İnsan hüquqları nədir?
12:14 03-10-2014
SİYASƏT
İnsan hüquqları nədir?
İnsan haqlarının fəlsəfəsi haqqında qeydlər
İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran Mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu isə fəlsəfə və siyasət elmi doldurur.
Konkret hüquqlar baxımından bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir, mütləq bilinməlidir. Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edəbiləcəyi bir mühiti forma-laşdırma məqsədini güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənizmləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim və ağlabatan maraqlarının məcmusundan ibarət olan, ictimai maraqların doğurulmasına yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir və konkret insanın çoxluq tərəfindən belə pozulmaz hüquqlar "qalasını" göstərir. Avtoritar rejimlərdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir və effektivliyi də daha zəif olur; o simvolik bir protestə və zülmə qarşı dirənən çoxluğun ideologiyasına dönüşür.
İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan biri, bunları bir tərəfdən mülki və siyasi, digər tərəfdən isə iqtisadi, sosial və mədəni hüquqlara bölməkdir. 80-ci illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara da həmrəylik hüquqları da deyilir. Lakin bu 3-cü nəsil hüquqlar haqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu və bunların hüquqi rejimi mübahisəlidir. İnsan hüquqlarının 3 nəslə bölünməsi, 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutun üzvü, milliyyətçə Çex olan Karel Vasak tərəfindən irəli sürülüb. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini əks etdirirdi.
Mülki və siyasi hüquqlar öz əksini Avropa İnsan Hüquqları Konvensiyasında, UDHR -in 3 – 21-ci maddələri arasında, habelə 1966 tarixli BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə (ICCPR) tapıb. İqtisadi, sosial və mədəni hüquqlar isə, UDHR-in 22 – 28-ci maddələri arasında, Avropa Sosial Şərtində, habelə yenə 1966 tarixində bu hüquqlar üçün xüsusi olaraq tənzimlənən İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (ICESCR ) göstərilib.
BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR-də hər iki nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966 Paktla-rında bunlar ayrı müqavilələrdə tənzimlənib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təmin etmənin, həm ideoloji həm də iqtisadi yönləri var, hər dövlətin də şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə cəhəti var ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz tələblərinə bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi, daha əvvəl qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, həmrəylik hüquqları haqqında tam bir hüquqi və siyasi uzlaşma mövcud deyildir.[1]
Bu təsnifatda əsas meyarın nə olduğunu və bununla hansı məqsədlərin güdüldüyü sualı ağla gələ bilər. Habelə bu təsnifatın, müvafiq hüquqların hüquqi rejiminə necə təsir göstərdiyi də başqa bir məsələdir. Mülki və siyasi hüquqların digər adı, təbii hüquqlardır. Natural rights olaraq bunların adlanması, anqlo-sakson hüquqdan irəli gələn bir ənənədir. Təbii hüquqlar, mahiyyəti etibarilə universal hüquqlardır, insan əxlaqından ayrılmazdır və davranış ya da ki, inanclara bağlı deyildir. Təbii hüquqlar, qeyd olunduğu kimi, təbii hüquq məktəbinin bir məhsuludur. Bilindiyi kimi təbii hüquq məktəbi, liberalizm axımının öncüsü və ilhamçısı olmuşdur. Avropada təbii hüquq məktəbinin tərəfdarları, Saint Thomas başda olmaqla, hüququn mənbəyini Allahda görürlər. Bu məktəbin sekular (dünyəvi) tərəfdarları isə, təbii hüququn mənbəyini təbiətdə görürlər.[2]
Təbii hüquq (natural right) anlayışını[3], qanuni hüquq (legal right) anlayışı ilə müqayisə etmək mümkündür. Qanuni hüquq dövlət, ya da cəmiyyət tərə-findən vətəndaşların mənfəəti üçün yaradılır. Halbuki təbii hüquqlar, dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq özü-özünə var olan bir hüquqdur. Birinci nəsil hüquqların əhəmiyyəti ondan ibarətdir ki, bunlar insanın əsas, ayrılmaz və ən vacib hüquqlarını təşkil edir. Qanuni hüquqlara isə ikinci nəsil insan hüquqlarını, yəni iqtisadi və sosial hüquqları misal kimi göstərə bilərik. Fransız inqilabının məhsulu olan 1789 tarixli İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində də təbii hüquqlar tənzimlənmişdi.
Təbii hüquqlara misal kimi, ilk növbədə yaşamaq və azadlıq hüququnu göstərmək olar. Mülkiyyət hüququnu da J.Locke kimi alimlər təbii hüquqlar arasında görüb, T.Jefferson isə mülkiyyəti xoşbəxt olmanın ayrılmaz ünsürü sayıb. Rousseau mülkiyyəti təbii hüquq saymamaqla bərabər, Hobbes və Locke ilə bərabər "ictimai müqavilə" nəzəriyyəsinin müdafiəçiləri kimi, insanların öz təbiətlərinə və ehtiyaclarına görə davranmayı təbii hüquqlardan sayıb; filosofa görə bunlar dövlətdən əvvəl gəlir və dövlət tərəfindən bəxş edilməyib. Təbii hüquqlar anlayışının zamanla nəzərə alına bilməyən "meyvələri" ortaya çıxır. Təbii hüquqları pozan şəxslərin məsuliyyəti illər keçdikdən sonra irəli sürülür. Buna yaxşı misal versək, 2009-cu ilin Yanvar ayında İspaniya Ali Məhkəməsinin verdiyi qərarı yada sala bilərik: İsrail hökumətinin bəzi üzvlərini, Müdafiə Naziri Benjamin Ben-Eliezer kimi, 2002-ci ildə Gəzzada 15 mülki şəxsin ölümü və 150 nəfərin yaralanması ilə nəticələnən raket zərbələrinə görə insanlığa qarşı cinayət törətdiklərinə görə məhkum olunmuşdu.[4] Birinci nəsil hüquqların bir digər adı da "klassik" hüquqlardır. Bu hüquqlar ona görə klassik adlandırılır ki, bunlar uğrunda mübarizə 18-ci əsrin əvvəllərindən bəri daha da artmışdır.
İkinci nəsil hüquqlar baxımından da bu məqamlara toxunmalıyıq. Təbii hüquqlardan başqa, elə amillər və hallar var ki, bunlar təmin edilmədən birinci nəsil hüquqların həyata keçirilməsi xeyli çətin olur. Məsələn, pulu olmayan və çox kasıb bir insan üçün hərəkət (səyahət) azadlığı böyük bir məna və əhəmiyyət kəsb eləmir. Digər tərəfdən, təhsil ala bilməyən insan üçün, söz və ifadə azadlığının böyük əhəmiyyəti yoxdur. Habelə əmək hüquqları təmin olunmayan bir insan üçün şəxsi və ailə həyatına hörmət edilmə məsələsi xəyali bir hədəfdir. Lakin ikinci nəsil hüquqların vacib xüsusiyyəti bundan ibarətdir ki, bunlar dövlət tərəfindən tanınır və mahiyyətcə ictimai olan hüquqlardır, yəni insanın cəmiyyət halında yaşamasından irəli gəlir. Bu meyarı nəzərə alaraq, bunları siyasi hüquqlarla qarışdırmaq olmaz, çünki siyasi hüquqlar hər nə qədər cəmiyyətə yönəlik olsalar da, bunların məqsədi və səbəbi azadlıq hüququnu təmin etməkdir. İqtisadi, sosial və mədəni hüquqlar insanın cəmiyyət daxilində özünü ləyaqətli şəkildə inkişaf etdirə bilməsinə yönəlir. Bu səbəblə, ikinci nəsil hüquqları, hardasa birinci nəsil hüquqların dolayı təminatçısı kimi görmək mümkündür. Həqiqətən də, sosial və iqtisadi hüquqların elə bir minimum həddi var ki, o həddin altında həyat tərzinə məruz qalmış insan birinci nəsil hüquqlarından da faydalana bilməz.
Məhz buna görə, UDHR, 1948-ci ildə hazırlananda bu bəyannaməyə həm birinci, həm də ikinci nəsil hüquqlar daxil edilib. Hər iki nəsil hüquqların UDHR-də yer almasının səbəbi ondan irəli gəlirdi ki, bunların ancaq bir yerdə var olduğu bir sistemdə bu hüquqların təmin edilməsinin mümkün olacağına dair qənaət hakimdi. Həqiqətən də, mülki və siyasi hüquqlar olmadan ikinci nəsil hüquqları təmin etmək mümkün olmadığı kimi, bir insanın mənzili və iş yeri olmadan, aclıq və səfalət içində birinci nəsil hüquqlarını yaşaması çətin görsənir (buna full belly "dolu qarın" tezisi də deyilir).
Burada yenə bir məqama daha diqqət yetirməliyik. İnsan hüquqları nəzəriyyəsi qərb mədəniyyətinin bir məhsuludur. Qərb ölkələri üstünlüyü daha çox birinci nəsil hüquqlara verirlər. ABŞ-da indiyə kimi, due proses of law deyilən məhkəmə təminatı ancaq həyat, azadlıq və mülkiyyət hüquqları ilə bağlı mübahisələrdə tətbiq olunur. Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilir, amma birinci dərəcə hüquqlar orada yenə əsasdır. Bilirik ki, sosial hüquq dövləti anlayışı, hal-hazırda Avropa qitəsində hakimdir. Lakin bunun səbəbləri arasında, eyni zamanda, II Dünya Müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərəkətlər də yer alır. Köhnə sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqlara daha böyük əhəmiyyət verdikləri halda, birinci nəsil hüquqları isə çox vaxt təmin etməkdən aciz olublar. Məsələn, SSRİ-də pulsuz müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı kimi əsas hüquqlar qətiyyən tanınmırdı. Bunun əksinə ABŞ-da isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunası hüquqlar sayılmır.
İnsan hüquqları üçün nəzərdə tutulan bir digər təsnifat, bunları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölməkdir. Neqativlik və pozitivlik yaxşı ya da pis olma mənasında ələ alınmır. Yaxşı ya da pis hüquq, əlbəttə ki, olmaz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı nəzərdə tutulur – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə etməməlimi (qarışmamalı), yoxsa tam tərsinə, hüququ təmin etmək üçün nəsə etməlidir? Azadlıq hüququ ya da söz azadlığı baxımından dövlət müdaxilə etməməlidir, sizə qarışmamalıdır, onun məmuru gəlib sizin qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun təmini üçün, dövlət məktəb açmalı ya da kooperativ mənzillərin tikintisinə kömək etməlidir. Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlardır, halbuki, ikinci nəsil hüquqlar pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, neqativ hüquqlar baxımından da dövlətin pozitiv öhdəliklərini gətirməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməli və bu neqativ öhdəlikdir. Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin o vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu da pozitiv öhdəlikdir. Ona görə, indi "neqativ-pozitiv hüquq" təsnifatından daha çox, dövlətin "neqativ ya da pozitiv öhdəliklərindən" bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara, hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35