Əli Həsənov: "Azərbaycan etnik separatizmi və bu fonda törədilən istənilən terrorçuluq fəaliyyətini qınayır"
08:45 19-03-2015
CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan etnik
separatizmi və bu fonda törədilən istənilən terrorçuluq fəaliyyətini qınayır"
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyasının dəvəti ilə martın 15-18-də bu ölkədə səfərdə olub.
Əli Həsənovun Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin katibi Du Çinlin ilə görüşündə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın Çinin ən yaxşı dostu və tərəfdaşı olduğunu xüsusi qeyd edən Du Çinlin, bu əlaqələrin təkcə ikitərəfli münasibətlərdə deyil, həmçinin regional və beynəlxalq məsələlərdə də daim özünü göstərdiyini diqqətə çatdırıb. O, ÇKP ilə Yeni Azərbaycan Partiyası arasında da sıx münasibətlərin olduğunu məmnunluqla qeyd edib.
Əli Həsənov Çinə dəvətə və səfər zamanı göstərilən xüsusi diqqətə görə qarşı tərəfə minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu ÇXR Sədri Si Cinpinə çatdırılmaq üçün Du Çinlinə təqdim edib.
Prezidentin köməkçisi Əli Həsənov Çin-Azərbaycan dostluğunun iki min illik tarixə malik olduğunu vurğulayaraq, müstəqillik illərində ölkəmizə göstərilən dəstəyə görə Çin hökumətinə təşəkkür edib.
Qədim İpək Yolunun iki ölkə arasındakı tarixi əlaqələrin inkişafında müstəsna rol oynadığını xatırladan Əli Həsənov ÇXR Sədri Si Cinpinin qədim İpək Yolu iqtisadi dəhlizi təşəbbüsünün ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəkləndiyini, bu layihənin təkcə regionun deyil, həmçinin dünya iqtisadiyyatının inkişafına böyük təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Əli Həsənov 2014-cü ilin mayında Prezident İlham Əliyev ilə ÇXR Sədri Si Cinpin arasında keçirilmiş görüşdə hər iki liderin Asiya-Avropa nəqliyyat-kommunikasiya, logistika və xidmət sahələrində gələcək əməkdaşlığın sürətləndirilməsi üçün qarşılıqlı səyləri artıracağını bir daha yada salaraq, Çin şirkətlərini bu sahədə fəal əməkdaşlığa dəvət edib. O, həmçinin Azərbaycanın energetika sahəsindəki potensialını nəzərə alınaraq, Çin ilə neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bərpa olunan enerji sahəsində bu ölkənin əldə etdiyi texniki nailiyyətlərin Azərbaycanda tətbiqi ilə bağlı öz ölkəsinin bəzi istəklərini Çin tərəfinin diqqətinə çatdırıb. Bundan başqa, Azərbaycanda müasir tipli kənd təsərrüfatı müəssisələrinin yaradılmasında qabaqcıl Çin təcrübəsinin öyrənilməsi və Çinin aparıcı şirkətlərinin Azərbaycana dəvət olunmasının əməkdaşlığımızın ümumi çərçivəsinin genişləndirilməsində yaxşı imkanlar yarada biləcəyini vurğulayıb.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındakı qarşılıqlı dəstəyin gələcəkdə də davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.
Əli Həsənov Azərbaycanın bütün ölkələrlə ikitərəfli münasibətlərini beynəlxalq hüququn 3 əsas prinsipi - ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması, mübahisəli məsələlərin sülh yolu ilə həlli və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurduğunu söyləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamə əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür edib.
Tərəflər qeyd ediblər ki, yaranmış hazırkı beynəlxalq vəziyyətdə dünyada sülhün qorunması baxımından bu prinsiplərin hər üçünə əməl olunması son dərəcə vacibdir.
Du Çinlin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırıb.
Əli Həsənov da Azərbaycanın Çinin ərazi bütövlüyünü və bölünməzliyini dəstəklədiyini, bu ölkənin daxili işlərinə hər hansı müdaxilənin yol verilməz olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan etnik separatizmi və bu fonda törədilən istənilən terrorçuluq fəaliyyətini qınayır, bunun hazırkı şəraitdə nəinki təkcə ayrı-ayrı regionlar, bütünlükdə bəşəriyyət üçün böyük təhlükə olduğunu, terror cəhdlərinin qarşısının bütün dünyada qətiyyətlə və ciddi şəkildə alınmasının vacibliyini vurğulayıb, Çində və Azərbaycanda daxili sabitliyin qorunmasının hər iki ölkə üçün çox vacib olduğunu bildirib.
Görüşdə dost ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasındakı tərəfdaşlıq əlaqələrinin inkişafında yüksək səviyyəli səfərlərin böyük əhəmiyyətə malik olduğunu bir daha təsdiq ediblər.
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47