Bəzi məmurlara ünvanlanan ilginc sual
Bəzi məmurlara ünvanlanan ilginc sual

Bir çox məktəblərdən qəhrəman vətən övladlarının adları niyə götürülür?

Bakının bir çox məktəbinin adı son illərdə dəyişdirilib. Belə ki, aparılan islahatlar nəticəsində tədris müəssisələri lisey, gimnaziya, kollec adlandırılır. Məsələn, Bakının 160 saylı məktəbi indi "klassik gimnaziya", 41 saylı məktəb "elitar gimnaziya" və s. adlanır (anspress).

Bu dəyişikliklərin tədris prosesinin yaxşılaşmasına, uşaqların mənimsədiyi biliyin keyfiyyətinə nə dərəcədə təsir etməsini demək çətindir. Bəlkə də bu, tədris ocağının imicinin artması üçün edilir. Məncə, məktəblərdə bu islahatları onların statusunu dəyişmədən aparmaq olardı. Vacib olan işin forması yox, onun mündəricatındadır.
Bəzi hallarda məktəbdə aparılan islahatlar onun daşıdığı adın yoxa çıxmasına səbəb olur. Adətən həmin məktəblər vaxtilə oranı bitirən, sonradan həyatı bahasına qəhrəmanlıq göstərən, yaxud ölkə üçün əldə etdiyi uğurlara görə və onu əməlləri ilə tanıtdıran şəxslərin adı ilə bağlıdır. Nəticədə həyatı həmyerliləri üçün nümunə olan insanın adı yaddaşdan itir. Uzun zaman məktəblilərə, uşaqlarımıza tərbiyə verərək nümunə kimi gətirdiyimiz insanlar xatirələrdən silinir.
Bakının 134 saylı məktəbinin şagirdi olan Tofiq Hüseynovun Abşeron çimərliklərinin birində dənizdə batan qızları xilas etməsindən 55 ildən çox vaxt keçib. O, şücaət göstərərək 3 qızın həyatın qurtarıb, 4-cünün köməyinə gəldikdə özü həlak olub. Vaxtilə bu qəhrəmanlıq ölkə ictimaiyyətinin diqqətindən yayınmadı. Bakının 134 saylı məktəbinə Tofiq Hüseynovun adı verildi. Onuncu sinif şagirdi olan sadə oğlan bu və digər məktəblərdə uşaqların çoxuna nümunə göstərildi. Həmin məktəbdə təhsil alan uşaqlar T.Hüseynovun adını daşıyan məktəbdə oxumalarından qürur hissi keçirirdilər.
Bu gün Tofiq Hüseynov adını daşıyan məktəb yoxdur. Onun xatirə lövhəsi son təmir işlərindən sonra oxuduğu məktəbin üzərindən götürülüb.
Rejissor Eldar Quliyev 1972-ci ildə "Var olun qızlar" adında film çəkmişdi. Bu filmin süjetinin əsasını 1958-ci ildə Abşeron çimərliklərinin birində baş verən real hadisələr təşkil edir, yəni Bakı məktəblisi Tofiq Hüseynovun uşaqları xilas edərək həlak olması. Ən maraqlısı odur ki, E.Quliyev elə bil bu hadisənin unudulma ehtimalını duyaraq bu ekran əsərini ərsəyə gətirib.
E.Quliyevin çəkdiyi filmdə göstərilir ki, dənizdə xilas olan qızların xilaskarı heç yadlarına gəlmir: mən batanda? Yox yadımda deyil? Bəlkə lap uşaq vaxtı? Hə, anamdan soruş, o, heç vaxt heç nəyi unutmur. Hər şey yadındadır, qızılca çıxarmağım da, boğazımın ağrıması da.." Xilas olan qızlardan digəri qəhramanından məlumat toplamaq istəyən aktyora, - "Başa düşün, axı, mən sizə nə kömək edə bilərəm? Mən hər şeyi unudmuşam", - sözləri ilə cavab verir.
Bəs, uşaqların verdiyi "məktəb nə səbəbdən T.Huseynovun adını daha daşımır" sadə sualına nə cavab verə bilərik. Xususilə bu məktəbdə oxumuş, orta və ahıl yaşına çataraq övlad və nəvələrinə bu qəhrəman yeniyetmə nümunəsində tərbiyə verənlərə nə cavab vermək lazımdır. Gələn dəfə onlara layiq olan insanları nümünə gətirəndə, görəsən, onlar bizə inanacaqlarmı?!
"Var olun, qızlar" filminin son hissəsində xilas olmuş bacılar böyük aktyora olduqca mənalı sözlər deyirlər: "Məncə, rolun yaxşı alınması üçün, özünüz üçün yalnız bir şeyi aydınlaşdırın. Heç nə öyrənməməlisiniz? Siz qəhrəmanınız kimi hərəkət edə bilərdiniz? O oğlan kimi? Elə deyil..?"
İndi həmin sualı məktəbi 1958-ci ildən daşıdığı addan məhrum edən məmurlara vermək istərdim. Məsələ ilə bağlı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara xanım Xanlarova ilə telefonla əlaqə saxladıq. O, vaxtı ilə 132 saylı məktəbin H.Cavidin, 134 saylı məktəbin isə T.Huseynovun adın daşıdığını dedi: "Çətinlik ondan ibarət idi ki, Təhsil Kompleksinə o insanlardan birinin adını vermək digərinə qarşı hörmətsizlik olar. Halbuki, hər iksinin xatirəsi ürəyimizə əzizdir. Hazırda Təhsil Kompleksində onların hər birinə həsr olunacaq xatirə muzeyinin açılışı üçün tədbir görülür. İşlər bir ayadək sona çatacaq."
Təbii, bu, təqdirəlayiq haldır. Amma yaranmış vəziyyətdə insanın ağlına belə ideya gəlir ki, bu işi məktəbin təmiri zamanı etmək olardı. Yəni, uşaqlar dərsə gəldiyi ilk gündən çöhrətli, qəhrəman insanları xatırlayar, yaddaşlarına həkk edərdilər.
Bu yaxınlarda 189 və 190 saylı orta məktəblərin birləşməsi haqqında qərar qabul olunub. Necə adlandırılacağı barədə dəqiq məlumat yoxdur. İndiyədək 189 saylı məktəb Milli Qəhrəman Eldar Məmmədovun, 190 saylı məktəb vəzifə borcunu yerinə yetirən zaman həlak olan jurnalist Osman Mirzəyevin adını daşıyır. İndi bu barədə fikirləşib elə qərar verilməlidir ki, onların adları unudulmasın.
Aliyə