Obama Bakı ilə bağlı qərarını verdi
11:01 12-02-2015
CƏMİYYƏT
Obama Bakı ilə bağlı qərarını verdi
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ölkənin rəsmi Bakı ilə münasibətləri bundan sonra hansı istiqamətlər və necə formada gördüyünü yetərincə konkret şəkildə açıqlayıb.
Diplomat fevralın 12-də Azərbaycana gələcək yeni səfir ABŞ prezidenti Barak Obamanın Azərbaycanda xidmət göstərmək üçün onun namizədliyini irəli sürməsindən şərəf duyduğunu bildirib: "Azərbaycana gedəcəyim günü səbirsizliklə gözləyirəm. Çox şadam ki, sizi beynəlxalq münasibətlər fakültəsində təhsil almağa başladığım Corctaun Universitetinin "Riggs" kitabxanasından salamlayıram. Mən 36 ildən çoxdur ki, ABŞ diplomatıyam və müxtəlif yerlərdə çalışmışam. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə güclü əməkdaşlıq qurub və bir sıra eyni məqsədləri bölüşür.
Regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması bizim münasibətlərin iki əsas prioritetidir. Üçüncüsü demokratik inkişafdır. Hər üçü Azərbaycanın sabitliyi üçün labüddür və bizim ikitərəfli münasibətlərimiz üçün mühümdür. Səfir olaraq bütün azərbaycanlılarla bu prioritetlər üzərində işləməyi, xalqlararası əlaqələrimizi dərinləşdirmək və genişləndirməyi səbirsizliklə gözləyirəm.
Qarşılıqlı anlaşmaya əsasən, biz ölkələrimizi daha da yaxınlaşdıra bilərik. Həyat yoldaşım Ann mənimlə birlikdə Azərbaycana gələcək. "Şahplov"un dadına baxmağı, sizin zəngin tarix və mədəniyyətinizlə tanış olmağı səbirsizliklə gözləyirik. Sizcə, biz ilk olaraq hara səfər edək - Beşbarmaq, Yanardağ, yoxsa Qobustana? Səfirliyimizin "Facebook" səhifəsində öz fikirlərinizi bölüşün. Orada həmçinin ABŞ-Azərbaycan əlaqələrinin zənginləşdirilməsi yolları barədə də fikir mübadiləsi apara bilərik" (APA).
Xatırladaq ki, ABŞ Senatı ötən il dekabrın 16-da Robert Frensis Sekutanın bu ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.
Who is Mr. Cekuta?
Robert F. Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibi köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.
Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.
Almaniyada iqtisadi müşavir-səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub (Trend).
Daha əvvəl R.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.
R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.
"Kitabxanadan salam"
və ya bəzi məqamlar
Yeni səfirin videomüraciətinin çəkildiyi məkan Corctaun Universitetinin Riqqs kitabxanasıdır, Cənab Sekutanın dediyinə görə, bu universitetdə təhsil aldığı üçün kitabxana da ona doğma yerlərdən biridir.
Daha sonra R.Sekuta 36 il diplomat işlədiyini xüsusi vurğulayır və sonra keçir bilavasitə müraciətə.
Beləliklə, müraciətin elə ilk saniyələrində rəsmi Vaşinqton səfiri vasitəsilə Bakıya iki mesaj yollayır:
1. ABŞ-Azərbaycan əlaqələri bundan sonra praqmat, realist və praktiki məqsədlərin təminatı üzərində qurulacaq,
2. Vaşinqton-Bakı təmasları mütləq şəkildə diplomatiya çərçivəsində olmaqla yanaşı, təmasların bu günədək olan təcrübəsi də unudulmayacaq.
Cənab səfir çəkilişlərin anturajının seçimində müstəqil olub, yoxsa çalışdığı Dövlət Departamentinin siyasi PR mütəxəssisləri Riqqs kitabxanasını seçiblər - dəqiq bilinmir və bunu yalnız ehtimal etmək mümkündür.
Lakin bilinən budur ki, ABŞ diplomatiyasının və siyasi idarəetmə təcrübəsinin yazılmamış qaydalarından birinə görə, siyasətçi çalışacağı, danışıqlar aparacağı və ya idarə edəcəyi tərəfə üz tutunca arxa planda kitablar olursa - çıxış emosiyalar yox, praqmat informasiya üzərində qurulub.
Yəni obrazlı desək, "sizə deyəcəyim kəlmələr hisslərə yox, məlumatlara, informasiyalara və toplanan biliklərə əsaslanır" ismarıcı videoanturaj formasını alır.
Robert Sekuta da Bakıda çalışacağı müddətdə ABŞ-Azərbaycan münasibətlərinin indiyədək olan təcrübəsindən bəhrələnməklə yanaşı, əlaqələrin qarşılıqlı sayğı və bilgiləndirilmiş mübadilə üzərində qurulacağına işarə vurur.
Digər məqam 36 illik təcrübənin xatırlanmasıdır. R.Sekuta bəlkə də qəsdən olmayaraq ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinə indiyədək başçılıq etmiş şəxslər arasında bir neçəsinin fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə müdaxilə sayıla biləcək bəyanatlarından və bu bəyanatların da rəsmi Bakı tərəfindən tam normal olaraq narazılıqla qarşılanmasından xəbərdar olduğuna işarə vurur.
36 illik təcrübə həm də səfirin təmsil etdiyi ölkəsinin maraqları ilə ümdə mənafelərinin çalışdığı dövlətdəki bu və digər siyasi qüvvələri "şad etmək", daha konkret yazsaq, həmin qüvvələri idarə etmək üçün radikal açıqlamalar verməsinin yolverilməzliyinin aprior olduğunu bir daha izah etməyə ehtiyac duyulmaması deməkdir.
Həmin təcrübə ABŞ səfirinin Azərbaycandakı radikal siyasi qruplardan birinə və ya bir neçəsinə aşkar dəstək vermək, hakimiyyət-müxalifət münasibətlərinə əvvəlcə "arbitr", sonra isə tərəf kimi qatılmaq və bununla da Bakı-Vaşinqton münasibətlərini sərinləşdirə biləcək addımların atılmasını, sözlərin deyilməsini, şərhlərin verilməsini istisna etməlidir.
Prioritetlər seçildi. Buyurun, razılaşın...
Robert F.Sekuta müraciətində yetərincə ilginc sayılacaq daha bir fikri səsləndirib: "Regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması bizim münasibətlərin iki əsas prioritetidir. Üçüncüsü demokratik inkişafdır. Hər üçü Azərbaycanın sabitliyi üçün labüddür və bizim ikitərəfli münasibətlərimiz üçün mühümdür".
Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə son aylarda yaşandığı iddia edilən gərginliklərdən biri də məhz ölkəmizdəki müxalifətçilərin "Vaşinqton Azərbaycanda demokratiyanın inkişafından çox narazıdır və bu problemi ikitərəfli əlaqələrdə prioritet müzakirə mövzusuna çevirib" tipli açıqlamalarla söykənən məqamlardı.
Əfsuslar olsun ki, Azərbaycandakı müxalifət partiyalarının liderləri, onları dəstəkləyən şəxslər və həmin şəxsləri ictimai fəallar sayanlar Vaşinqtonun duruma münasibətini öz maraqlarına uyğun olaraq - həmişəki kimi - təhrif edirlər.
ABŞ Azərbaycandakı prosesləri ölkəmizin daxili, yəni inklüziv işi sayır və müdaxilələr etmək niyyətində də deyil.
Həm də ona görə ki, hər hansı müdaxilə üçün ümumiyyətlə səbəb yoxdur.
Birləşmiş Ştatlar üçün Azərbaycanla təmaslar müstəvisində ön planda duran nüans müxalifətçilərimizin bitmək bilməyən şikayətləri yox, Bakı ilə tərəfdaşlığın genişləndirilməsidir.
Bəhs olunan genişlənmə isə regional təhlükəsizlik və iqtisadi inkişaf məsələləridir.
Yeni səfir də məhz bu məqamları prioritet saydığını açıqladı.
Səfir Vaşinqtonun siyasətinin yeni, əslində həmişəki konturlarından bəhs etdi və bəlli olur ki, dəyişən əslində, sadəcə, ABŞ-ın Bakıdakı səfirinin kimliyidir.
Münasibətlər əvvəlki kimi qalır.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27