Parlamentdən Avropaya sərt təpki
10:05 03-02-2015
CƏMİYYƏT
Parlamentdən Avropaya sərt təpki
Oqtay Əsədov: "İşimiz gərgin olacaq"
Parlamentin 2015-ci ildəki ilk iclasına Azərbaycan dövlətinin himninin səslənməsi ilə start verilib. İlk iclasda çıxış edən Oqtay Əsədov yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Spiker deyib ki, Milli Məclis Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurlu olması üçün öz öhdəliyinə düşən qanunvercilik prosesini layiqincə yerinə yetirir.
"Bilirsiniz ki, bu çağırış parlamentin səlahiyyət müddətinin başa çatmasına az qalıb. Ona görə də işimiz gərgin olacaq. Bu sessiyada hökumətin hesabatı dinləniləcək, büdcənin icrası haqqında qanun layihəsinə baxılacaq, Ombudsmanın hesabatı dinləniləcək və digər qanunlara baxılacaq".
Daha sonra Milli Məclisdə gündəliyin müzakirəsi oldu. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov AŞPA-da Azərbaycanın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə səs verməsi ilə bağlı yaranan müxtəlif fikirlərə aydınlıq gətirib. Azərbaycanı ittiham edənlərə Avropanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini xatırladıb.
O qeyd edib ki, rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək: "Ancaq biz sanksiyalara qoşulmuruq, bunun əleyhinəyik. Guya deyirlər ki, Azərbaycan işğalçıya dəstək verir, işğalçıya haqq qazandır və sair. Xeyr. Bu, qətiyyən belə deyil. Biz sadəcə sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq. Necə ki, elə həmin Avropa Dağlıq Qarabağ məsələsində ermənilərə sanksiya tətbiq etmək əvəzinə, bizə ancaq dialoq təklif edir. Biz də onlara elə onların öz variantlarını hər yerdə eyni tətbiq etməyi təklif edirik. Bu o demək deyil ki, Ukrayna ilə bağlı nəsə mənfi mövqedəyik. Biz bütün mənalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik". Azərbaycan parlamentinin spikeri beynəlxalq təşkilatları azərbaycanlıların soyqırımı faktlarına laqeyd yanaşmaqda da ittiham etdi.
"Onlardan nəsə
gözləməyə daha
ümid yoxdur"
Deputat Fazil Mustafa çıxış edərək, qondarma "erməni soyqırımı"nın bu il keçiriləcək 100 illiyinə toxunaraq deyib ki, Azərbaycanda buna qarşı ciddi işlər görülməlidir.
Fransa prezidenti Fransua Ollandın ermənilərlə həmrəyliyinə toxunan deputat qeyd edib ki, Xocalı soyqırımının 23 illiyi münasibətilə dünyada "erməni soyqırımı"na həssas olan diplomatlar, deputatlar Bakıya dəvət edilsin: "Onlara tarixdə axtardıqları hansısa "soyqırım" əvəzinə, sivil dünyada baş verən soyqırım cinayətlərini göstərək".
Spiker O.Əsədov isə deputat bildirib ki, Azərbaycan bu istiqamətdə xeyli işlər görür və görəcək: "Kimsə bizim əlimizi tutmayıb. Amma inanmıram ki, o dediyiniz şəxsləri Bakıya dəvət edib, hər şeyi açıq onlara göstərsək belə, fikirləri dəyişsin. Çünki beynəlxalq təşkilatlar azərbaycanlıların məruz qaldığı soyqırım faktlarına laqeyd yanaşır. Mən buna artıq əmin olmuşam və onlardan nəsə gözləməyə daha ümid yoxdur. Öz dərdimizi özümüz həll etməliyik".
Siyavuş Novruzov: "İlk Avropa Oyunları yaxınlaşdıqca böhtanların sayı artır"
"Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb. Müxtəlif primitiv formada şərh verirlər"
Bu barədə millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.
O, qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir: "Bunu Dünya Bankı da yüksək qiymətləndirib. Ölkədə pensiyalar artırılır, yeni iş yerləri açılır. Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı yüksək qiymətləndirib".
S.Novruzov qeyd edib ki, məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub:
"Lakin bəzi qüvvələr bu məsələlərə qara yaxırlar. İlk Avropa Oyunları yaxınlaşdıqca böhtanların sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi Azərbaycan öz haqq yolundadır. Təbii ki, bundan sonra da bu yolu davam etdirmək lazımdır".
"Tarif Şurasının
statusuna yenidən
baxılmalıdır"
"Tarif Şurasının statusu qanunla müəyyənləşməlidir".Bu təklifi deputat Zahid Oruc Milli Məclisin iclasındakı çıxışında səsləndirib. Onun sözlərinə görə, bu qurumda QHT-lərdən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndə təmsil olunmalıdır.
Zahid Oruc yanvarın 12-də Tarif Şurasının benzin və dizel yanacağının qiymətini qanunsuz olaraq qaldırması məsələsini xatırladaraq, bu hadisədən sonra bir sıra sualların açıq qaldığını bildirib:
"Digər sahədə qiymətlərdə nisbi dəyişikliklər baş verdi. O addım əsassız olaraq nityə atılmalıdı idi ki? Haqlı olaraq belə suallar qaldırılır. Şuranın statusu nədir, onlar iqtisadiyyatın stimullaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi prinsipinə nə dərəcədə əməl edirlər? Sübut olundu ki, Tarif Şurası Ai 92 və Aİ 95 qiymətinə yanaşmada çox səhv metodoloji yanaşmadan istifadə edib".
Zahid Oruc hesab edir ki, bu hadisədən sonra qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin siyahısına yendən baxılmasına ehtiyac var.
"Bakıda soyqırımı
muzeyinin
yaradılması ləngiyir"
"Soyqırımı muzeyinin tikilməsi ilə bağlı sərəncamı mərhum dövlət başçısı Heydər Əliyev 16-17 il bundan öncə imzalayıb". Bunu açıqlamasında Xocalının deputatı Elman Məmmədov deyib.
O, bildirib ki, bu sərəncam təkcə Xocalı ilə bağlı deyil: "Heydər Əliyevin 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı ilə bağlı imzaladığı sərəncamın bir bəndi Bakıda soyqırımı abidəsi və soyqırımı muzeyi yaradılması barədə idi. Sərəncamın verilməsindən 16-17 il vaxt keçib. Bu gün həm abidənin, həm də muzeyin yaradılmasında gecikmə var. Məndə olan məlumata görə, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə işlər gedir. O vaxtı təklif etmişdim ki, soyqırımı abidəsi ilə soyqırımı muzeyi Dağüstü Parkda - Şəhidlər Xiyabanının yanında yerləşsin. Yəqin ki, rəhbərlik bunu daha yaxşı məqsədəuyğun bildikləri yerdə tikəcəklər. Hazırda kompleksin harada tikiləcəyi barədə məlumatım yoxdur".
"Həbsxanalarımızdakı məhbusların 30 faizi narkomandır" -
Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycanda narkomaniya probleminin gənc qızların hesabına genişləndiyini deyib. Onun fikrincə, hazırda buna görə həbs olunanların əksəriyyəti istehlakçılardır:
"Bu gün Azərbaycan həbsxanalarında yatan məhbusların 30 faizi narkomanlardır. Çünki qanuna görə kiminsə üstündə 0,5 qram marixuana, 0,5 qram tiryək tapılarsa, bu adamın narkoman olduğu, şəxsi istifadə üçün aldığı qəbul edilir. Amma narkomanlar bunu alanda tərəzi aparmırlar ki, dəqiq çəksinlər, artıq olan kimi onları həbs edirlər. Ona görə də həbs olunanların mütləq əksəriyyəti narkomanlar olur. Narkoman isə cinayətkar deyil, xəstədir. Cəzaçəkmə müəssisələri isə xəstələr üçün müalicə yeri deyil. Xəstələrin həbsxanalara doldurulmasının mənası yoxdur".
Qüdrət Həsənquliyev deyib ki, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Gömrük Komitəsi tərəfindən aparılan işlər sayəsində narkotik maddələrin ölkəyə keçirilməsinin qarşısı alınır. Amma daha çox bu maddələri daşıyanlar və istifadə edənlər tutulur:
"Amma sindikatlar, bu işi idarə edənlər tutulmur. Çünki onlar ölkədən kənarda olurlar, əsasən də İranda. Buna görə də İranla ciddi danışıqlar aparılmalıdır".
Onun fikrincə, son vaxtlar oğurluq hallarının sayının artması, yaşlı insanların 3-5 manata görə qətlə yetirilməsi də narkomanlar tərəfindən həyata keçirilir:
"Təəssüf ki, qızlarımız narkomaniyaya cəlb olunur, özü də bunu kişilər edir. Ona görə də maarifləndirmə işləri gücləndirilməlidir, universitetlərdə, məktəblərdə təbliğat işi qurulmalıdır".
Alimenti ata yox,
dövlət ödəsin -
Deputatdan təklif
Azərbaycanda azyaşlı uşaqları üçün aliment ala bilməyən qadınlara kömək məqsədilə dövlət tərəfindən yeni fond yaradıla bilər. Belə bir təkliflə millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında çıxış edib.
Deputatın fikrincə, 2012-ci ilin sonunda alimentdən imtina edən ataların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun dəyişikliyi problemin həllinə köklü kömək edə bilməyib.
"Bu məsələ daha çox rayonlarda, kəndlərdə özünü qabarıq şəkildə göstərir. Aliment ala bilməyən analar çətin vəziyyətdə qalırlar. Adamların qeyri-rəsmi qazancı olsa da, rəsmi işləmədiyini bəhanə gətirərək, aliment ödəməkdən boyun qaçırırlar. Belə analar azyaşlı uşaqları ilə çox pis vəziyyətdə qalırlar".
Bu cür problemlərdə qadınlara kömək məqsədilə Q.Paşayeva Aliment Fondu yaradılmasını təklif etdi. Belə fond alimenti özü ödəyir, amma əvəzində atadan həmin vəsaiti ala bilir. Hətta işi olmadığını bəhanə gətirənləri işə düzəldir. Belədə analar məhkəmə qapılarında qalmır, işləri yüngülləşir.
Spiker Oqtay Əsədov isə belə bir təkliflə razılaşmayıb. Bildirib ki, belə fond yaratmaqla problemləri daha da artırmaq olar. O.Əsədovun fikrincə bu halda aliment verməyənlərin sayı daha da artmış olar. Spiker bu məsələnin həlli üçün digər vasitələr düşünməyə çağırıb. Hətta çıxış yollarından birini də səsləndirərək, qeyd edib ki, bəzi ölkələrdə alimenti əmlaka yönəldirlər.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15