Xristian olmaq istəyən müsəlmanların sirri
09:59 05-02-2015
CƏMİYYƏT
Xristian olmaq istəyən müsəlmanların sirri
Fərqanə Mehmanqızı: "Bilirsiniz, bu gün Azərbaycanda tək-tük insan dinini düşüncəyə, təfəkkürə əsaslanaraq dəyişir. Əksəriyyət isə bu addımı ümidsizlikdən atır"
Son günlər Avropada İslam dininə qarşı aksiyalar keçirilməkdə və az qala sivilizasiyaların toqquşmasının yenidən şahidi oluruq. Düzdür, hazırda bu proses Fransada baş verən terror olayı ilə bağlıdır. Amma bu terrordan öncə Qərbdə bir həyacan hökm sürürdü və sosioloqlar hesab edirdi ki, yaxın 20 il ərzində Avropada İslamı qəbul edənlərin sayı iki dəfə arta bilər ki, bu da özlüyündə Qərb mədəniyyətini sıradan çıxardacaq. Maraqlıdır, bəs Azərbaycanda dinini dəyişənlər nə qədərdir və əsasən hansı dinlərə və təriqətlərə meyl müşahidə olunur?
"Azərbaycanda dinini dəyişən insanların konkret statistikası yoxdur". Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Aran deyib. Onun sözlərinə görə, Azərbaycanda qeyri-islam dinini və yaxud da əksini qəbul edənlərə hər il rast gəlmək mümkündür.
"İnsan azadlıqlarına və hüquqlarına uyğun olaraq dövlətimiz dini prülarizm şəraitini təmin edib. Azərbaycanda da qeyri-islam təriqətlərinə meyl edən adamlar var. Hətta məlumatımız olub ki, filan qədər adam "Həyat sözü" dini icmasına üzv olub. Sadəcə olaraq ehtiyac duyulmadığından Azərbaycanda dinini dəyişənlərlə bağlı statistika aparılmır. Çünki Azərbaycanda vətəndaşların vicdan azadlığı tam təmin olunub. Bu, Azərbaycan Respublikası Konstitutsiyasının 48-ci maddəsinə təsbit edilib. Həmin maddədə göstərilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. O cümlədən, "Dini Etiqad Azadlığı Haqqında" Qanunun 1-ci maddəsində də bu fikir daha geniş təsbit edilərək, ifadə olunub".
Səyyad Aran həmçinin Azərbaycanda qeyri-islam dininə meyl edənlərin mərkəzlərini də açıqlayıb:
"Bütün demokratik ölkələrdə dini dəyişməklə bağlı tam sərbəstlik var. Avropa ölkələrində, Amerikada başqa qitələrdə də insanların islam dininə meyl etməsinin şahidi oluruq. Azərbaycanda da xristian dininə meyl edən müəyyən insanlar var. Onlar müxtəlif dini sektalarda fəaliyyət göstərirlər. Azərbaycanda dinini dəyişənlər daha çox şəhərlərdə özünü göstərir".Ümumilikdə götürəndə Azərbaycanda dini dəyişmə halları o qədər də kütləvi deyil və bu məsələyə o qədər də yaxşı münasibət olmur. Buna görə dini dəyişmə halları olanda belə bunu gizli saxlamağa daha çox cəhd edirlər. Çox qəribədir ki, öncələr Azərbaycanda yaşayan rus milliyətindən olan şəxslər İslam dinini qəbul edirdilərsə, hazırda xristian dininə, əsasən də katolikliyə meyl müşahidə olunur. Amma Azərbaycanda daha kütləvi hal alan məqam daha çox təriqət dəyişkənliyi ilə bağlıdır. Belə ki, Azərbaycanda hər zaman ənənəvi təriqət olaraq şiəlik və sünnilik qəbul edilirdisə, son 20 ildə sələf təriqətindən olanların sayı daha çox artmağa başladı. Yalnız son iki ildə bu təriqətə meyl azaldı. Bunun isə başlıca səbəbi sələf təriqətində parçalanmaların olması və radikallaşmanın artmasıdır. Suriyada, İraqda İŞİD xətti ilə döyüşlərə gedənlərin mövcudluğu məlum olandan sonra cəmiyyətdə onlardan ehtiyatlanma yarandı. Amma istənilən halda bu gün Azərbaycanda dinini və təriqətini dəyişənlərə yenə rast gəlmək mümkündür. Məsələ ilə bağlı "Unikal"a açıqlama verən psixoloq Fərqanə Qasımlı isə daha maraqlı məqamlara toxundu:" Bilirsiniz, bu gün Azərbaycanda tək-tük insan dinini düşüncəyə, təfəkkürə əsaslanaraq dəyişir. Əksəriyyət isə bu addımı ümidsizlikdən atır. Yəni istər sosial, istər psixoloji problemlərlə yüklənən insanlar yeni çıxış yolu axtarırlar və bu axtarış daha çox mifik-ruhi-dini məqamlarla zəngin olur. Və belə şəxslər hansısa qrupların təsirinə düşəndə qısa zaman ərzində dinini dəyişirlər. Mən dəfələrlə şahidi olmuşam ki, xristian dinini qəbul edən elə şəxslər var ki, bu din haqqında cüzi belə bilgiləri yoxdur. Amma dedikləri tək budur ki, İsa peyğəmbər onlara da kömək edəcək. Bu baxımdan mən hesab edirəm ki, bu şəxslər əslində heç dinlərini də dəyişmirlər. Sadəcə olaraq öz psixoloji tarazlıqlarını qorumaq üçün yeni mühitə can atırlar. Başqa bir məqamı da nəzərinizə çatdırım ki, dinini dəyişib hansısa qrupların təsirinə düşən şəxslər sosial problemlərinin həll olunmasına daha çox ümid edirlər və bəzi hallarda bu şəxslərə maddi dəstək də verilir. Amma bunlar həyacan yaradacaq bir məsələ deyil".
Bunu da qeyd edək ki, son zamanlar dini qurumların fəaliyyətini tənzimləyən qanunvericilik bazasında dəyişikliklər ediləndən sonra yaranmış xaotiklik aradan qalxıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15