Ukraynada keçirilən parlament
seçkilərini Qərbyönlü qüvvələr uddu
Rusiya nəticələri tanıdı, Poroşenkonun bloku Yatsenyukun Xalq Cəbhəsinə məğlub olur
Oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrinə əsasən avrointeqrasiyaya tərəfdar olan Qərbyönlü və millətçi siyasi qüvvələr böyük üstünlüklə qalib gəliblər. Ukrayna Mərkəzi Seçki Komissiyası səsvermədə seçicilərin 52,42%-nin iştirak etdiyini açıqlayıb.
MSK oktyabrın 27-də səhər saatlarına qədər proporsional sistem üzrə bülletenlərin 25,71%-ni hesablayıb. İlkin nəticələrə əsasən 6 siyasi partiya və blok 5 faizlik minimum baryeri aşaraq parlamentdə təmsil olunmaq hüququ qazanıb:
Xalq Cəbhəsi - 21,67%, Petro Poroşenkonun bloku - 21,63%, "Özünəyardım" Birliyi - 9,62%, "Müxalifətçi blok" - 9,57%, Radikal Partiyası - 7,62%, "Batkivşina" - 5,87%.
Qeyd edək ki, Xalq Cəbhəsinə hazırkı baş nazir Arseni Yatsenyuk və Ali Radanın indiki sədri Aleksandr Turçinov rəhbərlik edir. Prezident Poroşenkonun blokuna onun "Solidarnost" Partiyası ilə bərabər Kiyev meri Vitali Kliçkonun "UDAR" Partiyası da daxildir. Seçkilərdə sürprizə imza atan "Özünəyardım" Birliyinə isə Lvov şəhər meri Andrey Sadoviy liderlik edir. Bu blokun namizədlər siyahısında "Donbass" batalyonunun məşhur komandiri Semyon Semyonçenko 2-ci sıradadır. "Müxalifətçi blok" əsasən Regionlar Partiyasının tanınmış nümayəndələrindən ibarətdir. Bu blok yeni parlamentdə Rusiyaya yaxın yeganə siyasi qüvvə olacaq. Radikal Partiyası Ukrayna millətçisi Oleq Lyaşkonun şəxsi nüfuzu əsasında qurulmuş siyasi partiyadır. "Batkivşina" Partiyasına isə sabiq baş nazir Yuliya Timoşenko rəhbərlik edir. Bu partiya seçkidən əvvəl parçalanıb və onun bir çox nüfuzlu nümayəndəsi Xalq Cəbhəsinə keçib.
Rusiyanın ilhaq etdiyi Krımda, eləcə də Donetsk vilayətinin 9 və Luqansk vilayətinin 6 seçki dairəsində səsvermə keçirilməyib.
"Rəsmi Moskva Ukraynada keçirilən növbədənkənar parlament seçkilərini baş tutmuş sayır. Biz rəsmi nəticələri gözləyirik. Hələlik olduqca ziddiyətli məlumatlar var. Lakin sərt və çirkin kampaniyalara baxmayaraq, seçkinin baş tutduğu göz qabağındadır". Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
Onun sözlərinə görə, Ukraynada qüvvələr balansı ölkə rəhbərliyinə cəmiyyətdəki köklü problemlərin həlli ilə ciddi məşğul olmağa imkan verir. "Yeni Ali Radada cəmiyyətin bütün üzvləri, regionların nümayəndələri ilə birbaşa dialoq qurmaq, problemlərin diplomatik yolla həllinə səy göstərmək lazım olacaq", - deyə o vurğulayıb.
Poroşenkonun
toxunulmazlığı ləğv edilə bilər
"Pyotr Poroşenkonun Bloku" Ukraynanın yeni Ali Radasında ölkənin ən yüksək vəzifəli şəxslərin, həmçinin prezidentin toxunulmazlığının ləğvi barədə təklif verəcək. Bu barədə "Pyotr Poroşenkonun Bloku"nun rəhbəri Yuri Lusenko bildirib.
"Ukrayna Konstitusiyasına əsasən ölkə prezidenti səlahiyyətlərin icrası müddətində toxunulmazlıq hüququndan istifadə edir. "Pyotr Poroşenkonun Bloku" dövlətin ən yüksək vəzifəli şəxsinin toxunulmazlığının ləğvi üçün səs verməyə hazırdır", - deyə Yuri Lusenko vurğulayıb.
Kreml: "ABŞ
Ukraynada
Bjezinskinin hiyləgər
planını yerinə yetirir"
Rusiya Gürcüstanla müharibəyə başlayanda Kreml Tiflislə münasibətlərin tez bir zamanda normallaşmasının əsas şərtini səsləndirdi - Moskva prezident Mixail Saakaşvili ilə heç bir münasibət yarada bilməz! Barış yalnız onun gedişindən sonra mümkündür. Bu gün isə düşmən rolunda olan Ukraynanın qarşısına Gürcüstandan fərqli olaraq, prinsipial şərt qoyulmayıb. Bu fikirlər müstəqil jurnalist, "Rus həyatı", "Ekspert" və "Kommersant" kimi nəşrlərin keçmiş əməkdaşı, Rusiya müxalifətinin Koordinasiya Şurasının keçmiş üzvü Oleq Kaşının Almaniyanın "Deutsche Welle" qəzetinin dərc etdirdiyi məqaləsində yer alıb.
Putin Kiyevi
götürmək istəmir
Q.Kaşın qeyd edir ki, Rusiya özünü münaqişə tərəfi kimi göstərməsə də, əslində, bu, belə deyil. O, Rusiyanın Ukraynaya qarşı "hibrid" müharibəsi apardığını, Donbas separatçılarını dəstəklədiyini bildirib. Rus jurnalist vurğulayır ki, Kiyevin Rusiyadan istəkləri aydındır: Luqansk və Donetsk vilayətlərində "xalq respublikaları" ləğv edilməli və Krım qaytarılmalıdır: "Moskvanın sülh üçün nəyi arzuladığı isə hələ də tapmaca olaraq qalır. Donetsk və Luqanskın ayrılması ilə Ukraynanın parçalanması? Odessaya qədər böyük "Novorossiya"? Krım və Dnestryanı əraziyə quru dəhliz? Ukraynanın federallaşdırılması? Əlbəttə, Gürcüstan kimi Ukraynaya da şərt irəli sürülməsi daha yaxşı olardı. Amma Moskva susur".
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Kiyevi iki həftəyə ala biləcəyi barədə qalmaqallı bəyanat versə də, əslində o, bunu etmək istəmir: "Onun üçün ilk növbədə parçalanmış, müharibə nəticəsində zəifləmiş Ukrayna lazımlıdır. Ehtimal olunur ki, Ali Radaya seçkilərdə heç kim böyük üstünlük əldə etməyəcək, Donetsk və Luqanskda separatçı rejimlər heç yerə yox olmayacaq və qış soyuğunda Rusiyanın enerji daşıyıcılarının idxalından asılılıq kritik həddə çatacaq. Putin isə Poroşenko ilə görüşməyə və danışmağa hazırdır. Yəni, Kiyevdə belə bir prezidentin olması onu tamamilə qane edir".
"Sağ sektor"u Moskva maliyyələşdirir?
O. Kaşın bildirir ki, Rusiyanın sərt ritorikasına baxmayaraq, millətçilərin Ukrayna siyasətində iştirakı Putini qane edir: "Ukrayna millətçiləri son aylar Rusiya cəmiyyətinin qorxudulmasına xidmət edən təbliğatın əvəzolunmaz qəhrəmanına çevriliblər. Moskvanın Ukraynada millətçiliyin güclənməsini gizli şəkildə stimullaşdırdığı istisna edilmir. Bəzi məlumatlara görə, millətçi "Sağ sektor" Moskvadan maliyyələşdirilir. Belarus prezidenti Aleksandr Lukaşenko da bu yaxınlarda bəyan etdi ki, "Sağ sektor"un Viktor Yanukoviç tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatlara malikdir. Siyasi provokasiyanın unikal Rusiya tarixi bir neçə yüz ilə gedib çıxır. Rusiya baş naziri Stolıpinin məhz Kiyevdə Rusiyanın xüsusi xidmət orqanları tərəfindən öldürülməsini xatırlamaq kifayətdir. Yüz il ərzində Rusiyanın bu siyasətinin prinsipial olaraq dəyişməsi az inandırıcıdır".
Ukrayna Rusiya, Rusiya isə ABŞ-la vuruşur
"Ukraynalılar əmindirlər ki, Rusiya ilə vuruşurlar. Kremldə isə hesab edirlər ki, Ukraynada ABŞ-la vuruşurlar. Bu barədə Putinin ən yaxın silahdaşlarından biri - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynada ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Zbiqnev Bjezinski tərəfindən nə vaxtsa hazırladığı və indiyə qədər reallaşdırılan hiyləgər planının növbəti epizodu ilə rastlaşıb. Patruşev hədəfin Rusiyanın zəiflədilməsi olduğunu düşünür" - deyə jurnalist bildirib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02