Xocavəndin işğalından 22 il ötdü

Rayon erməni silahlı birləşmələri tərəfindən 1992-ci ildə işğal edilib

Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 22 il ötür. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib.
1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xdmətindən anspress-ə verilən məlumata görə, sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən zəbt olunub.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində respublikanın "Qırmızı kitab"ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınmış, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.
Rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"in əldə etdiyi məlumatlara əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.
Daxil olmuş məlumatlara əsasən, yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.
Fuad