Şok iddia: 49 girov İŞİD-i yaradanlardan birinin ailəsi ilə dəyişdirilib
Şok iddia: 49 girov İŞİD-i yaradanlardan birinin ailəsi ilə dəyişdirilib

ABŞ terror təşkilatının təkcə bir üzvünün başına 10 milyon dollar pul qoydu

Türkiyəli 49 girovun qarşılığında İŞİD-in önəmli nümayəndələrindən olan Hacı Bəkirin ailəsinin dəyişdirildiyi iddia edilir.
Hacı Bəkir İŞİD-in quruclarından biri hesab edilir.
Suriyada savaşan "Liva Əl-Tövid"in Türkiyə və İŞİD arasında vasitəçilik etdiyi və 49 girovun Türkiyəyə qaytarılması qarşılığında "Liva Əl-Tövhid"in Hacı Bəkirin ailəsini sərbəst buraxdığı vurğulanır.
Qeyd edək ki, Hacı Bəkirin adı "Vikileaks" sənədlərində də hallanır.
Xatırladaq ki, bir müddət əvvəl İŞİD-ə yaxınlığı ilə tanınan saytlar Hacı Bəkirin ailəsinin "Liva Əl-Tövhid" tərəfindən ələ keçirildiyini bildirmişdi.

49 girov qaytarıldı:
Türkiyə İŞİD-ə qarşı
koalisiyaya qoşulacaq?

Siyasi analitiklərə görə, Türkiyənin İŞİD-ə qarşı yaradılmış koalisiyada iştirak etməkdən imtina etməsinə səbəb təşkilatın girovluğunda olan 49 türk diplomatı ilə bağlı idi. Girovların geri qaytarılması ilə Türkiyə Qərbin gözləntilərinə müsbət cavab verəcək?
Məsələ ilə əlaqədar BBC-yə açıqlama verən ingilis politoloq Mark Lava görə, Türkiyə bundan sonra da həmin koalisiyada iştirak etməyəcək: "Türkiyə hələlik bu məsələdə istəksiz görünür. Çünki Suriya və İraqda baş verən proseslər Türkiyə sərhədlərində həssas vəziyyət yaradıb".
Rusiyalı analitik Fyodor Lukyanov isə hesab edir ki, Türkiyə xarici siyasətində müstəqil qərarlar verən güclü dövlətdir. Türkiyənin koalisiyaya qoşulma ehtimallarının olduğunu deyən Lukyanov qeyd edib ki, bu amil rəsmi Ankaranın ABŞ-ın təsiri altında olduğunu sübut etmir: "Əksinə Türkiyə rəhbərliyi xarici siyasətində müstəqil qərarlar qəbul edir. Amma bu ölkə NATO üzvüdür, bu faktı yaddan çıxarmaq lazım deyil. Regionda yaranmış bəzi anlaşılmazlıqlara görə, Türkiyənin yürütdüyü siyasət bəzən ABŞ-ın mövqeyi ilə üst-üstə düşür, bəzən də əksinə. Ankara İraqda qarşıdurmanın yaranmasını istəmir. Bununla Türkiyə ABŞ-ın yaratdığı koalisiyaya qoşularaq İŞİD-i məhv edə bilər".
ABŞ-ın regionda təsirlərinin getdikcə azaldığını deyən Fyodor Lukyanovun sözlərinə görə, 5-10 ildən sonra Türkiyə regionda yeganə söz sahibi dövlətə çevriləcək

Türkiyə MİT-i İŞİD-lə
niyə toqquşmadı?

İŞİD-in əsir götürdüyü 49 Türkiyə vətəndaşını 101 gündən sonra xilas edən xüsusi təyinatlılar niyə İŞİD ilə döyüşmədiklərini və baş verənləri danışıb.
Qeyd edək ki, Türkiyənin Mosul Konsolluğunu ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının əsir götürdüyü personal arasında konsolluğu qoruyan 31 xüsusi təyinatlı polis də var idi.
Qardaş ölkənin "Habertürk" qəzeti 101 gündən sonra İŞİD əsarətindən qurtulan xüsusi təyinatlılardan müsahibə alıb. 101 gün müddətində su və plov ilə qidalanan xüsusi təyinatlılar "konsulluğa basqın zamanı müqavimət göstərməmələrini binanın giriş qapılarında bomba yüklənmiş maşınların olması ilə izah ediblər.
102 gündən sonra o basqını və sonra baş verənlərdən danışan xüsusi təyinatlıların dediyinə görə şəhəri işğal edəndən sonra konsolluğu da ələ keçirən İŞİD yaraqlıları binanın ətrafını bomba yüklənmiş maşınlarla mühasirəyə alıb.
Yaraqlılar hər tələb üçün pul istəyirdi. Əsirlər bu müddət ərzində heç türk İŞİD-çilərlə rastlaşmayıblar. Türkmənlərlə isə qısa müddətlik ünsiyyət olub. İŞİD yaraqlıları ilə ərəbcə bilən bir xüsusi təyinatlı polisin sayəsində ünsiyyət qura biliblər.
Xüsusi təyinatlı polislər əsir düşdükdən etibarən namazlarını gecikdirməməyə çalışdıqlarını deyib. "Davamlı olaraq namaz qılmağımız onları təəccübləndirib. Bizi məhz bu vəziyyət xilas edib2 deyən polislər "bir çox həmkarımız namaza başlayıb. Quranı öyrənənlər oldu" deyə qeyd edib.

Siqnallarla və güllərlə
qarşılandılar

Türkiyəyə gətirilən xüsusi təyinatlı Yalçın Bakır Kırklareli şəhərinin girişində qarşılanıb. Polis idarəsinə aid bir avtomobildə və Türkiyə bayrağı dalğalandırılan polis maşınlarının müşayəti ilə evinə qədər aparılıb. Evinə çatan Bakır çox çətin günlər keçirdik deməklə kifayətlənib. Daha sonra geniş açıqlama verən xüsusi təyinatlı "bütün polis təşkilatı buradadır. Hamısından allah razı olsun. Deməyə söz yoxdur. Bu mənzərə mənim üçün kifayət edir. Gəldik, vətənimizdəyik. Heç vaxtı dövlətimizə güvənimiz sarsılmadı. Bu məsələ heç vaxtı şübhə duymadıq" deyə qeyd edib.

ABŞ hansı İŞİD-çini
yaxalayana 10 milyon mükafat verəcək?

ABŞ Cihadçı Con ləqəbli ingilis əsilli İŞİD üzvünün yaxalanmasına kömək edən şəxslərə 9.75 milyon dollar mükafat verəcək.
ABŞ Senatı, amerikalı jurnalistlər James Folelay və Steven Sotloffdan sonra şotlandiyalı humanitar yardım könüllüsü David Hainesin də başını kəsən İraq Şam İslam Dövlətinin (İŞİD) terror təşkilatının Cihadçı Con ləqəbli ingilis əsilli üzvünün yaxalanmasına kömək edən şəxs və ya şəxslərə 9.75 milyon dollar mükafat verəcək.
Conun yaxalanması üçün ABŞ və İngiltərə kəşfiyyatı bölgədə və İngiltərədə ciddi kəşfiyyat materialları toplayır.
ABŞ prezidenti Barak Obama İŞİD-in Suriyadakı qalası kimi tanınan Rakkada gizləndiyi ehtimal olunan Conun tapıldığı andaca öldürülmə təlimatını verib. Kəşfiyyat dairələrinin şəxsiyyətini müəyyənləşdirdiyi Conun təşkilata qatılmazdan əvvəl Londonda yaşadığı və ailəsinin də sorğulandığı deyilir.
Xatırladaq ki, İŞİD-in başını kəsəcəyi növbəti əsirlərdən olan milliyətcə ingilis, humanitar yardım könüllüsü Alan Henningin xanımı Barbara İŞİD yaraqlılarından həyat yoldaşının azad edilməyini istəyib. Barbara Hening ərinin Suriyada yaxalandığı vaxt mülki şəxslərə humanitar yardım aparmaqdan başqa bir məqsədinin olmadığını vurğulayıb.

İŞİD-dən betəri
gəlir - Horasan

Bu arada yayılan məlumata görə, İŞİD-dən daha betər, zorakı və qanlı terror təşkilatı gəlir - "Horasan".
ABŞ mətbuatı Suriyada fəaliyyət göstərən Əl-Qaidə törəməsi "Horasan" təşkilatı haqda yazıb. ABŞ mediasının iddiasına görə, "Horasan" qruplaşması İŞİD-dən daha təhlükəlidir.
"Nyu York Tayms" ("New York Times") qəzetinin xəbərinə görə, "Horasan" qruplaşması Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. "Bu terror təşilatı Amerika və xaricdəki nümayəndəliklərinə qarşı terror aktları təşkil edir. Bu təşkilatın üzvləri partlayıcı qurğulardan istifadənin tərəfdarıdır. Amerika xüsusi xidmət orqanları müəyyən edib ki, "Horasan"nın lideri Əl-Qaidə rəhbərlərindən olan Möhsün əl-Fədhlidir. Fədhli Üsamə bin Ladenin yaxın çevrəsinə daxil olan terrorçudur və 2001-ci ildə Nyu Yorkda təşkil edilən 11 sentyabr terraktı barədə xəbərdar olanlardandır.

Murad İbrahimli