. Amma bu da düzdür ki, problemlər çoxdur. Bu da onunla əlaqədardır ki, istənilən bir xalqın öz inkişaf səviyyəsi var. Yəni, prosesləri sürətləndirmək və ya zəiflətmək olar, amma xalqın inkişaf səviyyəsini birdən-birə qaldırmaq mümkün deyil.
- İcəzə verin, Sizinlə razılaşmayım. Prezident İlham Əliyevin qəbul elədiyi proqram və layihələrə baxanda belə təsəvvür yaranır ki, ölkə başçısı müasir texnologiyanın ən yüksək imkanlarından istifadə edərək fəaliyyət göstərir, ətrafdakı nazirlərin əksəriyyəti isə orta əsrlərdəki kimi məktubu yenə poçt qutusu ilə yola salırlar. Sizə elə gəlmirmi ki, ən böyük problem də elə budur?
- Mən elə düşünmürəm. Bu gün Azərbaycanda islahatlara ciddi ehtiyac var. Amma bunun həddən artıq çox sürətləndirmək neqativ nəticələr verəcək. Etiraf edək ki, bu gün Azərbaycanda səhiyyədə, təhsildə və siyasətdə problemlər mövcuddur. Bu problemləri həll etmək üçün prezidentin iradəsi və yaxşı komandası olmalıdır. Bu komandanın formalaşması üçün yalnız hakim partiyadan yox, müxalifət partiyalarının kadrlarından da istifadə olunmalıdır. Onu da qeyd edim ki, bizdə əksər vaxt nazirlər texnokratlar olublar. Ola bilsin ki, bu, hansısa mərhələdə özünü doğruldurdu, amma indi vəziyyət dəyişib. Yeri gəlmişkən deyim ki, texnokratlar adətən təşəbbüskarlıqdan uzaq olurlar. Bu səbəbdən də prezidentin özü bir sahəyə diqqət yetirməsə, texnokratlar addım atmır.
- Sizə elə gəlmir ki, bizim ən böyük yanlışımız onları texnokrat hesab etməyimizdir? Məsələn, baş nazirin keçmiş birinci müavini Abbas Abbasova texnokrat deyirdik, amma Moskvaya gedəndən sonra böyük siyasi gücə sahib olduğunu gördük…
- Bilirsiniz, bizdə nazirlər partiyalardan seçilmir. Belə bir fikir var ki, səhiyyə naziri mütləq həkim olmalıdır, təhsil naziri müəllim olmalıdır, müdafiə naziri isə hərbiçi olmalıdır. Amma bu təsəvvürlər tamamilə dağıdılmalıdır və bu postlara siyasi simalar gətirilərsə, bir çox məsələlərdə yeni təşəbbüslər ortaya çıxacaq. Amma hazırda 93-cü ildəki proseslər gedir. Həmin dövrdə partiya tam formalaşdığına görə əksər məmurlar kənardan gətirilmişdi. Bu şəxslər isə daha çox pulu və əlaqəli insanlar idi. Hazırda isə bu işlər təqdimat əsasında həyata keçirilir. Tutalım hansısa nazir kimisə təqdim edir, hətta təqdim olunan şəxsə özü nəzarət edəcəyini də bildirir. Bir sözlə, təqdimat YAP-dan gəlmir. Bu da xoşagəlməz tendensiyadır. İkinci ciddi tendensiya isə budur ki, prezidentin özünə belə ən sədaqətli insanlar siyasi hakimiyyətdən uzaqlaşdırıla bilinər. Tutaq ki, 3-4 nazir özlərini elə apardılar ki, guya bunların arasında ciddi problemlər var, bəlkə də bir-birinin yanında prezidentin əleyhinə də danışırlar. Əsl həqiqətdə isə bunlar bir qrupdadırlar və öz aralarında razılaşırlar. Görürlər ki, kimsə bacarıqlıdır, onun haqqında mənfi rəy yaradır, 3-4 mənbədən, hətta prezidentə sadiq adam haqqında mənfi rəy göndərməklə onu sıradan çıxarırlar. Azərbaycanda ən qorxulu tendensiya da məhz budur. Bu, həm də inkişafın qarşısını alır. Bir sözlə, süründürməçilik, bürokratiya, dövlət idarələrinin sanki bir-birinə inamsızlığı fəsadlar yaradır. Məsələn, orta məktəbi bitirəndə TQDK imtahan keçirir. Bundan bir neçə ay sonra qəbul imtahanları seçilir. Axı bir neçə ay bundan qabaq onun biliyini yoxlamışdınız, ikincisinə nə ehtiyac var idi? Deməli, hansısa maraq və mənafelər var. Götürək səhiyyəni. Səhiyyə ilə bağlı icbari sığorta haqqında qanun var, amma həyata keçirilmir. Çünki həkimlər qeyri-qanuni pul alırlar və o pulların bir hissəsi özlərindən yuxarı ötürülür. Ona görə də icbari tibbi sığorta icra olunmur. Mən keçən dəfə də demişdim ki, baş nazirin müavini Əli Əhmədov bu məsələnin üstünə çox gedir və onu da demişdim ki, buna görə Əli Əhmədovu şantaj etməyə çalışacaqlar. Şantajdan sonra isə çalışacaqlar ki, onu ələ alsınlar və bununla da məsələ ikinci plana keçsin. Buna görə də bizim problemlər çoxdur. Bu səbəbdən də həm struktur islahatları aparılmalıdır, həm də güclü yeniləşməyə getmək lazımdır.
Qeyd edim ki, artıq Yeni Azərbaycan Partiyası cəmiyyəti yeniləşdirə bilmir. Buna görə hesab edirəm ki, partiyanın özü yenilənməlidir ki, iqtidar partiyası kimi cəmiyyəti də yeniləşdirə bilsin.
- Təxmini götürsək, nazir korpusunun neçə faizi 5-ci kalonun və digər dövlətlərin nəzarətindədir?
- Bu barədə dəqiq fikir söyləmək olmaz. Amma ayrı-ayrı dövlətlərə bağlı nazirlərin olması ehtimalı var. Çox təəssüf ki, elə nazirlər var ki, onlar öz postlarının qarantiyası üçün hesab edirlər ki, başqa dövlətlərin dəstəyinə ehtiyac var, başqa dövlətlərin prezidentlərini himayəsinə sığınmalıdırlar. Hesab edirəm ki, bu cür hallara qarşı çox ciddi və effektli qərarlar qəbul olunmalıdır ki, heç kim özünə kənardan dəstək haqqında düşünməsin.
- Onda gəlin, növbəti absurd məsələyə toxunaq. Bu günlərdə parlamentdə bir külək əsdi və neçələrlə gülənci deputat ortaya çıxdı, Sizcə, bu anormal halın yaranma səbəbi nədir?
- Azərbaycan Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır. Buna görə də Azərbaycanda bir çox dövlətlərin maraqları var. Bu səbəbdən də çalışırlar ki, özlərinə yaxın deputatlar, siyasətçilər tapsınlar. Əslində bu, təbii bir prosesdir və bundan qaçmaq lazım deyil. Amma bu proses şəffaf həyata keçirilməlidir və qırmızı xətti heç kəs keçməməlidir. Cəmiyyət görəndə ki, bir siyasətçi öz dövlətini yox, başqa dövlətlərin lobbiçiliyini həyata keçirir sözsüz ki, həmin adam ifşa olunmalı və siyasi karyerasına son qoyulmalıdır. Onu deyim ki, Azərbaycanda dövlətçilik ənənələri və şüuru hələ tam formalaşmayıb. Buna görə də belə problemlər ortaya çıxır.
- Hazırda bir siyasi stabillik var, həmçinin, bəzi QHT sədrləri, o cümlədən Leyla Yunus həbsdədir. Məntiqlə yanaşsaq, stabilliyin arxa tərəfində bir vulkan püskürmək ərəfəsindədir. Bu vulkanın təhlükəsini hiss edirsinizmi?
- Qeyd edim ki, biz islam dünyasının tərkib hissəsiyik və diqqət yetirin ki, Şərq dünyasında müharibələr gedir. Bir-birini qıran kimlərdir, müsəlmanlar. Onlara milyonlarla dollarlıq silahı satan kimlərdir, xristianlar, yəni, dünyanı idarə edən böyük güclər. Birinci, bu məsələlər var. İkincisi, bu ölkələrdə niyə qan tökülür sualını verəndə görürük ki, həmin ölkələrdə vətəndaş cəmiyyətlərinin olmaması, siyasi mədəniyyətin aşağı olması, müxalifətin hakimiyyət ehtirası onlara imkan yaradır və ölkədəki bəzi xarici dövlətlərə işləyən QHT-lərdən istifadə edərək, bu qarşıdurmanı yaradırlar. Hökumət də bunu görür və buna görə də prosesi önləmək istəyir. Amma bu addımlar gətirib ona çıxartmamalıdır ki, ölkədə vətəndaş cəmiyyəti quruculuğu ziyan görsün, yaxud insanlar hədələnsin, sonra da həbs olunsun. Amma dövlət tərəzini bir gözünə qoyur ki, mən bu addımları atanda həmin QHT-lərə dəstək verən xarici qüvvələr baş qaldıracaqlar, Azərbaycanın üstünə gələcəklər, Ermənistan lobbisi bundan istifadə edəcək və Azərbaycan bundan çox ziyan görəcək. Hakimiyyət bu ziyanı tərəzini bir gözünə qoyur, tərəzini başqa gözünə Suriyada, Misirdə yaranan vəziyyəti qoyur. Belə olan halda hakimiyyət düşünür ki, eybi yox, qoy, üstümüzə gəlsinlər, amma ölkə qana bulaşmasın. Bütün bunldarı cəmləşdirərək demək istəyirəm ki, mütləq islahatlar olmalıdır. Bu islahatlar YAP-da aparılmalı, daha sonra isə idarəetmə sisteminə gətirilməlidir. Məsələn, indi kimsə dartışa bilər ki, Mübariz Qurbanlı hara, Dini Komitə hara, amma mən düşünürəm ki, bu, çox doğru addımdır. Çünki nazirlər, komitə sədrləri siyasi postdur, ora siyasilər gətirilməlidir. Ümumiyyətlə, hesab edirəm ki, hər parlament seçkilərindən sonra hakim Yeni Azərbaycan Partiyasından baş nazirliyə namizəd göstərilməlidir.
- Qarşıdan 2015 olimpia çempionatı gəlir. Sizcə, idmançılarla yanaşı, İŞİD-çilər də gələ bilərmi?
- Hələ ki, Azərbaycanın güc strukturları prosesləri nəzarətdə saxlaya bilir, amma mənim çox ciddi narahatlıqlarım var. Bu da onunla bağlıdır ki, görün, İŞİD-də nə qədər azərbaycanlı qoşulub, Suriyada nə qədər azərbaycanlı vuruşur. Mən millət vəkiliyəm, ölkədə ən yüksək maaş alan şəxslərdən biriyəm, amma mən deyim ki, sabah gedirəm İŞİD-ə qoşulmağa, heç gedib Suriyaya, İraqa çata bilmərəm. Çünki bunun üçün neçə dənə sərhəd keçmək lazımdır və bu yollara müxtəlif qruplar nəzarət edir. Amma bir də görürsən, Azərbaycanda bir ailə rahatca istədikləri yerə gedib çata bilirlər. Bu isə onu göstərir ki, ortada çox böyük bir sistem var. Yəni, bunları kimsə Azərbaycanda hazırlayır, yola salır. Başqa bir dövlətdə bunları qarşılayır və ünvana çatdırırlar. Çox asanlıqla həmin şəxslərə silah verilir və döyüşə yola salınır. Deməli, onlar artıq bilirlər ki, bu şəxslər gələcək. Bu vaxta qədər biz bunun qarşısını ala bilməmişiksə, deməli, bundlan sonra daha təhlükəli olacaq. Amma ümid edirəm ki, hüquq-mühafizə orqanları lazım olanda bunun qarşısını ala biləcəklər.
- Qarşıdan bələdiyyə seçkiləri gəlir, bütün rayonlardan namizəd verə biləcəksinizmi?
- Bütün rayonlardan namizəd vermək imkanımız olmayacaq, amma əksər rayonlardan namizədimiz olacaq. Onu da qeyd edim ki, cəmiyyətdə bələdiyyələrə maraq yoxdur. Bu da onunla bağlıdır ki, bələdiyyələrin statusu yoxdur, onlar icraedici strukturun tərkib hissəsidir. Buna görə mən dəfələrlə təklif etmişdim ki, bələdiyyələrə yerliidarəetmə statusu verilsin, Bakı, Gəncə kimi şəhərlərin bələdiyyələri yaradılsın. Hesab edirəm ki, Azərbaycanda siyasi islahat aparılmalı, partiyalar gücləndirilməli, parlamentdə fraksiyalar yaradılmalı və sağlam rəqabət olmalıdır.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53