Girov həmvətənlərimizin azad olunması üçün beynəlxalq təşkilatların üzərinə öhdəlik düşür
12:39 16-10-2014
SİYASƏT
Girov həmvətənlərimizin azad olunması üçün beynəlxalq təşkilatların üzərinə öhdəlik düşür
Elxan Salahov: ""Ermənilər saxta dəlillərlə girov götürdükləri soydaşlarımıza cəza kəssələr belə, onları Dağlıq Qarabağda həbsdə saxlaya bilməzlər"
Dünən Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə önəmli məsələyə toxunaraq, onlardan Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırmalarını tələb edib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, prezident həmsədrlərlə görüşündə girovların məsələsinə toxunub və onlardan bu istiqamətdə ciddi addımlar atmağı tələb edib: "Hazırda bu məsələ ilə Qırmızı Xaç Komitəsi məşğul olur. Biz onlarla əlaqə saxlayırıq və yaxın günlərdə müsbət nəticəyə ümid edirik".
Məlum olduğu kimi, Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Aidiyyəti dövlət orqanlarının beynəlxalq təşkilatlarla apardığı gərgin danışıqlar nəticəsində Həsən Həsənovun cəsədi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfdən alınıb. Amma bu günədək girov götürülmüş iki həmvətənimiz öz doğma torpaqlarında diversant kimi saxlanılır. Ermənistan tərəfi Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün vəkil də ayırıb. Məlumata görə, vəkil əslən Qarabağdan olan Arkadi İsraerlyan adlı şəxsdir. Vəkilin saxlanılan şəxslərlə görüşdüyü ancaq istintaq sirri olduğu üçün onlarla danışığının detallarını açıqlamadığı deyilir. Qeyd edək ki,erməni tərəfi artıq girov götürülən azərbaycanlılara qarşı məhkəmə qurmağa hazırlaşır. Ermənistan müdafiə naziri onların əsir olmadıqlarını açıqlayıb.Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin "DQR qanunları" və beynəlxalq qanunvericilik əsasında cəzalandırılacaqlarını bildirib. S.Ohanyan bildirib ki, onlara əsir kimi yanaşmaq olmaz: "Onlar cinayətkardırlar, DQR qanunları və beynəlxalq qanunvericilik əsasında cəzalandırılacaqlar". Erməni tərəfi Azərbaycanlı girovları casusluq fəaliyyətində, eyni zamanda silahdan istifadə etməklə yetkinlik yaşına çatmayan erməni vətəndaşını qaçırmaqda və öldürməkdə ittiham edir.
Hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və onlarla qeyri-insani rəftar edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən, Beynəlxalq Qızıl Xaç Komitəsinin Prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad əl Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlayıb. Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə kömək göstərməyə çağırılır. Göründüyü kimi, artıq öz doğma torpaqlarında girov həyatı yaşayan həmvətənlərimizlə bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılsa da, Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə məhəl qoymadan onları cəzalandırmaq üçün dəlillər toplamaqdadır. Ermənistan beynəlxalq birliyin üzvü olsa da, faktiki olaraq üzərinə götürdüyü öhdəliklərə, BMT-nin məlum dörd qətnaməsinin icrasına əməl etmir. Keçən əsrin 90-cı illərindən etibarən Dağlıq Qarabağ münaqişəsi insan hüquqlarının pozulmasının mühüm səbəblərindən birinə çevrilib və bu proses indiyədək davam edir.
Kəlbəcərdə ermənilərə girov düşən mülki vətəndaşlarımızın azad edilməsi işinə yardım etmək üçün yaradılmış Müdafiə Komitəsinin rəhbəri, tanınmış jurnalist Elxan Salahov da, beynəlxalq təşkilatların Dilqəmlə Şahbazın pozulmuş hüquqlarının bərpası üçün Ermənistana sərt təpgi göstərməli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, Dilqəm və Şahbaz heç bir ölkənin sərhədlərini qeyri-qanuni pozmadıqlarından, onlarla cinayətkar kimi davranılması beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, insane hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır: "Torpağından, ev-eşiyindən məcburi köçkün vəziyyətinə salınmış Azərbaycan vətəndaşları isə "nə hərb, nə sülh" vəziyyətinə dözə bilmir. Üstəlik, Ermənistan Silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması səbəbindən qoşunların təmas xəttində insanlar həlak olur, yaralanır, cəbhəboyu kəndlərdə evlər dağıdılır. Çox təəssüf ki, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin qəbul etdiyi 4 Qətnaməyə əməl etməyən Ermənistan bu hərəkətlərinə görə cəzalandırılmır. Bu cəzasızlıq isə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətləri törətmək üçün əl-qolunu açır".
E. Salahov deyir ki, iyul ayının 10-da Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov adlı 3 Azərbaycan vətəndaşının öz dədə-baba yurdu olan Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarət edərkən Ermənistan tərəfindən girov götürülməsi bunu bir daha sübut edir: "Halbuki Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin əməkdaşları tərəfindən girov götürülən bu mülki şəxslər Ermənistanın dövlət sərhədlərini pozmayıb, öz doğma torpaqlarında gəzib, yaxınlarının məzarlarını ziyarət ediblər. Onların hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna getməkdə məqsədləri də elə bu idi və onlar Azərbaycanın dövlət sərhədlərindən kənara çıxmayıblar. Ancaq görünür ki, Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından zorla çıxarılmış soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri daxilində sərbəst hərəkət etmək, ev-eşiyini, yaxınlarının məzarını ziyarət etmək haqqını da pozur, onları girov götürür, işgəncə və təhdidlərə məruz qoyur. Bu, azmış kimi, Ermənistan hökuməti öz torpağını ziyarətə getmiş Azərbaycan vətəndaşlarını "diversant" kimi qələmə verməklə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır. Narahatlığımız isə həm əvvəlki illərdə əsir və girov düşmüş vətəndaşlarımızın, həm də son hadisə - Kəlbəcər rayonu ərazisində girov götürülən Dilqəm Əsgərovun, Şahbaz Quliyevin taleyi ilə bağlıdır. Çünki Ermənistan hökuməti istər münaqişə dövründə, istərsə də atəşkəs sazişinin imzalanmasından sonrakı 20 il ərzində əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarına qarşı vəhşicəsinə davrandığı, onlara işgəncələr verdiyinə dair minlərlə təkzibolunmaz fakt və sübutlar var. Odur ki, hazırda Ermənistanda girovluqda saxlanılan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin hansı işgəncələrə məruz qaldıqlarını təsəvvür etmək çətin deyil. Həmçinin Ermənistan xüsusi xidmət orqanlarının girov saxlanılan məcburi köçkün soydaşlarımızdan fiziki-mənəvi işgəncələrlə, zorakı üsullarla Azərbaycan əleyhinə ifadə almaq cəhdləri də istisna deyil. Biz Ermənistanın bu hərəkətlərini, Azərbaycana və Azərbaycan vətəndaşlarına qarşı düşmənçilik siyasətini pisləməklə yanaşı beynəlxalq ictimaiyyəti baş verənlərə laqeyd qalmamağa çağırırıq. Beynəlxalq təşkilatlardan, xüsusilə də Beynəlxalq Qızıl Xaç Komitəsindən, BMT-dən, ATƏT-dən, və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən xahiş edirik ki, Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin əməkdaşları tərəfindən girov saxlanılan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin saxlanma şəraiti ilə yaxından tanış olsunlar, onlara qarşı işgəncə faktlarını qeydə alsınlar və həmin şəxslərin mümkün qədər tez azad edilərək öz ailələrinə qovuşmasını təmin etsinlər".
E. Salahov deyir ki, girov götürülmüş azərbaycanlılara məhkəmə qurularaq cəza verilsə belə, onlar Dağlıq Qarabağda saxlanıla bilməz: "Ermənilər saxta dəlillərlə girov götürdükləri soydaşlarımıza cəza çəssələr belə, onları Dağlıq Qarabağda həbsdə saxlaya bilməzlər. Bununla onlar beynəlxalq hüququn daha bir tələbini sərt şəkildə pozmuş olacaqlar. Çünki Dağlıq Qarabağ ayrıca respublika kimi tanınmır. Qanunla belə halda 3-cü ölkəyə təhvil verilməlidir.
Azərbaycan Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev isə deyir ki, iki kəlbəcərlinin girov götürülməsi onların mühakimə olunmasına rəvac vermir: "Çünki beynəlxalq hüquqi normalara uyğun olaraq bu, yolverilməzdir".
Əliməmməd Nuriyevin sözlərinə görə, işğalçı tərəf girovlarla münasibətdə diqqətli olmalıdır: "Əvvəla, beynəlxalq humanitar hüququn prinsipləri var. Cenevrə Konvensiyasına görə, mülki əhali müdafiə olunur. Bundan başqa, girov götürülən kəlbəcərlilər öz vətənlərinə gediblər. Ona görə girovlar mühakimə oluna bilməzlər. Əgər mülki şəxs sərhədi qeyri-qanuni keçsəydi, bu başqa söhbət olardı. Bizim həmvətənlərimizin məsələsi isə fərqlidir".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53