Qudurğan məmur övladlarına qarşı həbs təhlükəsi
10:37 24-09-2014
İQTİSADİYYAT
Qudurğan məmur övladlarına qarşı həbs təhlükəsi
Deputatın qardaşı oğluna ömürlük həbs cəzası verilməsi bir sıra məmurların kürkünə birə salıb
Məlum olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal"ın məlumatına görə, R.Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur. Dünənki məhkəmədə deputatln qardaşı oğluna hökm oxunub. Hökmə əsasən, R.Mirələmov ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib.
İstintaq zamanı Rəşad Mirələmovun "Makarov" markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Hüseynbala Mirələmov qardaşıoğlunun daha yüngül cəzalandırılması ilə bağlı müxtəlif cəhdlər edib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, həm prokurora, həm də məhkəmə oqranları ilə aparılan danışıqlar nəticə verməyib: "Hüseynbala Mirələmov əvvəlcə çalışırdı ki, qardaşıoğlunu həmin söhbətdən tamamilə çıxarsın, amma sonra məsələ böyüdü bu fikrindən daşındı. İş məhkəməyə gələndə çalışdı ki, qohumuna ömürlük iş verilməsin. Amma bu istiqamətdəki bütün cəhdləri boşa çıxdı. Amma məhkəmənin deputatın qardaşı oğluna ömürlük cəza verməsi cəmiyyətdə də şok effekti yaratdı".
Əslində, vəzifəli şəxsin övladı, qohum-əqrəbasına qaşı sərt addımların atılması Prezident İlham Əliyevin qudurğan məmur balaları ilə bağlı sərt açıqlamasından sonra gündəmə gəldi. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yüksək postlarda çalışan məmurların təkcə özləri deyil, övladları, yaxınları haqda yayılan məlumatlar daim ictimaiyyətin diqqət mərkəzindədir. Onlarla bağlı xəbərlər, qeyri-rəsmi söhbətlər, görüntülər daha çox diqqəti cəlb edərək, geniş müzakirələrə səbəb olur. Sirr deyil ki, ölkəmizdə məmur övladları əksərən cəmiyyət üçün nümunəvi olmurlar. Onların bəziləri valideynlərinin tutduğu vəzifəyə güvənərək, ciddi qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər. Mətbuatda bahalı maşınları, "avtoşluq"ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların "şıltaqlıqları" gözdən yayınmır. Qiyməti yüz minlərlə ölçülən maşınlarla Bakıda avtoxuliqanlıq edən məmur balalarının yol verdiyi nöqsanlardan gələn zərbə özlərindən daha çox valideynlərinə dəyir. Amma H.Mirələmovun qardaşı oğluna ömürlük cəzanın verilməsi bir sıra məmur və övladlarını qorxuya salıb.
Qeyd edək ki, xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan çox yazılıb. Belə ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı "Mercedes-Benz G-55"in sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il həbs cəzasına məhkum edildi.
Yəni, artıq ortada ciddi təhdid var. Çünki məmurların bir çoxunun övladlarının qanunsuz əməlləri hər kəsə bəllidir. Hətta bəziləri ilə bağlı rəsmi şikayətlər də var. Ona görə də həmin məmurlar ya övladlarına özləri "həyatı başa salmalıdırlar". Ya da qanun qarşısına çıxarılıb ən ağır şəkildə cəzalanaraq, qudurğanlığın bədəlini ödəməli olacaqlar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53