İnsan hüquqlarının təmin edilməsində
İnsan hüquqlarının təmin edilməsində "ASAN" modeli

Azərbaycanda insan hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərin ən bariz nümunələrdən biri isə "ASAN xidmət" Mərkəzlərinin fəaliyyətidir

Ölkədə insan hüquqlarının təmin edilməsi məqsədilə aparılan islahatlar, qanunvericiliyin təkminləşdirilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində atılan mühim addımlardandır. Azərbaycanda insan hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərin ən bariz nümunələrdən biri isə "ASAN xidmət" Mərkəzlərinin fəaliyyətidir.
Əvvəllər məmur qapısını döyüb əl boyda kağız parçasını almağa günlərlə vaxt sərf edən vətəndaşlar, bu gün həmin sənədi bir neçə dəqiqə ərzində "ASAN" xidmət vasitəsilə əldə edirlər. "ASAN" xidmət mərkəzlərinin yaranması insanların köməyinə vaxtında çatmaqla yanaşı, vətəndaşların rüşvət verməkdən də canını qurtarıb. Müvafiq rüsumu ödəyən vətəndaş əlavə ödəniş etmədən lazımi sənədi əldə etmək imkanı qazanır. Bu günlərdə Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) təşkilatçılığı ilə Bakıda "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiyanı, bir sıra xarici QHT-ləri təmsil edən 50-yə yaxın xarici nümayəndə iştirak edib. Avropa Şurasının demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, bu konfrans dövlət xidmətlərində əldə edilmiş təcrübəni bölüşmək baxımından yaxşı imkan yaradır. Burada nüfuzlu ekspertlər iştirak edirlər, müzakirə olunan mövzu da çox aktualdır. A.Zardi qeyd edib ki, dövlət xidmətlərinin mərkəzləşmiş formada göstərilməsi çox səmərəli bir təcrübədir və Avropa ölkələri də bu təcrübədən yararlanmalıdır. Çünki mərkəzləşmiş qaydada göstərilən dövlət xidmətləri şəffaflığın, keyfiyyətin səviyyəsinin artırılmasına xidmət edir. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Vüsal İsayev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, korrupsiyaya qarşı mübarizə aparılması, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən islahatlar haqqında danışıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti "ASAN xidmət"in imkanlarından istifadə edir və bu model cəmiyyətdə çox böyük razılıqla qarşılanır. Agentliyin Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov Unikala açıqlamasında bildirib ki, 2012-ci ildə məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli dövlət idarəçiliyinin təmin edilməsində sistem xarakterli islahatların innovativ nüməsidir: "Məhz "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti dövlət xidmətlərinin göstərilməsi zamanı əsas insan hüquq və azadlıqlarının qorunması, şəffaf mexanizmlərin tətbiqi baxımından effektiv modeldir. "ASAN xidmət" mərkəzlərinin yaradılması vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısının alınmasına, dövlət xidmətlərinin göstərilməsində effektivliyin artmasına, müasir texnologiyaların tətbiq edilməsinə, elektron sistemə keçidin sürətləndirilməsinə və ən əsası vətəndaş məmnunluğuna nail olunmasına xidmət edir. "ASAN xidmət" mərkəzlərinin fəaliyətində "Vətəndaş hər zaman haqlıdır" prinsipi xüsusi yer tutur. "ASAN xidmət"- Xalqa xidmət deyimi bu fəaliyyət ilə tam səsləşir. "ASAN xidmət" vahid məkandan vətəndaşlara dövlət və özəl xidmətlərin göstərilməsi təmin edir. Mərkəzlərdə 10 dövlət orqanı və bir sıra özəl şirkətlər tərəfindən ümumilikdə 230-dan çox xidmət göstərilir. Əhatə dairəmiz təkcə statik mərkəzlərlə məhdudlaşmır. "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir. Bir sözlə dövlət öz xidmətlərini vətəndaşlarımızın qapısına gətirir. Səyar ASAN xidmət vasitəsi ilə sağlamlıq imkanları məhdud vətəndaşların digər vətəndaşlarla birlikdə müvafiq xidmətlərə rahat çıxış imkanın təmin edilməsi onların məmnunluğunun və rahatlığının əldə olunması istiqamətlənib. 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlamış "ASAN xidmət" mərkəzlərinə 1 000 000-cü müraciət 23 yanvar 2014-cü il tarixində, 2 000 000-cu müraciət 6 ay sonra 24 iyun 2014-cü il tarixində, növbəti 1 000 000-cu müraciət isə sonrakı 4 ay müddətinə təsadüf edir".
Ümumiyyətlə, müasir cəmiyyətin, elektron idarəetmənin təmin olunmasında birbaşa əsas məqsəd insanlara xidmətin keyfiyyətliliyini təmin etməklə yanaşı, dövlət-insan formulunun ən yüksək şəffaflıq indeksini möhkəmləndirməkdir. Yeni yaranmasına baxmayaraq "ASAN Xidmət" bu vacib funksiyanı öz üzərinə götürüb. "ASAN xidmət"-dövlətin vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsində atdığı innovasion addımdır. Bu addım vətəndaşların rifahının yaxşılaşdırılması və insan hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən sistemli sosial islahatların tutarlı nümunəsidir. "ASAN"-ın fəaliyyəti, əsasən, əhalinin ehtiyaclarını ödəməsi üçün şəraitin təmin edilməsinə, korrupsiyaya qarşı mübarizəyə, yeni texnologiyaların tətbiqinə, habelə dövlət qulluqçusu-vətəndaş münasibətlərində keyfiyyətcə yeni yanaşmanın formalaşdırılmasına yönəlib. "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə tənzimlənir. Əlavə xidmətlərin göstərilməsində məqsəd bir neçə məsələnin eyni vaxtda və vahid məkanda həll olunmasıdır. Bütün bunlar vətəndaşların xərclərinin azaldılmasını, vaxta qənaəti, eləcə də şəffaflığı və rahatlığı təmin edir. Bundan başqa, 108 nömrəsinə zəng edib " Çağırı mərkəzi" ilə əlaqə saxlayaraq göstərilən xidmətlərlə bağlı ətraflı məlumat əldə etmək olar. Qeyd edək ki, respublikanın istənilən regionundan stasionar telefonlardan 108 nömrəsinə zənglər ödənişsizdir. Bununla yanaşı, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumatları www.asan.gov.az internet səhifəsindən, eləcə də sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram) əldə etmək mümkündür. Müxtəlif dövlət orqanlarının göstərdiyi xidmətlərin əhaliyə vahid məkandan təqdim olunması və müasir texnologiyalar vasitəsilə həyata keçirilməsi ideyasının özü «ASAN xidmət – xalqa xidmət" anlayışı ilə müəyyən olunur. "ASAN Xidmət" vətəndaşların müraciətinə daha tez cavab verir..."ASAN xidmət" mərkəzlərində həyata keçirilən müvafiq dövlət xidmətlərinə müraciətlər sənədlərin tələb olunma tezliyi əsasında formalaşır. Yəni vətəndaşlar onlar üçün daha tez-tez zəruri olan xidmətlərdən mütəmadi qaydada, daha gec müddətə zəruri olan xidmətlərə müraciətlərdən isə daha az şəkildə yararlanırlar. Statistik araşdırmalar zamanı bütün bu qeyd olunan məqamlar diqqətə çarpır, müfəssəl qaydada təhlil olunur. Mərkəzlərdə göstərilən xidmətlərin hər birinin öz özəlliyi var. Onların hər birinin müraciət etmə tezliyi digərindən fərqlənir. Dövlət başçısının göstərişinə əsasən, "ASAN xidmət" mərkəzi olmayan regionlarda səyyar xidmətlər göstərilir. "ASAN səyyar xidmət" "ASAN" brendinin əsasını təşkil edən xidmətlərdəndir. Lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi avtobuslar vasitəsilə əhaliyə yerlərdə xidmət göstərilir. Bu təcrübə, özü-özlüyündə dövlət xidməti göstərilməsində unikal bir təcrübədir. "ASAN səyyar xidmət" çərçivəsində 60 mindən yuxarı insana xidmət göstərilib.Bu yolla, vətəndaşlar, öz yaşayış və ya iş yerini tərk etmədən qanunla müəyyən olunmuş xidmət haqqını ödəməklə ASAN-nın xidmətlərindən yararlana bilir. Səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün pulsuzdur. "ASAN səyyar xidmət" rahat olmağı ilə yanaşı dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin edir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi haqda fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti "Asan xidmət"ə həvalə edilib. Ekspertlərin fikrincə, sözügedən dəyişikliklər təqdir edilməlidir, çünki bu fərman əhalinin bu xidmətdən yaralanmasını asanlaşdırır. Hüquqşunas Ramin Heybətov deyir ki, Prezidentin imzaladığı məlum fərmanın üstün cəhətlərindən biri də inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılmasıdır. R. Heybətov vurğulayır ki, bu islahatın mahiyyəti birbaşa korrupsiyaya qarşı mübarizə tədbiridir: "Belə ki, əgər siz avtomobilinizlə qaydanı pozursunuzsa, qayda pozuntunuzu əks etdirən şəkil və tərtib edilən akt sizin mobil telefonunuza göndəriləcək və siz heç bir yerə getmədən mobil telefon vasitəsilə ödənişi edəcəksiniz. Əgər ödəniş etməyi unutmusunuzsa, sistem mobil telefon vasitəsilə sizi təkrar şəkildə məlumatlandıracaq. Bundan başqa, cərimələrin ödənilməsi üçün şəhərin müxtəlif yerlərində ödəmə terminallarının quraşdırılması da nəzərdə tutulur. Üstəlik oxşar praktika məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərlə bağlı da tətbiq ediləcək. Demək olar ki, "ASAN xidmət" layihəsi elektron hökumət quruculuğu, həmçinin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin ən uğurlusu hesab oluna bilər. Belə ki, dövlət tərəfindən 2003-cü ildən etibarən başlanan şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətin ən effektiv hesab oluna biləcək mexanizmi kimi "ASAN xidmət" layihəsinin hazırlanması və qısa zamanda gerçəkləşməsi əslində dövlətimizin vətəndaşlarımıza yetirdiyi xüsusi diqqətin göstəricisidir. Eyni zamanda, bu xidmət mərkəzlərinin fəaliyyət mexanizmlərinə nəzər saldıqda, onların məhz elektron hökumət quruculuğu proqramının real davamı olması aydın görünür. Belə ki, istər korrupsiyaya qarşı mübarizə, istərsə də elektron hökumət proqramlarının əsas prinsiplərinin – qanunun aliliyi, insan hüquq və azadlıqlarına hörmət, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi üzərində nəzarət, məlumat azadlığının təmin edilməsi, məlumat sistemlərinin inkişaf etdirilməsi (e-hökumət, e-xidmətlər), mülki xidmətçilər və digər rəsmi qulluqçuların etik davranış qaydalarının inkişaf etdirilməsi və sş bunun kimi prinsiplərin "ASAN xidmət" layihəsində ümumi vahid halında reallaşması yuxarıda qeyd edilənlərin bariz sübutudur".
Korrupsiyaya qarşı Mübarizə Fondunun İcraçı Direktoru Vasif Mövsümov deyir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması, ASAN xidmət vətəndaşların işini xeyli asanlaşdırıb. Yəni bu xidmət vasitəsilə vətəndaşlar günlərlə məmur qapısında dayanmadan, rüşvətsiz xidmət ala bilirlər: "ASAN" xidmət artıq vətəndaşların rəğbətini qazanıb. İndi ASAN bəzi dövlət qurumlarının xidmətini təmənnasız vətəndaşlara göstərir. Bu praktika göstərir ki, ASAN-nın göstərdiyi xidmətləri vətəndaşlara süründürməçiliklə göstərən dövlət qurumlarının gələcəkdə fəaliyyətinə ehtiyac qalmayacaq. Asan xidmət mərkəzlərinin yaradılması korrupsiyaya qarşı mübarizə istiqamətində çox müsbət addımdır. Biz ümid edirik ki, asan xidmət mərkəzlərinin genişlənməsi və onların səmərəli fəaliyyəti aşağılarda korrupsiyanın qarşısını ala biləcək. Biz buna əminik. Lakin buna baxmayaraq, məmur müqaviməti hələ də çox güclüdür.