İnsan hüquq və azadlıqlarının təminatçısı olan qanunlar
10:50 30-09-2014
SİYASƏT
İnsan hüquq və azadlıqlarının təminatçısı olan qanunlar
Bununla bağlı prezidentin sərancamı
Bu gün insan hüquq və azadlıqlarının təmini istiqamətində müxtəlif fikirlər, nəzəriyyələr səslənməkdədir. Bir sıra ekspertlər hesab edir ki, insan hüquq və azadlıqlarının təmini üçün həm mükəmməl qanuni bazaya, həm də insanların maarifləndirilməsinə ciddi ehtiyac var. Maraqlıdır, bəs bu sahədə Azərbaycandakı qanun bazası necədir? Qeyd edək ki,
Şəxsiyyətin hüquqi (konstitusiya) statusu (vəziyyəti): Bütün ölkələrin konstitusiyalarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının müəyyənləşdirdiyi və həll etdiyi başlıca məsələlərdən biri şəxsiyyətin hüquqi statusu (vəziyyəti) məsələsidir. Konstitusiyanın II
bölməsində ifadə olunan normalar da məhz bu məsələyə həsr edilmişdir. Şəxsiyyətin hüquqi statusu (vəziyyəti) Konstitusiyanın ən əsas və vacib anlayışlarından biri hesab edilir. Bəs
şəxsiyyətin hüquqi statusu (vəziyyəti) dedikdə nə başa düşülür?
Şəxsiyyətin hüquqi statusu (insanın konstitusion statusu) dedikdə, Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqlarının (azadlıqlarının) və vəzifələrinin məcmusu başa düşülür.
İnsan hüquqları (azadlıqları) və onların prinsipləri: Şəxsiyyətin hüquqi statusu özündə ən əsas və başlıca hüquqları əhatə edir. Bu hüquqları (azadlıqları) iki qrupa bölmək olar:
- İnsan hüquqlarına (azadlıqlarına);
– vətəndaş hüquqlarına.
İnsan hüquqları (azadlıqları) dedikdə, bütün insanların malik olduğu hüquqlar (azadlıqlar) başa düşülür. Bu hüquqları (azadlıqları) insan doğulduğu andan, insanın doğulması ilə necə deyərlər, "avtomatik surətdə" əmələ gəlir. Özü də insanlar göstərilən hüqiqları (azadlıqları) yaşadığı dövlətə mənsubiyyətindən, həmin dövlətin vətəndaşı sayılmasından asılı olmayaraq əldə edirlər. Bir daha təkrar edərək göstərilir ki, dövlət öz qanunları ilə vətəndaşlarına bu cür hüquqlar verə bilməzlər, çünki həmin hüquqları insanlar doğulan kimi qazanırlar.
İnsan hüquqları (azadlıqları) sırasına ənənəvi olaraq aid edilir:
– yaşamaq hüququ;
– azadlıq hüququ;
– təhlükəsizlik hüququ;
– mülkiyyət hüququ;
– şəxsiyyətin ləyaqət hüququ;
– şəxsi və ailə sirrini saxlamaq hüququ.
İnsan hüquqları "İnsan hüquqlarının ümumi bəyannaməsi"ndə (1948) müəyyən edilmişdir. Dünya ölkələrinin demək olar ki, bütün konstitusiyalarında onlar nəzərdə tutulur. Bəzən insan hüquqları insan haqqları da adlanır. İnsan haqqları hamının, bütün insanların malik olduğu hüquqlardır.
Təbiilik (təbii olmaq) insan hüquqlarının (azadlıqlarının) əsas və fundamental prinsipidir. Bu prinsipə görə insan hüquqları (azadlıqları) təbiidir və anadangəlmə hüquqlardır. Buna görə də insan hüquqları təbii hüquqlar və ya anadangəlmə hüquqlar da adlanır.
Ayrılmazlıq insan hüquqlarının (azadlıqlarının) vacib prinsiplərindən biridir. Bu prinsipə görə hüquqlar (azadlıqlar) insanın doğulması və mövcudluğu ilə yaranır. Məhz bu səbəbdən onları insanın özündən ayırmaq olmaz. İnsan hüquqlarını (azadlıqlarını) nə dövlət, nə də digər subyektlər insanın özündən ayıra bilməzlər, çünki həmin hüquqları insana onlar verməmişdir.
Toxunulmaz və pozulmaz olmaq insan hüquqlarının (azadlıqlarının) digər prinsipidir. Bu prinsipə görə hər kəs insan hüquqlarını (azadlıqlarını) cinayət və digər hərəkətlərlə poza və onlara qəsd edə bilməz.
İnsan hüquqlarının (azadlıqlarının) təminatı dedikdə, onların dövlət tərəfindən qorunması başa düşülür. Dövlət hüquqlarını (azadlıqları) qorumaq üçün müəyyən tədbirlər nəzərdə tutulur və müəyyənləşdirilir.
Hüquq və azadlıqlar əsasən iki yolla müdafiə edilir:
– ümumi yolla;
– xüsusi yolla.
Ümumi yolla müdafiə dedikdə, məhkəmə vasitəsilə həyata keçirilmə müdafiə başa düşülür. Ona məhkəmə müdafiəsi də deyilir. Bu, hüquqların (azadlıqların) müdafiə olunmasının əsas və universal yolu hesab edilir. Ona görə ki, məhkəmələr heç kəsdən asılı olmayıb, müstəqildir və yalnız qanuna tabedirlər.
Xüsusi yolla müdafiə isə dövlət icra hakimiyyət orqanları tərəfindən həyata keçirilən müdafiə deməkdir. Ona inzibati qaydada müdafiə də deyilir.
Vətəndaş hüquq və azadlıqları: Vətəndaş hüquq və azadlıqları odur ki, onlar dövlət tərəfindən qanun əsasında müəyyən edilir. Vətəndaşlara bu hüquq və azadlıqları dövlətin özü verir ("dövlət bəxş edir"). Onlar insanın anadan olması (doğulması) ilə əldə edilmir və buna görə də təbii (anadangəlmə) hüquq və azadlıqlar sayılmır. Özü də həmin hüquqların (azadlıqların) verilməsi və müəyyən edilməsi şəxsin dövlətin vətəndaşı olması faktı ilə (vətəndaşlıq faktı ilə), onun dövlətə mənsub olması faktı ilə bağlıdır.
Vətəndaş hüquq və azadlıqları sırasına aiddir:
– seçki hüququ;
– siyasi partiyalarda birləşmək hüququ;
– dövlətin idarə olunmasında iştirak etmək hüququ;
– dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək hüququ;
– müraciət etmək hüququ və s.
Göründüyü kimi, vətəndaş hüquqları əsasən siyasi xarakterə və məzmuna malikdir. Bunula bərabər, bəzi sosial- iqtisadi hüquqlar da vətəndaş hüquqları sırasına aid ola bilər.
Vətəndaş hüquqları da dövlət tərəfindən qorunur və müdafiə edilir, yəni təmin edilir. Ona görə ki, insan hüquqları kimi vətəndaş hüquqları da Konstitusiyada nəzərdə tutulmuşdur.Bunu da qeyd edək ki, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramıda hazırlanıb və bununla bağlı prezident sərancam imzalamışdır. Sərancamda bildirilir:"Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin Minilliyin inkişaf məqsədlərinin və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin.
2. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın, Azərbaycan Respublikasının məhkəmələrinə və Baş Prokurorluğuna isə tövsiyə edilsin ki, normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirsinlər.
3. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin ki, qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutsun və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunu təmin etsin.
4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə tövsiyə edilsin ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər.
5. Milli Fəaliyyət Planında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35