Bakının "Semaşko"su dağılır
Tibbi Sığortanın tətbiqi illərdir mövcud olan sistemin üstündən xətt çəkəcək
Azərbaycanda yaxın vaxtlarda İcbari-Tibbi Sığorta sistemi tətbiq olunacaq. Bu, yeni səhiyyə sektoruna, maliyyə sisteminə keçid, həm də dövlətin səhiyyə yükündən azad olunması üçün müsbət dönüş yaradacaq. İndiki zamanda bütün dünyada səhiyyəni saxlayan, yaşadan məhz sığorta sistemidir.
Ümumiyyətlə, ölkədə keyfiyyətli tibbi xidmətin təşkili üçün səhiyyə sahəsində ciddi islahatların aparılmasına, maliyyələşdirmə mexanizmində dəyişikliklərin olunmasına ciddi ehtiyac olduğu üçün yeni metodların tətbiqi labüddür.
Hazırda Nazirlər Kabineti tərəfindən İcbari-Tibbi Sığorta ilə bağlı təkliflər paketi hazırlanır. Xarici ölkələrdə olduğu kimi, bunun Azərbaycanda da həyata keçirilməsi nə dərəcə də önəmlidir və cəmiyyət üçün faydası nədən ibarətdir?!
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, tibbi sığortanın olması çox vacibdir. Bir çox problemlərin həllinin tapması üçün həm icbari, həm də könüllü sığorta çox böyük rol oynayır. Çünki insanlar özləri sığorta olunmağa maraq göstərsələr səhiyyədə problemlərin 70-80 faizi aradan qalxar.
O, hökumətin, Səhiyyə Nazirliyinin tibbi sığortanın tətbiqinə, inkişafına maraqlı olduğunu söyləyib: "Tibbi sığorta səhiyyəyə yeni impuls verə bilər. Azərbaycanda könüllü tibbi sığorta var, özəl şirkətlər tərəfindən aparılır. Böyük şirkətlər bundan istifadə edirlər. İndi söhbət icbari tibbi sığortadan gedir. Səhiyyə Nazirliyi tibbi sığorta ilə məşğul olmur, bununla Nazirlər Kabineti yanında yaradılan İcbari- Tibbi Sığorta üzrə Dövlət Agentliyi məşğul olub.
Onun sözlərinə görə, tibbi sığorta bir yenilikdir və səhiyyənin inkişafına fayda verəcək. Bilirsiniz ki, Azərbaycanda maliyyələşmə keçmiş sovet sistemi əsasında qurulub. Bu, "semaşka" sistemidir. İndi bu sistem özünü doğrultmur və vaxtı çatıb ki, səhiyyə tibbi sığorta sisteminə keçsin. İcbari sığorta müəyyən məsələlərə təminat verir, insanlara harda müalicə olunması üçün seçim verir. Yəni insan pullu, ya pulsuz olmasına baxmayaraq, rahat şəkildə istədiyi yerdə müayinə və müalicədən keçəcək.
Bundan başqa, əsas məsələdən biri həkim-posient arasındakı qeyri-rəsmi pul söhbətlərini aradan götürür. Yəni peşəkar həkimin maaşı yüksək olur, qazancı yüksək olur. Həkimlə posient, posientlə tibb müəssisəsi arasında qeyri-etik məsələlər aradan qalxır.
Nazirlik rəsmisi deyib ki, məbləğ məsələsinə gəlincə, tibbi sığortanın məbləği cürbəcürdür. Vətəndaş 100 manatdan başlayaraq 30 min manatadək sığortalana bilər. Burada müxtəlif paketlər olur. İndi hökumət tərəfindən texniki nüanslar işlənilir. Yəni 100 manatlıq paketə, 500 manatlıq paketə, yaxud 30 min manatlıq paketə nələr daxildir.
A.Qədirli vurğulayıb ki, tibbi sığorta məsələsi bütün özəl və dövlət sektoruna şamil olunur. Burada əsas məsələlərdən biri həm mütəxəssis, həm avadanlıq, həm də şərait baxımından özünü doğruldan klinikaların seçilməsidir. Tibbi sığortada özəl və dövlət sektoru anlayışı yoxdur və sahələrə bölünmür. Əgər xəstə sığortalıdırsa və tibbi sığorta paketinə hansı xəstəxanalar daxildirsə,- özəl, ya qeyri-özəl,- gedib orada müayinə və müalicə oluna bilər.
Ekspertlərin fikrincə, icbari-tibbi sığorta sisteminin tətbiqini şərtləndirən əsas amillərdən biri tibbi müalicə protokolların hazırlanması, müalicə olunan ayrı-ayrı xəstəliklərin növlərinin dəyərinin müəyyənləşdirilməsidir. Digər məsələ, baza xidmətlər paketin müəyyən olunması, müxtəlif sosial təbəqələrin sığortaya cəlbi ilə bağlıdır. Yəni müəssisələrin, təşkilatların, işçilərin və vətəndaşların bu prosesdə iştirakı konkret müəyyən olunmalıdır.
Baş nazirin müavini Əli Əhmədov da bir müddət əvvəl mətbuata bildirmişdi ki, Azərbaycanda 1999-cu ildə "İcbari-tibbi sığorta haqqında" qanun qəbul edilib. Bu qanunun mühüm müddəalarından biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar, bu qanun indiyə qədər yerinə yetirilməyib. İndi bu məsələ üzərində ciddi iş aparılır. İcbari-tibbi sığortanın tətbiqi 9,5 milyon əhalinin hər birinin mənafeyinə xidmət edən, həcminə, əhatə dairəsinə görə geniş və ciddi məsələdir. Güman edirəm ki, görülən işlər qanunun tətbiq olunmasına gətirib çıxaracaq.
Sosial şəbəkələrdə isə bu məsələyə müxtəlif cür yanaşılır: "Azərbaycanda icbari-tibbi sığorta sisteminin tətbiqinə mane olan ən vacib məsələ mövcud səhiyyə sisteminin qalmasında maraqlı olan qüvvələrdir. Müəyyən dairələr səhiyyə sistemində islahatların aparılmasını istəmirlər. Çünki onların iqtisadi imkanları getdikcə artır. Onlar üçün icbari tibbi sığorta sisteminin tətbiqi əl vermir, səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsi daha əlverişlidir.
İndi əksər səhiyyə müəssisələri və təşkilatları dövlət büdcədən maliyyələşir. Bu, keçmiş SSRİ-dən qalma sistemdir. İndi isə dövr dəyişib, müasir texnologiyalar daha çevik və səmərəli idarəetmə tələb edir. Tibbi sığortanın tətbiqində dövlət özü maraqlı olmalıdır. Çünki, belə olan halda xəstəxana və poliklinikaların, klinakaların maliyyələşməsində dövlət büdcəsinin yükü azalacaq, səhiyyəyə ayrılan vəsaitlər səmərəli xərclənəcək, əhali bu sistemdən faydalanacaqlar.
Xatırladaq ki, ölkədə tibbi sığorta üzrə yığımlar təqribən 10 faizədək artaraq 60 milyon manatı keçib.
Əsgər Əlioğlu
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47