"Neqativ halları ictimaiyyətin diqqətinə çatdırmaqda maneə yoxdur"
11:58 15-02-2015
CƏMİYYƏT
Asəf Rzayev: "Dövlət tərəfindən KİV-lərə maliyyə ayrılmasını söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi dəyərləndirmək yanlışlıqdır"
Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin inkişafı istiqamətində dövlət tərəfindən lazımi addımlar atılır. "Unikal" qəzetinin qurucusu Asəf Rzayev "Reytinq"ə müsahibəsində ölkəmizdə söz və mətbuat azadlığının vəziyyəti, mətbuatın inkişafı üçün görülən işlər və mövcud problemlərdən danışıb. A.Rzayev deyib ki, Azərbaycanda azad mətbuatın inkişafı üçün bir çox işlər görülüb:
- Hazırda ölkədə 500-dən artıq qəzet, bir çox telekanallar, radiostansiyalar fəaliyyət göstərir. Bu, söz azadlığının nəticəsidir ki, istənilən qəzetdə həm hökumət, həm də ayrı-ayrı məmurlar haqqında tənqidi məqalələr görmək mümkündür. Hətta bəziləri bu azadlıqdan sui-istifadə edərək təhqiramiz fikirlərin mətbuat səhifələrində yer almasına da şərait yaradırlar.
Dövlətin, ilk növbədə cənab Prezidentin mətbuata diqqət və qayğısı nəticəsində azad sözə geniş imkanlar yaradılıb. Prezident dəfələrlə məmurlara müraciət edərək jurnalistləri yazdıqları tənqidi məqalələrə görə məhkəməyə verməməyə çağırıb. Sözsüz ki, bütün bunlar ölkənin demokratik inkişafı üçün vacib addımdır.
- Amma yenə də narazı olanlar, söz və mətbuat azadlığının boğulduğunu iddia edənlər var...
- Bu mövqedə olanlar ya yanılırlar, ya da qərəzlidirlər. Çünki reallıq tamamilə başqadır.
Uzağa getməyək. Rəhbəri olduğum qəzetin müstəqilliyi, hadisələrə həssas yanaşma imkanları mənə əsas verir deyim ki, Azərbaycanda azad söz var və bundan bəhrələnməklə normal qəzet çıxarmaq mümkündür. Bu mənada "Unikal" qəzetinin qarşısında hər hansı maneə yoxdur. Bu gün istədiyimiz məmurun nöqsanlarını araşdırıb açıq şəkildə cəmiyyətə çatdırmaq söz azadlığı deyil, bəs nədir?
Demək istəyirəm ki, bu gün Azərbaycanda azad mətbuat var və bu dəyərlər qorunur. Eyni zamanda, müstəqil mətbuatın normal inkişafına yeni imkanlar tanınır. Demək olar ki, ölkədə fəaliyyət göstərən əksər mətbu orqanlar azad fikirlərini cəmiyyətə çatdıra bilirlər. Amma müəyyən KİV-lər bəzən azad sözlə, təhqiri qarışıq salıb, təhqirə meyl edirlər. Əslində, təhqirə üstünlük vermək azad sözün boğulması, insan haqlarının bir başa pozulmasıdır. Çünki söz azadlığını başqasının şərəf və ləyaqətindən üstün tutmaq olmaz.
Elə uzağa getməyək, bir müddət öncə Fransada terror aktı həyata keçirildi. Nəticədə məlum oldu ki, bu jurnalda milyonlarla insanın etiqad etdiyi İslam dininin peyğəmbəri təhqir olunub. Düzdür, hamı terror aktını pisləsə də, dünya liderləri də təhqiri yolverilməz saydılar. Buna görə də hesab edirəm ki, ötən illərlə müqayisədə təhqir aradan qaldırılır və əvəzində azad söz önə keçir. Əgər KİV-lərin bir aylıq dövrünün monitorinqini aparsanız görərsiniz ki, Azərbaycanda məmurlarla bağlı nə qədər tənqidi məqalələr yazılır. Təbii ki, bütün bunlar cənab Prezident İlham Əliyevin demokratik düşüncəsindən və idarəetməsindən irəli gəlir. Əgər məmurların neqativ yönümlü fəaliyyətini lazımi şəkildə araşdırıb ictimaiyyətə təqdim ediriksə, deməli, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunub.
Şübhəsiz ki, dünyada söz və mətbuat azadlığının olmadığı ölkələr də var. Həmin ölkələrdə nəinki yüksək vəzifəli məmurlar, heç kiçik məmurlar haqqında da tənqid yazmaq mümkün deyil. Bizdə isə neqativ halları ictimaiyyətin diqqətinə çatdırmaqda maneə yoxdur.
- Son dövrlər ölkəmizdə bir sıra hadisələr baş verdi ki, bəziləri bunu söz və mətbuat azadlığına təzyiq kimi dəyərləndirirlər. Xədicə İsmayılın həbsi, "Azadlıq" radiosunda yoxlamaların aparılmasını da azad sözə basqı kimi dəyərləndirənlər var. Bu fikirlərlə razısınızmı?
- Bu fikirləri qətiyyən bölüşmürəm. Ölkəmizdə kifayət qədər mətbu orqan var və hər biri də ayrı-ayrılıqda müstəqil fəaliyyət göstərir. Amma elə mətbu orqanlar da var ki, hansısa xarici qüvvənin təsiri altındadır. Xədicə İsmayıl kimiləri də bu qəbildən olan media nümayəndələrindəndir. Hamımıza məlumdur ki, Xədicə İsmayıl peşə fəaliyyətinə görə həbs olunmayıb. Sadəcə olaraq, xaricin təsiri altında fəaliyyət göstərən media orqanları elə obraz yaradıblar ki, guya Azərbaycanda söz azadlığı pozulub. Xədicə İsmayıl da, Rauf Mirqədirov da başa düşmək istəmirlər ki, onlar peşə fəaliyyətlərinə görə yox, törətdikləri konkret cinayət əməlinə görə həbs olunublar. Demək istəyirəm ki, bəziləri xarici qüvvələrin, bizim əzəli düşmənimiz olan erməni xüsusi xidmət orqanlarının əlində alətə çevrilib. Onları müdafiə edənlər də çox güman ki, fəaliyyətlərini xarici qüvvələrin çətiri altında davam etdirirlər.
Mən, "Azadlıq" radiosunda aparılan yoxlamanı mətbuata basqı kimi dəyərləndirmirəm. Çünki orada aparılan yoxlamanın jurnalistlərin peşə fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, bu gün Azərbaycan mediasında bir qrup formalaşıb ki, onların fəaliyyətinin jurnalistikaya heç bir aidiyyatı yoxdur və hansısa sifarişi həyata keçirirlər. Sadəcə olaraq, bəzən hətta yetkin siyasi qüvvələr də onlara irad bildirmək istəmirlər. Çünki tribunanın onlara qarşı yönəlməsindən çəkinirlər.
Sonuncu bir məqama da toxunmaq istəyirəm. Son zamanlar Xədicə İsmayıl başda olmaqla, həbs olunanların fəaliyyəti araşdırılan zaman aydın oldu ki, bir il ərzində bu şəxslərə müxtəlif adlarla 2-4 milyon dollar arası pul verilib. Xaricdən göndərilən bu pulların hara xərclənməsi ilə bağlı heç bir bilgi yoxdur. Gəlin, bu reallıqları bir kənara qoyub Xədicə İsmayıl kimilərinin həbsini söz azadlığının boğulması kimi qiymətləndirməyək. Məsələyə ədalətli yanaşmaq lazımdır. Media libası geyinmək heç kimə haqq vermir ki, qanunları pozsun, milli və dövlətçilik maraqlarının əleyhinə iş aparsın, yaxud hansısa cinayət törətsin.
- Ölkə başçısının sərəncamı ilə artıq neçə müddətdir mətbuatın inkişafına dövlət büdcəsindən maliyyə ayrılır. Bəziləri isə deyir ki, mətbuata dövlət tərəfindən maliyyə ayrılırsa, artıq azad sözdən danışmaq olmaz. Bu fikirlə razılaşırsınız?
- Dövlət tərəfindən mətbuata maddi dəstəyin verilməsini müsbət qiymətləndirirəm. Həqiqətən də KİVDF-nin yaradılması, mətbuatın inkişafı üçün maliyyə vəsitinin ayrılması və bu kimi bir sıra tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət tərəfindən KİV-lərə maliyyə ayrılmasını söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi dəyərləndirmək yanlışlıqdır. Çünki bu gün Azərbaycanda nəşr olunan qəzetlərin böyük əksəriyyəti KİVDF-nin maliyyə dəstəyi ilə işıq üzü görür.
Gəlin, KİVDF tərəfindən maliyyələşdirilən qəzetlərə nəzər yetirək. Hansı qəzetin səhifələrinə baxsanız görərsiniz ki, hansısa nazir, icra başçısı, ya da digər məmurlar tənqid olunublar. Əgər dövlət tərəfindən qəzet maliyyələşirsə, həmin mətbu orqan hakimiyyəti, ayrı-ayrı məmurları tənqid edirsə, dövlətdən asılı olmaq iddiası da məntiqli görünmür. Yenə də deyirəm, bu gün Azərbaycanda söz və azad mətbuat var.
Başqa tərəfdən, gəlin aydınlaşdırağın, KİVDF qəzetlərə maliyyə ayıranda hansı şərtlər qoyulur və bu şərtlər mətbu orqanların müstəqilliyinə nə qədər təsir edir?
KİVDF mətbu orqana konkret bir mövzu verir və müəyyən müddət ərzində həmən mətbu orqan bir səhifə ərzində ya gündəlik, ya da həftəlik olaraq o mövzuda yazı dərc edir. Verilən mövzular isə insan haqlarının qorunması, söz azadlığı, Dağlıq Qarabağ problemi kimi mövzularda olur və əsas məqsəd də siyasi-ictimai maarifləndirməni təmin etmək olur. Kim deyə bilər ki, KİVDF maliyyə ayırdığı qəzetə hansısa məmuru, naziri tənqid etməyə, siyasi prosesləri işıqlandırmağa məhdudiyyətlər qoyur? Sözsüz ki, belə hallar yoxdur və buna görə KİVDF ilə əməkdaşlıq söz azadlığına problem kimi yox, dəstək kimi dəyərləndirilməlidir.
Bəs, beynəlxalq təşkilatlar hansısa mətbu orqana maliyyə ayıranda hansı prinsiplər nəzərə alınır? "Azadlıq" radiosunun timsalında gördük ki, xarici donorlar mətbu orqanlara maliyyə ayıranda ümumilikdə onların siyasi baxışlarından tutmuş, yanaşmalarına qədər bütün məsələləri öz nəzarətlərinə götürürlər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, söylədiyiniz fikir öz təsdiqini heç bir halda tapa bilməz.
- Bir müddət öncə PA rəhbəri Ramiz Mehdiyev müşavirə keçirərək hərbi sahə ilə bağlı mətbuatın qeyri-peşəkarlığından şikayət etdi. Sizcə, 20 ildən çoxdur ki, müharibə şəraitində olan bir ölkənin mətbuatı hərbi sahədə niyə peşəkar sayılmır?
- Əvvəla qeyd etməliyəm ki, həmin müşavirə öz bəhrəsini verdi. O ki qaldı qeyri-peşakarlığa, heç bir təcrübəsi olmayan şəxslərin bu gün mətbuatda çalışması da bu sahədə öz sözünü deyir. Hərə bir sayt və ya qəzet açıb dəqiqləşdirilməmiş informasiyanı yayanda nəticə elə belə də olmalıydı. Müharibə şəraitində olan ölkədə hərbi sahə ilə bağlı informasiyalar daha ciddi şəkildə dəqiqləşdirilməlidir. Digər tərəfdən, həmin anlarda aydın oldu ki, bir sıra qəzetlər, xəbər portalları mənbə olaraq sosial şəbəkələrdən, daha çox "facebook"dan istifadə edirdilər. İndi təsəvvürünüzə gətirin ki, saxta profil açmış bir erməni sosial şəbəkə vasitəsi ilə dezinformasiya yayır, Azərbaycan mətbuatı isə bunu tirajlayır. Sizcə, bu nə qədər peşəkar yanaşmadır?
Onu da unutmayaq ki, Ermənistan tərəfi uzun illər məhz dezinformasiya ilə işləyərək Azərbaycana ağır zərbələr vurub. Bu gün isə bəzi xəbər portalları onların işini daha da yüngülləşdirir. Buna görə də belə bir müşavirəyə ehtiyac var idi və bunun ilkin nəticəsi o oldu ki, Müdafiə Nazirliyi ilə media arasında sıx bağlılıq yarandı. Hesab edirəm ki, bir də ötən aylardakı kimi hadisələr baş verərsə, media daha ayıq fəaliyyət göstərəcək.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15