ABŞ yanaşmasında korrupsiya izləri
10:14 13-01-2015
CƏMİYYƏT
ABŞ yanaşmasında korrupsiya izləri
Azərbaycan xarici siyasətində heç bir dəyişiklik etməyəcək
2015-ci il Azərbaycanın xarici siyasətində yeni mərhələ olacaq və bu il bir sıra məsələlər aydınlaşacaq. Ekspertlərin fikrincə bunun başlıca səbəbi Avropa-Azərbaycan, Azərbaycan-ABŞ və Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması ilə bağlı olacaq. Çünki son bir neçə ay ərzində baş verən olaylar sübut edir ki, dünya düzənində yeni nünaslar ortaya çıxır və bunlar heç də uğurlu bir sabahdan xəbər vermir.
Bu günlərdə Parisdə baş verən terror olayı, İŞİD-ə qarşı Avropanın ortaq məxrəcə gəlməsi artıq yeniliyin ilk işartılarıdır. Bununla paralel olaraq neftin qiymətinin həddindən artıq aşağı düşməsi də tərəflərin statusuna ciddi təsir edəcək. Məsələn, dünənə qədər Avropanı enerji resurslarına görə özündən aslı vəziyyətə salan Rusiya bu gün neftin qiymətinin aşağı düşməsinə görə özü aslı bir duruma düşüb.Rusiya bununla razılaşmayacaq və yeni addımlar atmağa çalışacaq. Avropa isə bu dəfə Rusiyaya qarşı basqılarını daha da ciddiləşdirəcək və 2015-ci ildə Rusiya problemini bir dəfəlik həll etməyə çalışacaq. Maraqlıdır, hadisələrin bu qədər tündləşdiyi bir durumda Azərbaycanın xarici siyasətində nələr baş verəcək və hansısa ciddi dəyişikliklərin şahidi olacağıq?. Məsələn, "Geopolitika" jurnalının baş redaktoru Leonid Savin iddia edir ki, bu il Avropa tək Rusiyada yox, regionda ağılasığmaz gərginlik yaradacaq: "2015-ci ildə yeni "narıncı" inqilablar gözləmək olar. Prinsipcə yeni heç nə yoxdur, dövlət çevrilişlərinin bütün texnologiyası köhnədir, təkcə ayrı-ayrı metodikalar modernləşdirilir. Bu da hakimiyyətdə kimin olmasından, əhalinin onu nə dərəcədə dəstəkləməsindən və hansı alətlərə malik olmasından asılıdır". Onun fikrincə, 2015-ci ildə Qərb çox güman ki, Ermənistandakı vəziyyəti qarışdıracaq. Vəziyyətin qarışa biləcəyi ölkələr sırasına Azərbaycanı da daxil etmək olar, çünki L.Savinin qənaətinə görə, Bakının Vaşinqtonla və Qərbi Avropa ilə münasibətləri pisləşir."İlham Əliyev balanslı siyasət aparmağa çalışır, ancaq aydındır ki, Qərb bütün mümkün yollarla onun hakimiyyətini devirməyə çalışacaq"- deyə baş redaktor bildirib.Bu günlərdə açıqlama verən prezident İlham Əliyev isə açıq şəkildə bəyan etdi ki, Azərbaycan tutduğu yoldan yayınmayacaq və hər hansı bir təzyiq heç nəyi dəyişə bilməz: "Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, heç bir öhdəliyimiz ola bilməz. Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola da bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir". Bu isə sübutlayır ki, Azərbaycan xarici siyasətində hansısa dəyişiklik etmək niyyətində deyil. "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu da hesab edir ki, Azərbaycanın xarici siyasətdə dəyişiklik etməsinə ehtiyac yoxdur:" Azərbaycanın xarici siyasəti kifayət qədər doğru siyasətdir və bunu dəyişməyə heç bir ehtiyac yoxdur. Düzdür ola bilsin ki, dünyada elə proseslər ola bilər ki, Azərbaycan həmin sahəyə diqqətini daha çox artırsın. Amma daxili siyasət faktoruna görə dəyişiklik etməyə heç bir ehtiyac yoxdur". Amma bir faktorda var ki, bunu nəzərə almaq vacibdir. Söhbət ABŞ-ın Azərbaycana yanaşmasında tutduğu mövqe və bəzən təzyiq dilində danışmasıdır. Politoloq Mübariz Əhmədoğlu hesab edir ki, əslində bu kifayət qədər ciddi məsələdir və bu ABŞ-ın üç qüsurundan irəli gəlir:" İlk növbədə qeyd edim ki, ABŞ-ın Azərbaycana yanaşması, ümumiyyətlə regiona baxışı qüsurludur və bunun kökündə informasiyasızlıq durur. Açıq şəkildə demək lazımdır ki, ABŞ regionla bağlı çox
informasiyasızıdır və nəticədə belə olaylar yaşanır. İkinci ciddi səbəb budur ki, ABŞ-ın bir sıra dövlət strukturlarında korrupsiya elementləri açıq şəkildə görünür. Elementar bir fakta baxaq. 2015-ci il üçün ABŞ dünya üzrə qrin-kart ayırıb. Bu kartların çox böyük hissəsi isə Ermənistana verilib. Təsəvvürə gətirin ki, Gürcüstanla müqayisədə Ermənistana 2,5 dəfə artıq qrin-kart ayrılıb. Bu isə korrupsiya ilə bağlıdır. Yəni erməni lobbisi korrupsiya yolu ilə ABŞ-da bir sıra mühüm post sahiblərini ələ ala biliblər. Nəhayət sonuncu məqam budur ki, ABŞ son zamanlar açıq şəkildə Ermənistana üstünlük verir. Çünki Ermənistana istifadə olunmağa hazır ölkə kimi baxılır və erməni lobbisi ABŞ beyin mərkəzlərini inandırıb ki, Ermənistan lazımi anda Rusiyaya qarşı addım atacaq. Bütün bunlar isə sonda qüsurlu bir siyasəti ortaya çıxarır". Politoloq hesab edir ki, buna görə narahatçılıq keçirtməyə ehtiyac yoxdur. Əgər 2015-ci ildə də ABŞ Azərbaycana qarşı aqressivlik nümayiş etdirərsə Azərbaycan da eyni tonda reaksiya verəcək. Beləliklə, çıxarılan nəticə budur ki, Azərbaycan daxili siyasətdə stabillik yaratdığı kimi, xarici siyasətdə də bir stabillik yaradıb,bunu heç də dəyişmək niyyətində deyil.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46