Əli Bayramov rəqiblərinə açıq meydan oxudu
Əli Bayramov rəqiblərinə açıq meydan oxudu

Həbs ediləcəyi deyilən keçmiş "Aqrolizinq" şefi yeni qurum yaratmağa başladı

Bu il mayın 21-də öz istefa ərizəsi ilə vəzifəsindən azad olunan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərəcək konsultasiya mərkəzi yaradır. publika.az-ın əldə etdiyi məlumata görə, artıq sözügedən mərkəzin yaradılması ilə bağlı danışıqlara da başlanılıb.
Sözügedən mərkəzdə fermerlərə məsləhətlər veriləcək. Bundan əlavə, həmin mərkəzə ən müasir kənd təsərrüfatı avadanlıqlarının və texnikalarının da cəlb edilməsi nəzərdə tutulub.
Sözügedən məsələ ilə bağlı saytın əməkdaşı Ə.Bayramovun özü ilə əlaqə saxlayıb. "Aqrolizinq" ASC-nin sabiq sədri haqqında danışılan məlumatı təsdiqləyib.
O bildirib ki, belə bir mərkəzin yaradılması planda var: "Azərbaycanda belə bir mərkəzin yaradılmasına ehtiyac var. Bu gün elmi-texniki tərəqqi dövründə o qədər avadanlıqlar yaradılıb ki, onların qavranması üçün bir sıra işlərin görülməsi lazımdır. O avadanlıqların da bura gətirilməsi vacibdir. Mən də belə bir iş görməyi düşünürəm. Gələcəkdə belə bir məsləhət mərkəzini yaratmağı düşünürəm".
Maraqlıdır ki, Əli Bayramovun yeni qurum yaratmaq istəməsi barədə məlumat KİV-də onun haqqında srağagün ortaya atılan xəbərdən sonra yayılıb. Həmin xəbərdə bildirilirdi ki, "Aqrolizinq" ASC-nin Təsərrüfat Hesablı İmişli rayon "Aqroservis" filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı filialın müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xəbərə görə, yaranmış vəziyyətdə Əli Bayramovun həbsinin gündəmə gəlməsi də kifayət qədər realdır. Bayramov özü isə həmin iddiaları yalanlayıb və bu zaman hər hansı əks arqument gətirməyib.
Bu yöndə xəbərlərin üstündən cəmi iki gün keçmiş sabiq "Aqrolizinq" şefinin qurum yaratmaq istəməsi barədə məlumatın yayılması, Əli Bayramovun da həmin məlumatı təsdiqləməsi maraq doğurur. İstisna deyil ki, belə məlumatı dövriyyəyə buraxmaqla o, həbsində maraqlı olan dairələrə mesaj göndərmək istəyir. Demək istəyir ki, haqqında bu cür xəbərlərdən narahat deyil, eyni zamanda kənara çəkilmək fikri də yoxdur və bundan sonra qeyri-hökumət təşkilatı səviyyəsində də olsa meydanda qalmağa davam edəcək.
Hər halda səslənən iddia və ehtimallarda doğruluq payının nə qədər olduğunu bəri başdan söyləmək çox çətindir. Yəqin ki, deyilənlərin həqiqətəuyğun olub-olmaması zaman keçdikcə aydınlaşacaq. Odur ki, gözləyək.
Günel Əkbər