ATƏT-in aktivliyi və müharibə çağırışları
10:56 14-02-2015
CƏMİYYƏT
ATƏT-in aktivliyi və müharibə çağırışları
Rəfail Becanov:"Ekspertlərin müharibə başlaya bilər ehtimalı isə məncə, daha çox Rusiya amili ilə bağlıdır"
Son zamanlar Dağlıq Qarabağ problemi ciddi müzakirə obyektinə çevrilib və bu müzakirələr atəşkəsin sistemli şəkildə pozulması ilə müşahidə olunur. Dünənə qədər müharibə etimalını qəbul etməyən ekspertlər indi müharibəni mümkün variant kimi dəyərləndirirlər. Görünür bu səbəbdən ATƏT-in Minsk qrupu da regiona diqqəti artırıb və həmsədrlər sistemli şəkildə bölgəyə səfərlər edirlər.
Amma ortada heç bir real nəticə yoxdur. Bu nəticəsizliyi təhlil edən konfliktoloq, "Karneqi" fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas De Vaal Dağlıq Qarabağda müharibə təhlükəsinin kəskin artdığını və dünya birliyinin təcili olaraq bura diqqət yönəltməsinin vacib olduğnu xatırladıb: "Bu il müharibə siqnalı daha vahiməli səslənir. Münhen konfransında ATƏT 2 həftə ərzində sayca 3-cü dəfə münaqişə ilə bağlı bəyanat yaydı. Adətən, təmas xəttində sakit keçən yanvar ayında bu il 12 ölü və 18 yaralı var".
De Vaalın fikrincə, Dağlıq Qarabağda yeni müharibə hər iki tərəfin böyük itkilər verməsi ilə nəticələnəcək. Ekpert Azərbaycanın Qarabağı hərbi yolla azad etmək istəməsi qarşılığında sürprizlərlə üzləşəcəyini ehtimal edir: "Dağlıq landşaftı və ermənilərin müdafiə sistemlərini nəzərə alsaq, əməliyyat asanlıqla uğursuzluğa düçar ola bilər. Bu isə nəinki minlərlə gəncin Qarabağ ətrafında həlak olması ilə, həm də indiki Azərbaycan hakimiyyətinin mövcudluğuna da təhlükə ola bilər. Bakı üçün qılınc oynatmaq, atəş açmaqdan daha təhlükəsizdir". Sonda De Vaal ötən ilin noyabrında Ağdam istiqamətində vurulan hərbi helikopterlə bağlı fikirlərini yazaraq, yaya qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını vacib bilib: "Erməni helikopteri Azərbaycan mövqelərinə hücum etməmişdi, lakin görünür ki, hava obyekti tərəflərin uçuş üçün qadağan olunduğunu razılaşdırdıqları 5 kilometrlik zolağa daxil olmuşdu. Əgər münaqişə nə vaxtsa alovlanarsa, bu Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olacaq. Bütün bunlar Qarabağ ətrafındakı vəziyyəti Ukrayna hadisələrinin rezonansı və qeyri-müəyyən geosiyasi kontekstdə təhlükəli edir. Təcili olaraq yazın və uzun, isti, potensial təhlükəli yayın gəlişinə qədər problemə diqqət yönəltmək lazımdır". Ümumiyyətlə son zamanlar baş verən prosesləri "Unikal"a şərh edən ekspert Rəfail Becanov hesab edir ki, Dağlıq Qarabağ problemi ətrafında ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlanması prinsipcə, regionda baş verənlərə adekvatdır:" Çünki Rusiya-Ukrayna münaqişəsi, Krımın ilhaqı, Donbasda yeni bir münaqişə regionunun yaranması indiki durumda Qarabağ problemi ilə bağlı ATƏT-i fəallaşmağa məcbur edir. Ukraynada baş verənlərin nə ilə sonuclanacağını hələ proqnozlaşdırmaq mümkün deyil. Bu isə ATƏT-in, bütünlükdə Qərbin yeni bir problemlə üz-üzə qalmasını göstərir. Ona görə də Qərb heç olmasa, köhnə münaqişələrdən birində müəyyən irəliləyişə nail olmaq lazımdır prinsipi ilə hərəkət edir. Rusiya Ukraynadan qalib çıxacaqsa, Dağlıq Qarabağ problemindən istifadə edərək, Azərbaycana təzyiqləri artıracaq. ATƏT-də bunu dərk edirlər. Ermənistan Avarsiya İttifaqına qoşulub və inandırıcıdır ki, hər zaman Rusiyanın diqtəsini icra edəcək. Digər bir tərəfdən isə Azərbaycan prezidentinin sərt mövqeyi onların fəallaşmasına səbəb olub. Prezident açıq deyir ki, biz sülh istəyirik, amma sona qədər də səbr etməli deyilik. Eyni zamanda prezident İlham Əliyev Mins Qrupu ilə bağlı da mövqeyini açıq şəkil bildirir ki, Minsk Qrupu ona göstərilən etimadı doğrultmur, üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilmir. Azərbaycan cəmiyyətinin də bu məsələdə mövqeyi birmənalıdır ki, Minsk Qrupu fəaliyyətsizdir və bu bizə fayda verməyəcək. Minsk Qrupunun tərkibinin dəyişdirilməsi və ya genişləndirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Reallıqdır ki, Azərbaycan hərbi gücünə görə Ermənistandan qat-qat üstündür və istənilən zaman güc yolu ilə öz torpqalarını azad edə bilər. Bu da Minsk Qrupunda bir xof yaradır.
Konkret olaraq, indiki situasiyada genişmiqyaslı müharibənin başlanması ehtimalı isə azdır. Ola bilsin ki, lokal toqquşmalar baş versin, intensiv surətdə atəşkəs pozulsun, amma bu, hələ ki, geniş anlamda müharibə xarakterli olmaycaq. İndiki müharibə imitasiyasının isə bir neçə səbəbi var. Birincisi, "forpost ölkə" funksiyasını yerinə yetirən Ermənistanın Rusiya tərəfəindən buna təhrik edilməsidir. Rusiya bununla Azərbaycana təzyiq edir. Digər bir məqam isə cinayətkar Sarkisyan xuntasının müharibə görüntüsü ilə daxili qarşıdurmaları səngitmək cəhdidir. Ermənistanda daxili vəziyyət acınacaqlıdır. Erməni əhalisi ilə hakimiyyət arasında dərin və həm də regional qarşıdurma var. Sarkisyan və komandası daxili böhrandan çıxmaq, xunta rejimini qoruyub saxlamaq üçün hazırda belə bir görüntü yaradır. Əslində Ermənistan rəhbərliyi aydın dərk edir ki, genişmiqyaslı müharibə başlayarsa, Azərbaycanın nəinki işğal olunmuş torpaqları, bütün Ermənistanı işğal etmək üçün ciddi resursları, güclü ordusu, hərbi texnikası vardır. İndi ötən əsrin 90-cı illəri deyil. Azərbaycan müdafiə və hücum qüdrətindədir. Ağdamda erməni helikopterinin vurulması, ötən ilin avqustunda düşmənin çoxlu itki verməsi bunun sübutudur və məncə, Sarkisyan da, onun komandası da bunu dərk edirlər.
Ona görə də indiki halda genişmiqyaslı müharibənin başlamasını ehtimal etmək yox, ayrı-ayrı diversiya hərəkətlərini gözləmək olar. Ekspertlərin müharibə başlaya bilər ehtimalı isə məncə, daha çox Rusiya amili ilə bağlıdır. Nəinki Ukraynadan qalib, hətta məğlub çıxmış Rusiya da bu müharibənin başlamasına rəvac verə, yeni bir qisasçılıq ampulasından çıxış edə bilər".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15