Azərbaycanda dini etiqad azadlığı insan hüquqlarının pozulması kimi qələmə verilir
12:14 09-10-2014
SİYASƏT
Azərbaycanda dini etiqad azadlığı insan hüquqlarının pozulması kimi qələmə verilir
Azərbaycandakı dini durum, dini tolerantlıq yalnız bölgə üçün yox, dünya miqyasında bir nümunədir. Azərbaycanda yaşayan insanların dini azadlığının qorunması dünya birliyi və beynəlxalq təşkilatların da diqqətini cəlb edir.
Etiraf edilir ki, Azərbaycanda tolerantlıq mühitinin getdikcə daha da möhkəmləndirilməsi və inkişafı müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təşkilatların son hesabatında Azərbaycandakı dini durumun kifayət qədər sabit olduğu qənaətindədirlər. Ancaq bununla bərabər etiraf edilməlidir ki, ölkədəki dini durumla bağlı bir sıra narahatedici məqamlar da mövcuddur. Bu məqamlar radikal dini qruplaşmaların pozuculuq fəaliyyəti ilə bağlıdır ki, son illərdə müxtəlif dini cərəyanların belə fəaliyyətinin dəfələrlə şahidi olmuşuq. Amma bəzən bu faktlar Azərbaycanda insan hüquq azadlıqlarının pozulması, ölkədə dini etiqad azadlığının olmaması kimi qələmə verilir. Və beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Bəs görəsən Azərbaycanda insan hüquq azadlıqlarının qorunması istiqamətində atılan addımlar, dini etiqad azadlığının təmin edilməsi sahəsində real vəziyyət hansı mənzərəni əks etdirir?
Millət vəkili Musa Qasımlı deyir ki, Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib: " Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Konstitusiyanın sözügedən maddəsindən göründüyü kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir"".
Millət vəkili deyir ki, bununla belə, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır: " Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir". Azərbaycan Respublikası dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. Azərbaycan Respublikasının mərhum Prezidenti cənab Heydər Əliyev 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir. Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilib".
M. Qasımlının sözlərinə görə, hazırda Azərbaycan Respublikası ərazisində 380-dən artıq dini icma qeydiyyatdan keçib. Bunlardan 31-i qeyri-islam təmayüllü dini icmalardır. Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər.
Millət vəkili Zahid Oruc isə deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaşların hüquq və azadlıqlarının, vicdan, dini etiqad azadlıqlarının təmin olunması istiqamətində çox ciddi addımlar atılıb, ancaq dini sahələrdə olan boşluqları missioner təşkilatları doldura biliblər. Millət vəkilinin sözlərinə görə, fəaliyyəti Amerika kimi inkişaf etmiş ölkədə qadağan edilmiş satanistlər (şeytana ibadət edənlər) Azərbaycanda sərbəst şəkildə fəaliyyət göstərirlər və hazırda onların sayının yüzü ötdüyü bildirilir: " Bununla yanaşı, məscidlərdə dövlət qeydiyyatından keçməyən dini cərəyanlar məskunlaşıb ki, onlar nəinki insanları özlərinə tərəf çəkir, hətta gəncləri Suriya kimi ölkələrə apararaq orada döyüşməsinə nail olurlar. Müşfiqabad məscidində lövbər salmış dini icmanın ləğvi dediklərimizə bir daha sübutdur. Rəsmi məlumata əsasən, Azərbaycanda 1750-dən artıq məscid fəaliyyət göstərir ki, onlardan yalnız bir qismi sənədləşdirilərək dövlət qeydiyyatına alınıb. Bu məscidlərin içərisində elələri də var ki, digər ölkələr tərəfindən tikilib ki, bununla da həmin məscidlərdə yad dövlət-din konsersiyaları təbliğ edilir. Bu dini icmalar dövlət qeydiyyatından yayınaraq öz pozucu fəaliyyətlərini həyata keçirməyə cəhd edirlər. Məlumata görə, Azərbaycanda son illərdə 92 məscid tikilib. Hazırda xarici ölkələr tərəfindən tikilən məscidlərin 24-ü Türkiyə Respublikası, 63-ü Küveyt, 3-ü Səudiyyə Ərəbistanı, 1-i İran İslam Respublikası, 1-i isə Qətər dövləti tərəfindən inşa edilib. Təbii ki, bu məscidlərin hamısı onu tikən dövlətlərin dövlət-din münasibətlərini Azərbaycanda tətbiq etməyə cəhd edirdilər. Məlumata görə, Azərbaycanda gizli fəaliyyət göstərməyə meylli olan dini qurumlar fəaliyyətində ayrı-ayrı xarici ölkələrin öz dövlət-din münasibətləri sistemini Azərbaycanda tətbiq etmək cəhdi, ayrı-ayrı qeyri-ənənəvi radikal təriqətləri Azərbaycanda yaymaq meylləri var. Deməli, artıq belə halların inzibati metodlarla qarşısının alınmasına ehtiyac yaranıb. Çünki hazırda ölkədə mövcud olan ayrı-ayrı radikal dini qurumların sayı elə də az deyil və etiraf edilməlidir ki, həmin dini cərəyanlar millətin mənəviyyatını, dini dəyərlərini korlamaqla məşğuldurlar. Nəzərə almaq lazımdır ki, milli-mənəvi dəyərlərin qorunması həm də milli təhlükəsizlik məsələsidir. Bu baxımdan Azərbaycandakı dini durum, din-dövlət münasibətləri istiqamətində aparılan siyasətin çevikliyi çox önəmlidir. Bu heç də Azərbaycanda insan hüquq azadlıqlarının dini etiqad azadlığının pozulması kimi qələmə verilməməlidir".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35