MTN-in şoq İŞİD əməliyatı
10:36 24-09-2014
İQTİSADİYYAT
MTN-in şoq İŞİD əməliyatı
Terrorçuların 26 üzvi həbs edildi
Son bir il ərzində Azərbaycanda vəhhabilərin, o cümlədən xavariclərin həddindən artıq aktivləşməsi ciddi narahatçılıq yaratmaqdadır. Bununla yanaşı istər Suriyaya, istərsədə terror təşkilatı olan İŞİD-ə qoşulmaq üçün İraqa gedənlərin sayı artıb. Bununla bağlı ekspertlər hesab edir ki, həmən şəxslərin sabah geri qayıtması Azərbaycan üçün real təhlükə yaradacaq.
Çünki bu şəxslər potensial terrorçudurlar və başqa qüvvələr tərəfindən idarə olunur. Buna görə də axır zamanlar cəmiyyətdə onlara qarşı bir qınaq yaranıb və hüquq-mühafizə orqanları real addımlar atırlar. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirtdiyi son əməliyyatda buna misal ola bilər. Belə ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər şübhəli şəxs qismində tutulmuşlar. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.Müəyyən edilmişdir ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər.Belə ki, Firdovsi Yusifov Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçmiş və orada "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin "əmiri" təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərmişdir.Həmçinin müəyyən edilmişdir ki, Taleh Soltanov da Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçmiş və "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Seyfullah" adlı digər silahlı dəstədə 2013-cü ilin avqust ayınadək iştirak etmişdir. Taleh Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürmüş və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərmişdir. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəlmişlər. Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə orqanları tərəfindən yaxalanmış və 2014-cü il aprelin 24-də Azərbaycan Respublikasına təhvil verilmişlər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçirilmişlər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olmuş və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalmışlar.Bundan başqa Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmişdir. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərmişdir. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmişdir.Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2014-cü ilin may ayında Türkiyə Respublikasına, buradan isə "Əbu-Bəkr" ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriya Ərəb Respublikasına getmişdir. Elşən Qurbanlı Suriya, İraq və Azərbaycan respublikalarının qanunvericilikləri ilə nəzərdə tutulmayan "İraq-Şam İslam Dövləti" - "İŞİD" adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçmişdir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan "Xattab" ləqəbli "əmir"in rəhbərlik etdiyi "Azəri camaatı" adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olmuşdur. Bundan sonra Elşən Qurbanlı və digərləri "İŞİD" adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak etmişlər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olmuş, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriya ərazisinə qayıtmışdır.Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53