Ukrayna və Rusiya arasında "kütləvi məzarlıq müharibəsi" başladı
16:23 26-09-2014
İQTİSADİYYAT
Ukrayna və Rusiya arasında "kütləvi məzarlıq müharibəsi" başladı
Poroşenko Putini qəzəbləndirəcək addım atmağa hazırlaşır
Sentyabrın 5-də Ukraynanın şərqində vəziyyətin sabitləşməsindən bu yana daha bir məsələ tərəflər üçün ittiham alətinə çevrilib. Donbas hövzəsində bir-birinin ardında kütləvi məzarlıqlar aşkarlanır.
RİA xəbər agentliyinin verdiyi məlumata görə, növbəti iddia "Donetsk Xalq Respublikası"nın "baş naziri" Aleksandr Zaxarçenkodan gəlib. "Baş nazir" Donetsk şəhəri yaxınlığında üç kütləvi məzarlığın aşkarlandığını bildirib.
"Hələ ki kütləvi məzarlıqları tapırıq. Tapılan son üç məzarlıqdan birində dinc sakinlər basdırılıb. Onların sayı təxminən 40 nəfərdir. Digər iki məzarlıqda isə özünümüdafiə qüvvələrinin silahlıları basdırılıb", - deyə o, qeyd edib.
A.Zaxarçenkonun sözlərinə görə, aşkarlanan cəsədlərin bəzilərində daxili orqanlar yoxdur. "Baş nazir" bildirib ki, ekspertizanın son nəticələri açıqlanmadan əvvəl önların ölüm səbəbi, eyni zamanda daxil orqanların onların sağ ikən, yaxud da öləndən sonra götürüldüyü barədə iddia irəli sürmək çətindir.
Kiyev isə separatçıların bu iddialarını inkar edir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenkonun kütləvi məzarlıqların tapıldığı ərazidə Milli Qvardiya və Ukrayna ordusunun heç bir hərbçisinin olmadığını deyib.
Bundan əvvəl isə Donetsk vilayətinin Nijnya Krınka qəsəbəsində kütləvi məzarlıq tapılıb. Məzarlıqda basdırılan bir lövhəyə "Putinin yalanına görə həlak oldu" yazılıb. Lövhənin kimin tərəfindən basdırıldığı bilinmir.
İki gün əvvəl isə Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov Donetsk şəhəri ətrafında kütləvi məzarlığın aşkarlandığını bildirib. O, kütləvi məzarlıq araşdırılması üçün beynəlxalq qrup tələb edib. O, həmçinin qeyd edib ki, beynəlxalq tədqiqat qrupunun obyektiv fəaliyyət göstərməsi üçün onun tərkibinə beynəlxalq hüquq müdafiəçiləri və jurnalistlər daxil edilməlidir. M.Fedetov digər kütləvi məzarlıqların da aşkar edilməsini istisna etməyib. "Kütləvi qətllər müasir müharibənin reallıqlarıdır. Belə cinayətlər keçmiş Yuqoslaviyanın ərazisində də olurdu", - deyə o, vurğulayıb.
Poroşenkodan
antirusiya qərarı
Bu arada məlum olub ki, Ukrayna Rusiyanı qəzəbləndirəcək növbəti addım atmağa hazırlaşır. Prezident Pyotr Poroşenko Nazirlər Kabinetinə Ukraynanın neytral statusundan imtinası barədə qanun layihəsini hazırlamağı tapşırıb.
Ukrayna prezidenti həmçinin ölkəsinin 2020-ci ilə qədər Avropa Birliyinə üzv olmaq üçün müraciət edəcəyini bildirib. "Mən dörd saat sonra öz yeni proqramımla bütün Ukrayna qarşısında çıxış edəcəm. Bu proqram 2020-ci ilə qədər həyata keçiriləcək 60-a qədər islahatı nəzərdə tutur. Biz həmçinin 2020-ci ilə qədər Avropa İttifaqının üzvlüyünün əldə edilməsi üçün müraciət etməyə hazırlaşırıq", - deyə P.Poroşenko söyləyib.
Qeyd edək ki, Ukraynanın neytral statusunun saxlanılması Moskva üçün ən vacib məsələlədəndir. Hələ aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı Böyük Britaniyanın "The Guardian" qəzetində dərc etdirdiyi yazısında böhranın həlli yollarını göstərmiş və Ukraynanın status məsələsinin də Moskva üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdi. "Birinci addım qanuni hüquqların və Ukraynanın bütün regionlarının maraqlarını təmin edən real konstitusiya islahatının keçirilməsi. Hesab edirik ki, yeni konstitusiya Ukraynanın cənub-şərq regionlarının çoxsaylı çağırışlarına cavab verməlidir. Məsələn, rus dilinin ikinci dövlət dili elan edilməsi.
İkinci addım Ukraynanın neytral statusuna Ukrayna qanunvericiliyində möhkəm zəmanət verilməsidir. Üçüncü addım isə "Sağ sektor" və digər milliyətci qruplaşmaların fəaliyyətinin dayandırılması üçün təcili tədbirlərin həyata keçirilməsidir", - deyə Rusiya xarici siyasət idarəsinin başçısı yazmışdı.
O, bu addımların atılmayacağı təqdirdə, Ukrayna böhranının gözlənilməz nəticələrinin olacağı barədə Qərbi xəbərdarlıq etmişdi. Və Ukraynanın şərqindəki bugünkü vəziyyət Moskvanın xəbərdarlığının heç də əsassız olmadığını göstərmiş oldu.
Moskvadan ironiyalı
cavab:
"Poroşenkonun prezident
olduğunu unudub"
Moskva və Kiyev arasındakı "müharibə" BMT Baş Assambleyasında da davam edib.
Belə ki, RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Ukrayna baş naziri Arseniy Yasenyukun BMT tribunasından etdiyi çıxış tənqid edib. "Yasenyuk çox ehtimal ki, Pyotr Poroşenkonun Ukrayna prezidenti olduğunu unudub. Hansı ki, son vaxtlar onun prezidenti ilə Rusiya prezident Putin arasında intensiv dialoq aparılır", - deyə Çurkin vurğulayıb.
Xatırladaq ki, Ukrayna baş naziri A.Yasenyuk BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı Rusiyanın Ukrayna siyasətini tənqid edib. O, çıxışını Rusiya dövlət başçısına birbaşa müraciətlə tamamlayıb: "Cənab Putin, sizin qoşunlarınız müharibəni uda bilər, amma siz heç vaxt xalqa, vahid Ukrayna millətinə qalib gəlməyəcəksiniz".
ABŞ analitiki:
"Rusiyanın süqutu
armagedon yaradacaq"
"Rusiya və Qərbin Ukraynanı qazanmaq uğrunda apardığı mübarizə bu böhranı yaratdı və Ukrayna da burada uduzdu". Bu sözləri ABŞ-ın Geostrateji Proqnozlaşdırma Korporasiyasının Rusiya və Şərqi Avropa məsələləri üzrə analitiki Qordon Hahn söyləyib.
O, Rusiyaya qarşı sanksiyalardan hər kəsin itirəcəyini bildirib: "Nə Rusiya, nə də başqa biri hələ Ukraynada qələbə qazanıb. Qərb, Rusiya və xüsusilə Ukrayna böhran davam edəcəyi təqdirdə daha çox şey itirəcəklər. Sanksiyalardan heç kim xeyir götürməyəcək. Ukrayna ərazisini və övladlarını itirib. Əsas problem isə yenidən qələbə qazanmağa çalışmaqla böhranın başa çatmayacağıdır. Daha dəqiq desək, Rusiya və Qərbin Ukraynanı qazanmaq uğrunda apardığı mübarizə bu böhranı yaratdı və Ukrayna da burada uduzdu".
Ekspert dünyanın Rusiyanın çöküşünə hazır olmadığını deyib: "Mən inanmıram ki, Rusiya yaxın gələcəkdə məhv olacaq. Əgər Rusiya süqut etsə, dünya çox dəhşətli formada uduzacaq. Çünki ölkə nüvə, radiaktiv, kimyəvi və bioloji silahlarla doludur. Dünya SSRİ-nin süqutu zaman potensial armagedon bəlasından xilas olmağı bacarmışdı. Daha bir potensial armagedon hələ dünyaya gərək deyil. Belə riski dünya üzərinə götürə bilməz. Bu, xüsusilə cihadizmin mahiyyəti ilə daha çox üst-üstə düşür".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53