Müsavat başqanlığına iddialılar arasında "son döyüş"
16:25 26-09-2014
CƏMİYYƏT
Müsavat başqanlığına iddialılar arasında "son döyüş"
Arif Hacılının Qubad İbadoğlunu dəstəkləyən adamların
qurultayda səsvermədə iştirakını məhdudlaşdırmaq planı var
Müsavat Partiyasının qurultayına iki gün qalıb. Qurultay öncəsi vəziyyətə nəzər yetirəndə gərgin bir qurultay keçəcəyi şübhəsizdir.
Xüsusən də Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və tərəfdarlarının istəklərinə nail olmayacaqları təqdirdə gərginlik yaradacaqları mümkündür. Hazırkı vəziyyəti nəzərdən keçirəndə demək olar, qurultaya saylı günlər qaldıqca partiya başqanı olmaq istəyənlər də, öz güclərini nümayiş etdirmək istəklərini nümayiş etdirir.
Məlum olduğu kimi, bir neçə gün öncə 36 nəfər Müsavat funksioneri müraciət yayaraq Qubad İbadoğlunun namizədliyini dəstəklədiyini elan edib, müsavatçıları bu şəxsə səs verməyə dəvət ediblər. Bu faktiki olaraq qurultaya 3 gün qalmış Qubad İbadoğlunun Hacılıya qarşı demarşı hesab olunur. Ancaq Arif Hacılının tərəfdarlarının qarşı tərəfə cavabı özünü çox gözlətməyib. Dünən günorta saatlarında Arif Hacılının Seçki Qərargahı Müsavat Partiyasının VIII qurultayında keçiriləcək başqan seçkilərində Arif Hacılını dəstəklədiyini açıq şəkildə bəyan edən partiya yetkililərinin və funksionerlərinin siyahısını açıqlayıb. Seçki Qərargahı vurğulayıb ki, siyahıda adları qeyd edilənlərin əksəriyyəti qurultay nümayəndəsidir və mövqelərini açıqlayacaq digər partiya yetkililərinin adları da bu siyahıya əlavə olunacaq. Məlumat üçün qeyd edək ki, Arif Hacılını dəstəkləyən şəxslərin ümumi siyahısı 122 nəfərdən ibarətdir. Onların 24 nəfəri hazırda Avropada yaşayan müsavatçılardır. Yerdə qalanları isə əsasən partiya üzvləri, rayon təşkilatının sədrləri, sədr müavinləri, Məclis və Divan üzvləridir. Bununla da Arif Hacılının seçki qərargahı Qubad İbadoğlunun demarşına cavab verdiklərini ifadə ediblər. Bu arada o da qeyd olunur ki, Qubad İbadoğlunu dəstəkləyən şəxslərin böyük əksəriyyəti Müsavat Partiyasının VIII qurultayının üzvləri deyillər, bir çoxları artıq neçə illərdir ki, partiyanın fəaliyyətində aktiv iştirak etmirlər. Bundan başqa, qeyri rəsmi məlumatlara görə, artıq partiyada fraksiya şəkilində fəaliyyət göstərən Rəsulzadə-Elçibəy fraksiyası da Hacılını dəstəkləyəcək. Artıq bu məsələ öz həllini tapmış hesab olunur. Qeyd edək ki, Arif Hacılıya dəstək verənlər arasında Gülağa Aslanlı, Səxavət Soltan, Mustafa Hacıbəyli, İkram İsrafil, Elman Fəttah, Osman Kazımov, Sevinc Hüseynova, yeganə istiqlalçı xanım deputat Məryəm Həsənova, Ayla Yaqublu, Könül Şamilqızı, professor Rafiq İsmayıl və digər şəxslər var.
Əslində, Müsavat başqanlığına iddialılar arasında başlanan bu savaş aysberqin görünən tərəfidir. Yəni, ən ciddi rəqabət gizli aparılır. "Unikal"ın əldə etdiyi məlumata görə, namizədlər arasında həddindən artıq kəskin mübarizə başlayıb ki, bir-birinə qarşı istənilən variantdan istifadə edə bilərlər. Hətta Arif Hacılının Qubad İbadoğluna qarşı sabotaj planı da var. Belə ki, səsvermədə Qubad İbadoğluna səs verəcək qurultay nümayəndələrinə qarşı təxribat hazırlanıb. Yəni, onlar təxribata çəkiləcəklər ki, nizamnamənin qaydalarını pozsunlar və bununla da qurultayda səsvermə hüququndan məhrum olsunlar.
Hər halda, qurultay günü bütün bunların şahidi olacağıq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00