Yaşar Həsənovu gözləyən böyük təhlükə
10:46 30-09-2014
CƏMİYYƏT
Yaşar Həsənovu gözləyən böyük təhlükə
Hesablama Palatasının "Azəristilik" ASC-də üzə çıxardığı nöqsanlar nə vəd edir?
"Azəristilik" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Yaşar Həsənov arzuolunmaz vəziyyətlə üzləşib. Buna isə Hesablama Palatasının adıçəkilən qurumda apardığı yoxlamalar zamanı üzə çıxarılan ciddi nöqsanlar səbəb olub.
Hesablama Palatasının bu barədə rəsmi açıqlamasındakı təfərrüatlara keçməmişdən əvvəl qeyd edək ki, "Azəristiliktəchizat" ASC "Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
"Azəristiliktəchizat" ASC istilik təchizatı sahəsində dövlətin vahid texniki iqtisadi siyasətini həyata keçirən əsas orqandır, səhmləri 100% dövlətə məxsusdur. Cəmiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 saylı 14 dekabr 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir.
Cəmiyyətin strukturuna mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 17 İstilik Sistemləri İstismar Sahəsi, 51 regional istilik təsərrüfatı idarələri, 5 Rayon istilik qazanxanası, 700-ə yaxın məhəllədaxili istilik qazanxanası, 197 istilik məntəqəsi, 1200 km-ə yaxın magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyaları daxildir.
Göründüyü kimi, ASC kifayət qədər geniş struktura və imkanlara malikdir. Amma mətbuatdakı tənqidlərdən, ictimai narazılıqlardan - söhbət vətəndaşların bu qurumla bağlı şikayətlərinin ilbəil artmasındavn gedir! - qurumun həmin imkanları kifayət qədər dəyərləndirə bilmədiyi ortaya çıxır.
Qayıdaq Hesablama Palatasının Yaşar Həsənovun rəhbərlik etdiyi qurumda apardığı yoxlamanın nəticələrinə. Palatanın auditi zamanı "Azəristiliktəchizat" ASC-nin fəaliyyətində uyğunsuzluqlar aşkarlayıb. Bu barədə yayılan rəsmi açıqlamada bildirilir ki, Hesablama Palatası "Azəristiliktəchizat" ASC-nin ildən-ilə kreditor borcların artması, satılan isti su və istilik enerjisinə görə yaranan zərərə görə dövlət büdcəsindən ayrılan subsidiyalardan asılılığın aradan qaldırılması, habelə, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın daha da artırılması məqsədi ilə Nazirlər Kabinetinə bir neçə təklif təqdim edib. Birincisi, istilik enerjisi sahəsində fəaliyyət üçün əsas hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edən, istilik enerjisi istehsalı, daşınması, təchizatı və istifadəsi ilə bağlı münasibətləri tənzimləyən, istilik təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması, istismarı ilə bağlı məsələləri reqlamentləşdirən, bu sferada dövlət siyasətinin əsas prinsiplərini və dövlət dəstəyinin formaları və digər məsələləri özündə əks etdirən müvafiq qanunun və enerji resurslarından səmərəli istifadə olunması, istehsalçı-istehlakçı münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi və digər məsələlərin həlli ilə bağlı istilik enerjisindən istifadə qaydalarının hazırlanması təklif edilib. İkincisi, hüquqi şəxslərin real istehlak olunmuş istiliyə görə ödəmənin aparılmasına cəlb edilməsi məqsədilə istilik haqqı tariflərinə, normalarına və onların hesablanma metodologiyasına yenidən baxılması zəruri sayılıb. Üçüncüsü, Azəristiliktəchizat" ASC-nin faktiki fəaliyyəti ilə onun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar arasında olan uyğunsuzluqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, istilik enerji müəssisəsinin, nəql və paylama xətlərinin texniki pasportlarının hazırlanması təklif edilib.
Göründüyü kimi, "Azəristiliktəchizat" ASC ilə bağlı problemlər çox ciddidir. Bu isə qurumun fəaliyyəti ilə əlaqədar şikayətlərin niyə ilbəil artdığını göstərir.
Qeyd edək ki, xüsusilə ötən qış mövsümündə "Azəristiliktəchizat"dan narazılıqlar özünün pik həddinə çatmışdı. Hətta iş o yerə çatmışdı ki, millət vəkili Adil Əliyev qurumun fəaliyyətini çox kəskin şəkildə tənqid etməli olmuşdu.
ASC-də üzə çıxan nöqsanlar və qurumdan artan şikayətlər artıq bu cəmiyyətdə kadr islahatlarını, rəhbər dəyişikliklərini qaçılmaz edir. Mümkündür ki, Hesablama Palatasının auditinin nəticələri və eləcə də "Azəristiliktəchizat"la bağlı hökumətə müəyyən təkliflərin ünvanlanması elə bununla bağlıdır. Bu mənada Yaşar Həsənovun əvəzlənməsi real görünür.
Hər halda proseslərin gedişindən iki variantdan birinin reallaşması ehtimalı yüksəkdir: ya qarşıdakı qış mövsümünədək "Azəristiliktəchizat"la bağlı kadr dəyişikliklərinə gediləcək ki, ötən illərdəki problemlər təkrarlanmasın, əhəmiyyətli şəkildə aradan qalxsın, ya da ən yaxşı halda bu qış mövsümü ASC rəhbərliyi üçün son sınaq olacaq, əgər qurumun fəaliyyətindəki neqativliklər aradan qaldırılmasa belə bir əvəzlənmə qərarı veriləcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41