Məşhur klinika Oqtay Şirəliyevə savaş açdı
11:41 10-04-2015
CƏMİYYƏT
Məşhur klinika Oqtay Şirəliyevə savaş açdı
"Atlas" niyə Səhiyyə Nazirliyi ilə məhkəmədə haqq-hesab çəkmək qərarına gəldi?
"Atlas" klinikası Səhiyyə Nazirliyini (SN - red.) məhkəməyə verib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda məhkəmə prossesi davam edir.
"Səhiyyə Nazirliyinin sərəncamı ilə "Atlas" klinikası fəaliyyətini dayandırmışdı. İndi isə nazirliyin mövcud sərəncamı ilə bağlı həmin klinika tərəfindən məhkəməyə müraciət olunub. Hələ ki, məhkəmə qərarı çıxarılmayıb. Klinika isə fəaliyyətini davam etdirir", - Oqtay Şirəliyevin nazirliyinin sözçüsü belə deyib.
"Unikal" olaraq, xatırladaq ki, bir neçə ay öncə Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırma zamanı "Atlas Medical Center" MMC-nin tibb fəaliyyətində ciddi nöqsanlar akşkar edilib . Belə ki, ötən ilin dekabr ayının əvvəllərində özəl klinikanın fəaliyyəti dayandırılıb. Həmin vaxt məlumatı təsdiqləyən Oqtay Şirəliyevin nazirliyi bunun səbəbini "Atlas Medical Center" MMC-nin lisenziyasında qeyd olunan xidmətlərdən kənar ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə nazirliyə daxil olan müraciətlə əlaqələndirmişdi. "Siqnal"dan sonra nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında sözügedən tibb müəssisəsində araşdırma aparmış, bu zaman müəssisədə qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənməklə bərabər ümumilikdə müəssisədə tibbi xidmətlərin təşkili zamanı mövcud normativlərin ciddi şəkildə pozulması faktları da aşkarlanmışdı. Bütün bunları nəzərə alaraq, SN-nin komissiyası tərəfindən "Atlas Medical Center" MMC-nin tibb fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər dayandırılmışdı.
Sonradan klinikadan ictimaiyyətə məlumat verilmişdi ki, tibb müəssisəsi fəaliyyətini dayandırmayıb, sadəcə ginekoloji şöbə bağlanıb. Bundan dərhal sonra nazirlikdən məlumat təkzib edilmiş, bildirilmişdi ki, müəssisə təkcə lisenziya əlavəsində göstərilən xidmətlərdən kənar olan ginekoloji və doğuşayardım xidmətləri göstərməyib, həm də ümumilikdə fəaliyyətində nöqsanlar olub. Ona görə müəssisə rəhbərliyinin klinikanın yalnız ginekoloji şöbəsinin bağlanması barədə verdiyi informasiya doğru deyil. Klinikanın fəaliyyəti bütünlüklə dayandırılıb və bu barədə səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı da var.
Anormal olan isə klinikanın məhkəməyə müraciət etdiyini açıqlayan Səhiyyə Nazirliyi sözçüsünün açıqlamasında bu tibb müəssisəsinin fəaliyyətini davam etdirməsidir. Bəs klinika fəaliyyətə nə vaxtdan davam etməyə başlayıb, niyə bu barədə nazirlik hər hansı açıqlama verməyib? Bir halda ki, SN "Atlas Medical Center" MMC-nin tibb fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər dayandırıldığını bəyan etmişdi, tibb müəssisəsinin fəaliyyətə başlaması yalnız nöqsanların aradan qaldırılmasına görə mümkün olub, yoxsa bura hansısa başqa nüanslar rol oynayıb? Ən əsası isə klinikanın Şirəliyevin nazirliyi ilə məhkəmə "haqq-hesab çəkmək" istəməsinə nə səbəb olub? Niyə SN rəsmisi bu barədə də danışmır?
Göründüyü kimi suallar çoxdur. Şirəliyevin nazirliyinin həmin suallara da aydınlıq gətirməsi obyektivlik naminə əhəmiyyətlidir.
Onu da qeyd edək ki, "Atlas Medical Center" Azərbaycanın tanınmış iş adamlarından birinə - "Gorgud Holding"in sahibi Heydər Əliyevə məxsusdur. Bir müddət əvvəl mətbuat klinikanın Sumqayıtda filialının olduğunu yazmışdı. İş adamı həmin vaxt bu faktı təsdiqləməklə bərabər yaxınlarda Bakıda daha bir filial da açacağını qeyd etmişdi. İş adamının 94 faizlə səhm paketinə nəzarət etdiyi "Mehmanxana Şərq" ASC (təzə adı "Gorgud Plaza & Hotels") səhmdarlarının dediyinə görə tibb müəssisəsi payçısı olduqları səhmdar cəmiyyətinə aid binada məskunlaşıb. Amma icarə şərtləriləmi, yoxsa hansı əsasla, bunu bilmirlər.
Onu da deyək ki, Oqtay Şirəliyevin nazirliyi mütəmadi olaraq özəl tibb müəssisələrində yoxlamalar həyata keçirir, bir çox klinikalar mütəmadi olaraq müxtəlif formada cəzalandırılır: onlar cərimə edilirlər, yaxud bağlanırlar. Amma araşdırmalarımız belə deməyə əsas verir ki, ilk dəfədir bir özəl tibb klinikası Səhiyyə Nazirliyi ilə belə açıq məhkəmə mübarizəsinə girişir.
Şübhəsiz, bu da çox maraqlı məqamdır və səbəbləri də müxtəlif ola bilər. İstisna deyil ki, "Atlas"ın kifayət qədər nüfuzlu iş adamına bağlılığı da həmin səbəblər arasında özünə yer alır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43