Vətəndaşların hüquqlarının qorunması ali məqsəddir
09:58 01-10-2014
SİYASƏT
Vətəndaşların hüquqlarının qorunması ali məqsəddir
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqi, sosial və digər problemlərinin həlli istiqamətində ciddi addımlar atılır
Azərbaycanda hər bir vətəndaşın hüquqlarının qorunması ali məqsəd kimi qoyulub. Hətta həbsdə olan vətəndaşların belə qanunvericilik daxilində hüquqlarının qorunması həyata keçirilir. Vacib məsələlərdən biri də odur ki, cəza çəkməkdən azad edilən şəxslərin də hüquqlarının təminatı istiqamətində müəyyən işlər görülür.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə həyata keçirilən islahatlar da mütləq mənada qeyd olunmalıdır. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanun bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra - cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Konstitusiyadan, bu Qanundan, Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan vətəndaşlarına, bu respublikada daima yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daima yaşamaq üçün qayıtmış vətəndaşlara şamil olunur. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Qanunda sosial adaptasiya tədbirlərini həyata keçirən orqan və müəssisələr təsbit olunub.
Məlumat üçün bildirək ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları, habelə digər müəssisə və təşkilatlar cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunun və digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllülük əsasında iştirak edə bilərlər. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.
Nəzərə çatdıraq ki, bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. Sosial adaptasiyaya ehtiyacı olan şəxslərin qeydiyyata alınması və onlarla hazırlıq işlərinin aparılması da qanunvericilikdə təsbit olunub. Belə ki, müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə, ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur.
Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar.
Qeyd edək ki, sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Cəza çəkməkdən azad edilmiş şəxslərin barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudliyyətlər nəzərə alınmaqla Azərbaycan Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Həmin şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər.
Xüsusi vurğulamaq lazımdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərin yaşayış yeri ilə təmin olunması da prioritet kimi götürülür. Yəni, cəza çəkməkdən azad edilmiş şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Həmin şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər. Qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış sahəsi olmayan və himayəsində 14 yaşadək uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirə salınmadan həyata keçirilir. Cəza çəkməkdən azad edilmiş birinci və ikinci qrup əlillər, altmış iki yaşına çatmış kişilər və əlli yeddi yaşına çatmış qadınlar öz ərizələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evlərinə göndərilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.
Bunlarla yanaşı, cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunmasıdır. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində (o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə) tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir. Qanunvericilikdə cəza çəkməkdən azad edilmiş şəxslərə tibbi yardım da nəzərdə tutulub. Azad edilmiş tibbi yardıma ehtiyacı olan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüquqları vardır. Bununla yanaşı, cəza çəkməkdən azad edilmiş vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınırlar. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.
Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
Son olaraq qeyd edək ki, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini də təmin edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Sosial adaptasiya tədbirləri bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına həyata keçirilə bilər.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşının hüquqlarını qoruyur və bunun üçün zəruri olan addımları atır.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53