Samir Şərifov tənqid hədəfinə çevrildi
10:47 17-03-2015
CƏMİYYƏT
Samir Şərifov tənqid hədəfinə çevrildi
Ötən həftə Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış yoxlamalar nəticəsində dövlət büdcəsinə 4 mln. 910,3 min manat məbləğində vəsaitin qaytarıldığı açıqlandı. Gəlin öncə nazirliyin bununla bağlı açıqlaması ilə bir daha təfərrüatı ilə tanış olaq.
Belə ki, Samir Şərifovun nazirliyinin məlumatına görə, 2014-cü ildə Xidmət tərəfindən 14 rayon (şəhər) İcra Hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.
107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib. Təhsil sistemində yoxlamalar əsasında normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib. Maliyyə qaydalarının pozulmasına yol vermiş 914 nəfər vəzifəli şəxs barəsində inzibati tədbirlər görülüb. Həmin şəxslər 516,6 min manat məbləğində cərimə edilib, vəsaitlər dövlət büdcəsinə köçürülüb.
Maliyyə orqanlarının 3 vəzifəli şəxsi tutduqları vəzifədən azad edilib, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib.
Şərifovun nazirliyi həmçinin onu da bildirib ki, Xidmətin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən ümumilikdə 6 mln. 27,2 min manat məbləğində israfçılıq halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Beləliklə, görünən odur ki, Şərifovun nazirliyinin tabeliyindəki adıçəkilən qurum ötən il ümumilikdə 4,9 milyon manatın dövlət büdcəsinə qaytarılmasını təmin edib. Müstəqil ekspertlər isə bu rəqəmə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bir çox məmurların il ərzində büdcədən oğurladıqları vəsaitin məbləği bundan qat-qat çoxdur. "Hər il dövlətin xəzinəsindən müəyyən məmurların müxtəlif vasitələrlə ələ keçirdikləri məbləğin yanında Samir Şərifovun nazirliyinin 2014-cü il ərzində büdcəyə qaytardığı vəsait xeyli azdır və gülməli görünür. Ölkənin büdcəsi artdıqca oradan oğurlanan pulların məbləğində də fantastik artım var. Hətta elə məmurlar var ki, onlar üçün 4,9 milyon "semiçka pulu"na bənzəyir" deyə adının çəkilməsini istəməyən iqtisadçı ekspert bildirib.
Həmsöhbətimiz nümunə olaraq bir faktı xatırladıb: "Uzağa getməyək, ötən ay Baş Prokurorluq bəyan etdi ki, "Aqrolizinq" ASC-nin Şəki rayon "Aqroservis" filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Məlumata görə, istintaq zamanı Cavanşir Qurbanovun 2005-2006-cı illərdə cəmiyyətin Şəki rayon "Aqroservis" filialının müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub. Onlar cinayət əlaqəsinə girərək gübrə satışından əldə olunmuş 987 min manat məbləğində pulu mənimsəməsində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Beləliklə də, ASC-yə 360 min manat məbləğində zərər vurublar. Onlar etibardan sui-istifadə etmə yolu ilə vətəndaşa məxsus 5 min 400 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçiriblər. Ümumiyyətlə isə həmin cinayət işində 9 milyon manatlıq korrupsiyadan bəhs olunur. Ancaq büdcə pulları artdıqca məmurların da iştahı artdı, indi bir çox vəzifəli şəxs üçün hansısa yolla hətta 10 milyon manatı da mənimsəməsi heç bir şübhə doğurmur".
Məhz bunu nəzərə alan həmsöhbətimiz hesab edir ki, Samir Şərifovun nazirliyinə tabe olan Dövlət Maliyyə Nəzarəti Xidməti öz işini düzgün qurarsa, obyektiv, şəffaf və güzəştsiz fəaliyyət göstərərsə, il ərzində 4,9 milyon manat yox, bundan dəfələrlə artıq mənimsənilmiş vəsait büdcəyə qaytarıla bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54