Dövlət qurumları vətəndaşların şikayətinə necə baxmalıdır?
14:26 14-10-2014
SİYASƏT
Dövlət qurumları vətəndaşların şikayətinə necə baxmalıdır?
Zülfiyyə Bayramova: "Öz hüquq və azadlıqlarını pozulmuş hesab edən hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var"
Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Çox təəssüf ki, bəzən dövlət qurumları onlara ünvanlanan şikayətlərə məhəl qoymur, vətəndaşın pozulmuş hüququnun bərpasına köməklik göstərmir. Belə hallarla bir neçə il öncə daha çox rastlaşmaq mümkün idi.
Amma ölkə başçısının müvafiq tapşırığı demək olar ki, bu sahədə dönüş yaradıb.Hazırda Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilir, onlar tərəfindən qaldırılan məsələlərin və irəli sürülən təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. Bununla belə bəzi qurumlar var ki, vətəndaşlar illərlə həmin qurumlara ünvanladıqları məktuba veriləcək cavabı gözləyir. Bəs görəsən Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların ünvanladıqları müraciətlərə hansı formada baxılmalıdır?
Bu barədə "Unikal"a danışan hüquqşünas Zülfiyyə Bayramova deyir ki, sözügedən qanunun 5-ci maddəsində "Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri" öz əksini tapıb: "Dövlət hakimiyyət orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən: onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər; təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılması üçün tədbirlər görməlidir"
Z.Bayramovanın sözlərinə görə, "Vətəndaşların qəbul edilmə qaydası"na görə, Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər.
Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.Həmsöhbətimiz deyir ki, "Müraciətə baxılması qaydası"na görə, Vətəndaşlar təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verirlər: "Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətinə aid olmadıqda, bunları beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.Dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların müraciətlərini aiddiyyəti üzrə baxılması üçün göndərdikdə və həmin müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar, idarələr, təşkilatlar müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış və bu Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.
Müraciəti qəbul etməkdən imtina qadağandır.Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır.Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.
"Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası"ında isə, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.
Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır".
Hüquqşunas bildirir ki, "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" qanunla dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır: "Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) vətəndaşların şikayətlərinə məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxılır.Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tabelik qaydasında yuxarı orqan şikayətə 1 aydan gec olmayan müddətdə baxmalı, şikayətə baxılmasının nəticəsi barədə həmin orqanın rəhbərliyi vətəndaşa cavab verməlidir.Məhkəməyə şikayət hüquq və azadlıqları pozulmuş vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən, habelə vətəndaşın xahişi ilə ictimai birliyin və ya əmək kollektivinin nümayəndəsi tərəfindən verilə bilər.Şikayət vətəndaşın yaşadığı yer üzrə və ya qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanın və ya vəzifəli şəxsin olduğu yerin məhkəməsinə verilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi) barəsində bu maddədə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35