Bəzi məmur şirkətləri ilə bağlı şok faktlar!
SOS! Azərbaycandakı qida müəssisələrinin yalnız 1faizi keyfiyyətli məhsul istehsal edirmiş
Azərbaycandakı qida sektorunun mövcud durumu ilə bağlı şok iddialar ortaya atılıb. "Rusiya bazarlarını üzümüzə açsa da, ölkənin 3-4 qida şirkətindən başqa heç biri bu ölkəyə mal idxal edə bilmir" - deyə aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirib.
Onun sözlərinə görə, ölkə şirkətlərinin məhsullarının keyfiyyəti lazım olan səviyyədə deyil, buna görə də Rusiya və digər ölkələr həmin məhsulları öz bazarına buraxmır.
Aqrar ekspertin dediyindən belə çıxır ki, ölkə şirkətlərinin yalnız 1%-i xarici bazarlara çıxa bilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkədə 439 şirkət qida istehsalı ilə məşğul olub. Bunların 422-si özəl şirkət olub və göründüyü kimi, ölkədəki özəl şirkətlərin də çoxu köhnəlmiş texnologiyalarla işləyir. Statistika məlumatlarından belə görünür ki, ölkə şirkətlərinin məhsulları keyfiyyətsiz olduğu üçün daxili bazarda da rəqabətə dözə bilmir və son bir neçə ildə 150-yə yaxın qida istehsal edən şirkət bağlanıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əgər 2005-ci ildə ölkədə 534 ədəd qida istehsal edən müəssisə olubsa, 2011-ci ildə bu say 396-ya enib. Düzdür, həmin müddətdə texniki cəhətdən çox köhnəlmiş bir çox dövlət müəssisələri də bağlanıb, amma onların sayı da 25-dən çox olmayıb. Bağlanan özəl müssisələrin sayı isə 123-ə bərabər olub.
Ekspert keyfiyyətsiz məhsul istehsal edən müəssisələrin bütün sektorları əhatə etdiyini bildirib: "İstər ləpəli meyvələr, istər konservlər və şirələr istehsal edən müəssisələrin, istərsə də ət və süd emal edən şirkətlərin, istərsə də bulka-çörək istehsalçılarının məhsullarında keyfiyyət problemləri müşahidə edilir. Yəni bu sektorda istisna olan bir sahə yoxdur. Bir çox şirkətlər həddindən köhnəlmiş avadanlıqlarla işləyir, istehsal sahələri sanitariya normalarına cavab vermir".
Ekspertin fikrincə, bir sıra şirkətlərin məhsullarının keyfiyyətsiz olması isə emal edilən xammalın yararsız olması ilə bağlıdır: "Son illərin təcrübəsi göstərir ki, ölkənin yalnız öz istehsal bazası olan şirkətlərinin məhsulları keyfiyyətli olur. Ölkə şirkətlərinin avadanlığı nə qədər müasir olsa da əksər məhsullar keyfiyyətsiz xammaldan istehsal edilir. Məsələn, şəhərlərin ticarət şəbəkəsinə çıxarılan süd məhsullarının 70 faizi idxal quru süddən düzəldilir. Məhsulu nisbətən keyfiyyətli olan bir-iki şirkətin özünün iri ferması var. Onlar istehsalda quru südü daha az istifadə edirlər".
Azərbaycan şirkətlərinin istehsal etdiyi ət və yağ məhsullarını araşdırdıqda da oxşar mənzərəni müşahidə etmək mümkündür. Ölkədə əksər kolbasa məhsulları Hindistandan gətirilmiş keyfiyyətsiz ətdən istehsal edilir. Yağ bazarında isə liderlik müxtəlif markalarda günəbaxan və ya qarğıdalı yağı adı altında qablaşdırılmış soya yağına, yaxud da kərə yağ adı altında satılan hidratlaşdırılmış bitki yağlarına məxsusdur. Bəzi şirkətlər isə əyalətlərdə əldə etdikləri kərə yağını palma yağı ilə qarışdırırlar ki, təbii kərə ətri verən bu yağ insan mədəsi üçün çox təhlükəlidir. Belə yağdan uzun müddət istfiadə insanlarda xərçəng riskini artırır.
Aqrar ekspert bu şirkətlərin istehsal sahəsi ilə əlaqələr qurmasının vacibliyini vurğulayır: "Onlar yerlərdə müqavilələr bağlayaraq, məhsullara öz standartlarını tətbiq etməli, fermerlərə müəyyən təlim keçməlidirlər".
Qeyd edək ki, bu üsul əksər qərb şirkətləri tərəfindən tətbiq edilir. Böyük Britaniyada hətta supermarket şəbəkələrinin belə öz standartları olur və onlar fermerlərin həmin standartlar üzrə məhsul istehsal etməsinə yaxından yardım edirlər. Bu şəbəkələrdə məhz öz sifarişləri ilə istehsal edilən süd və ət məhsulları, bal və şirniyyat satılır. Yəni Azərbaycan şirkətləri də nəzəri olaraq bu üsuldan istifadə edərək xammalın keyfiyyətini yüksəldə bilər.
Amma reallıqda bunu gerçəkləşdirmək çox çətindir. Azərbaycanda fermer təsərrüfatları çox kiçikdir və bu şirkətlər üçün məhsul tədarükünü həddindən çətinləşdirir. Bəzi şirkətlər tərəfindən vaxtılə süd stansiyaları və s. yaradılsa da bu, uğur gətirmədi.
Lakin şirkətlər daha iri layihələrə imza atmaqla problemi həll edə bilərlər. Azərbaycanın Mərkəzi Aran rayonlarında 400 min hektara yaxın əkin sahəsi əkilməmiş qalır. Əksər kəndlərdə camaat əkin sahəsini 10-15 manata hevandarlara icarəyə verirlər. Yəni sovet illərində pambıq əkilən iri sahələr hazırda otlağa çevrilib. Şirkətlər əhali ilə kollektiv müqavilələr bağlamaqla sahələri birləşdirə və lazım olan məhsulların xüsusi texnologiya ilə istehsalını təşkil edə bilər. Kəndlilər həm torpağın icarə pulundan qazanc əldə edərlər, həm də kənd əhalisi üçün yeni iş yerləri açılar.
Bu sahələrdə hər cür ərzaq bitkilərinin əkilməsi mümkündür. Məsələn, Azərbaycanda ildə 420 min tondan artıq şəkər istehsal edilir. Bunun yalnız 30-35 min tonu yerli şəkər çuğundurundan alınır, qalanı isə toz şəklində idxal edilir və burada yalnız qablaşdırılır. Ölkədə 5,5 min hektar sahədə şəhər çuğunduru əkilir ki, şəkər istehsalı tam yerli xammala keçirildikdə daha 60 min hektar sahədə şəkər çuğunduru əkilə bilər. Bu, on minlərlə fermer ailəsinin dayanıqlı gəlir əldə etməsinə imkan yaradar. Çünki fermer ailəsi taxılla müqayisədə çuğundur sahəsindən 10 dəfəyə qədər artıq məhsul əldə edir. Eyni fikri günəbaxan və qarğıdalı yağlarının istehsalı ilə də bağlı demək mümkündür.
Bu sahələrin inkişafı regionlarda heyvandarlıq komplekslərini də inkişaf edirər ki, ət və süd emalı müəssisələrinin də keyfiyyətli xammalla təchiz problemi həll edilə bilər. Həm də regionlarda on minlərlə yeni iş yeri deməkdir.
Aqrar sektoru əhatə edən layihələrin gerçəkləşdirilməsi yeni açılan Rusiya bazarlarına qida ixracını artırmaqla yanaşı, ölkə şəhərlərində satılan ərzaqların da keyfiyyətini xeyli yüksəldər. Çünki hər bir şirkət istehsal etdiyi keyfiyyətli məhsulu təbii ki, birinci öz bazarımızda satacaq. Daha sonra uzaq bazarlara ixracı barədə düşünə bilər.
Onu da deyək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, qida sektorunda da aparıcı şirkətlər müəyyən məmurların gizli və aşkar himayəsi, birbaşa və dolayı yolla nəzarəti altındadır. Belədə isə ölkədə istehsal edilən qida məhsullarının keyfiyyəti ilə bağlı yaranmış acınacaqlı durumda bəzi məmurların da bu və ya digər dərəcədə iştirakına heç bir şübhə qalmır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17