Yeni hərbi blok yaradılır
Yeni hərbi blok yaradılır

Rusiya və Ermənistan şokdadır
Son zamanlar Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq sürətlə inkişaf etməkdədir. İstər siyasi, istərsə də iqtisadi baxımdan əməkdaşlığı kifayət qədər dərinləşdirən üç ölkə artıq hərbi müstəvidə də əməkdaşlığa start veriblər.
Hələ bir neçə il öncə Türkiyə-Azərbaycan arasındakı hərbi əməkdaşlıq birgə təlimlərlə müşahidə olunurdusa, Gürcüstan ordusunun formalaşması işini Türkiyə bütünlüklə üzərinə götürmüşdü. Ekspertlər hesab edir ki, Türkiyə bu gün Azərbaycan və Gürcüstan ordusunun NATO standartlarına uyğunlaşdırılması missiyasını üzərinə götürüb və bu istiqamətdə əməli fəaliyyət göstərir. Elə bir neçə gün öncə Azərbaycan ordusu 30 min əsgərin iştirakı ilə hərbi təlimlər keçirirdi və bu təlimlərdə Türkiyə də aktiv iştirak edirdi. İndi isə daha maraqlı prosesə start verilib. Belə ki, Tiflis yaxınlığındakı Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə kompüter komanda-qərargah təlimləri keçirilir."Təlimlərin məqsədi boru kəmərlərinin mühafizəsində strateji tərəfdaşlıq üçün çoxmillətli briqadanın formalaşdırılmasıdır" - deyə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mənbə deyib ki, söhbət ilk növbədə Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərindən gedir.Çoxmillətli briqadanın formalaşdırılmasına dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin bu günlərdə Naxçıvanda keçirilmiş görüşündə əldə olunub. Nazirlər boru kəmərlərinin mühafizəsi üçün birgə səyləri, o cümlədən üç ölkənin hərbçilərindən təşkil olunmuş briqadanın formalaşdırılmasını müzakirə ediblər.
"Kompüter komanda-qərargah təlimlərinin məqsədi birləşmiş silahlı qüvvənin yaradılması istiqamətində birinci addımdır" - deyə Gürcüstanın "Arsenalı" hərbi- analitik mərkəzinin baş redaktoru İrakli Aladaşvili bildirib. İrakli Aladaşvili deyib ki, zərurət yaranarsa, çoxmillətli briqada neft kəmərini bilavasitə Gürcüstan ərazisində mühafizə edəcək. Ekspert xatırladıb ki, hələ 2011-ci ildə kəmərlərin birgə mühafizəsi ümün Krtsanisi təlim mərkəzində Gürcüstan, Azərbaycan və Ukrayna hərbçilərinin iştirakı ilə hərbi təlimlər keçirilib.Ekspertin qənaətinə görə, BTC-nin Gürcüstan ərazisindən keçən hissəsinin mühafizəsinə çoxmillətli briqadanın cəlb edilməsində təəccüblü heç nə yoxdur. Çünki 2008-ci ilin avqust müharibəsi zamanı boru kəməri Rusiya aviasiyasının hücumuna məruz qalmışdı."Ona görə də kəmərin mühafizəsi üçün üç ölkənin birgə briqada formalaşdırması məntiqlidir" - deyə ekspert bildirib.
Xatırladaq ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün ardınca və Bakıda yeni strateji boru kəmərinin - Cənub qaz dəhlizinin əsasını təşkil edəcək TANAP-ın təməlinin qoyulması ilə bir vaxtda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin irimiqyaslı birgə manevrləri təşkil olunmuşdu. Bu manevrlərin yekun hissəsində Türkiyənin hərbi hava qüvvələri, o cümlədən "F-16" təyyarələri qatıldı. Manevrlərdə Türkiyə və Azərbaycan hərbi qüvvələrinin birgə döyüş əməliyyatları keçirməsi sınaqdan çıxarıldı.
Belə görünür ki, bu manevrlər Ermənistanın Qarabağda mümkün müharibə zamanı Azərbaycan ərazisində strateji neft-qaz kəmərlərinin hədəfə alınacağına dair ayrı-ayrı vaxtlarda səsləndirdiyi hədələrə tutarlı cavabdır.Başqa sözlə, BTC və digər strateji əhəmiyyətli nəql kəmərlərinin sahibləri-Azərbaycan,Gürcüstan və Türkiyə həm birgə manevrlər, həm çoxmillətli hərbi birləşmənin formalaşdırılması ilə mesaj verir ki, bu kəmərləri hədəf almaq heç də sadə məsələ olmayacaq.Bunu da qeyd edək ki, hələ bir müddət öncə belə bir təşəbbüs səsləndirilmişdi ki, türkdilli dövlətlərin ümumi ordusu yaransın və istisna olaraq Gürcüstanda bura daxil olunsun. Qeyd edək ki, Türkiyənin bu tipli təşəbbüsünə isə ilk reaksiya Rusiya və Ermənistandan gəldi. Rusiya bilir ki, Türkiyə ilə region dövlətlərinin sıx hərbi əməkdaşlığı sonunda Rusiyanı çıxılmaz duruma salacaq. Ermənistan isə iqtisadi baxımdan təkləndiyi kimi hərbi müstəvidə də oyundankənar duruma düşməkdədir. Məhz bu faktorlara görə Rusiya Ermənistandakı hərbi bazasını genişləndirir ki, sabah Türkiyə təhlükəsi reallaşarsa əks addımlar atmaq üçün özündə güc tapa bilsin.
Əli