Xarici Dillər Universitetindəki yeyintilərlə bağlı yeni gəlişmə
16:19 26-09-2014
İQTİSADİYYAT
Xarici Dillər Universitetindəki yeyintilərlə bağlı yeni gəlişmə
Gələn ay Səməd Seyidovun rəhbəri olduğu universitetində aşkarlanan korrupsiya hallarına məhkəmədə baxılmağa başlanılacaq
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində millət vəkili Səməd Seyidovun rektoru olduğu Azərbaycan Dillər Universitetində aşkarlanmış maliyyə pozuntuları ilə bağlı açılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışının vaxtı elan edilib. Məhkəmə baxışı oktyabrın 9-na təyin olunub.
Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının 2012-ci il sentyabrın 19-da yaydığı məlumatda bildirilir ki, Palatanın son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.
Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.
Həmin il sentyabrın 24-də Azərbaycan Respublikası Baş Prokurorluğu da bununla bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Dillər Universitetinin 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.
Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor E. Həmidzadə və universitetin daha 4 əməkdaşı təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Mənimsənilən vəsait ödənildiyi üçün təqsirləndirilən şəxslər barəsində həbs qərarı çıxarılmayıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
KİV-in iddialarına görə, məhkəmə zamanı Dillər Universitetinin rektoru Səməd Seyidov çətin vəziyyətlə qarşılaşa bilər. Belə ki, adıçəkilən ali məktəbdəki korrupsiya faktlarına görə "qurbanlıq" seçilənlərin naməlum məqamlara, başqa korrupsiya faktlarına işıq salmaq ehtimalı istisna edilmir.
Bu isə universitet rəhbərliyi üçün qətiyyən arzuolunan deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53