Cahangir Əsgərov fövqəladə iclasda kimlərə və niyə qəzəbləndi?
14:14 17-01-2015
CƏMİYYƏT
Cahangir Əsgərov fövqəladə iclasda kimlərə və niyə qəzəbləndi?
"AZAL" prezidenti 500 min dollarlıq qalmaqala görə "divan" qurdu
Azərbaycanın Ağır Atletika Federasiyasındakı problemlər danılmazdır. Federasiya dopinq cəzasını (500 min dollar) ödəyib canını qurtarsa da, millidə idmançı qıtlığı, uğursuzluq baş alıb gedir.
Xatırladaq ki, Ağır Atletika Federasiyasına sponsorluğu və rəhbərliyi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov həyata keçirir.
Ölkənin ağır atletika üzrə yığma komandasının son yarışda da ümidləri puça çıxartması Əsgərovu qəzəbləndirib. Yarış öncəsi qurum ağır atletlərin axtarışına başlamışdı, amma istəyinə nail ola bilməmişdi. Belə ki, dünya çempionatına 3 yeniyetmə idmançı ilə qatılaraq fiaskoya uğramışdı. Bu vəziyyət federasiya rəhbərliyinin qəzəbinə səbəb olub.
Dünən yayılan məlumatlara görə, Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov nəhayət, bütün bu baş verənlərlə bağlı fövqəladə iclas keçirməyə qərar verib. Qurumun prezidenti uğursuzluğa görə federasiyanın bütün üzvlərini tənbeh edib.
Əsgərov beynəlxalq federasiyanın kəsdiyi 500 min dollarlıq cəzanın ödənilməsindən sonra millinin uğursuzluqlarının səbəbini soruşub. Nə yeni baş məşqçi Tamas Feher, nə də digərləri bu uğursuzluğa izah tapa bilməyib.
Əsəbiləşən federasiya rəhbəri hər kəsi tənbeh edib. Cahangir Əsgərovun əsəbi vaxtına tuş gələn adamlardan biri də Ağır Atletika Federasiyasının baş katibi Yavər Hacıyev olub. Yavər Hacıyevin danlanmasına səbəb kimi isə federasiyadakı işlərin nəzarətdən çıxması göstərilir.
Dünənki məlumatlarda həmçinin o da bildirilirdi ki, federasiya rəhbərliyi daha bir şans verib. Aprel ayında keçiriləcək Avropa çempionatında uğurlu nəticə olmasa, hər kəsin məsələsinə yenidən baxılacaq.
Federasiya milli komandaya güclü idmançıları toplamalıdır. Bunun üçün yenidən millidən kənar qalmış idmançılar sınaqdan keçirilə bilər.
Ümumiyyətlə, görünən odur ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi federasiyada işlərin tezliklə yoluna düşəcəyini gözləməyə dəyməz. Proseslərin hazırki gedişi "AZAL" prezidentinin federasiyasında suların bundan sonra hələ bir neçə ay da durulmayacağını deməyə əsas yaradır.
Xatırladaq ki, ötən ilin yazında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcra Şurasının Azərbaycan Ağır Atletika Federasiyasını yarım milyon dollar cərimələdiyi açıqlandı. Həmin məlumat federasiyanın saytında yerləşdirilmişdi. Cəza Azərbaycanın 9 atletinin dopinq qəbuluna görə verilmişdi. IWF Azərbaycan Federasiyasını idmançı, məşqçi və həkimlərin iştirakı ilə bu faktı araşdırmağa da çağırmışdı. Beynəlxalq qurum təqsirsiz idmançıların zərər çəkməməsini əsas götürdüyündən, Azərbaycan Federasiyasını üzvlükdən çıxarmamışdı.
Məlumatda o da deyilirdi ki, dopinq qalmaqalına baxmayaraq, federasiyanın icraçı orqanı özünün "günahsız atletləri cəzalandırmamaq" siyasətinə dayanaraq, Azərbaycanın Ağırlıqqaldırma Federasiyasını yarışlardan kənarlaşdırmamaq qərarına gəlib. Bu qalmaqal onunla nəticələndi ki, yarım milyon dollarlıq cərimə ödənildi, ağır atletlərimizin isə uzun müddətdir beynəlxalq yarışlarda ciddi uğurundan danışmaq mümkünsüzləşib.
Yaranmış situasiyanın Cahangir Əsgərovu ciddi narahat etdiyini və onun yaxın vaxtlarda baş verənlərə "əl qoyacağını", sərt addımlar atacağını "Unikal" olaraq yazmışdıq. "AZAL" prezidentinin fövqəladə iclas keçirməsi və əsəbi şəkildə baş verənlərlə bağlı hesabat tələb etməsi həmin informasiyanın doğruluğunu təsdiqləyir.
Hesab etmək olar ki, bu, hələ başlanğıcdır, yaxın üç-dörd ayda vəziyyət dəyişməzsə, Cahangir Əsgərov rəhbərlik etdiyi federasiyada daha kəskin addımlar atmağa qərar verəcək. Odur ki, zamanı qabaqlamayaq və gözləyək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02