Müsavat yürüş-mitinqini keçirməkdən yayındı
11:48 15-04-2015
CƏMİYYƏT
Müsavat yürüş-mitinqini keçirməkdən yayındı
İddialı bəyanatlar verən partiya daha bir biabırçılıqdan yaxa qurtardı
Dünən Müsavat Partiyasının Divan üzvü və təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı partiyanın 19 aprelə təyin etdiyi yürüşlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilib.
"Unikal"ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın yürüş mitinqinə icazə verməyib. Daha doğrusu, meriyanın təklif elədiyi yerdə aksiya keçirmək istəməyiblər. Razim Əmiraslanlının verdiyi məlumata görə, o, dəvəti qəbul edib və saat 12.30-da BŞİH-də olub. Onunla BŞİH-nin Aparat rəhbəri və ictimai-siyasi qurumlarla iş şöbəsinin müdiri Zaur Ramazanovun, həmçinin başqa bir şöbə müdiri arasında görüş olub: "Onlar Müsavat Partiyasının 20 yanvar metrostansiyasının yanındakı meydandan başlamaqla Həsən bəy Zərdabi prospektindən keçməklə Məhsul stadionunda qətnamənin oxunması ilə yekunlaşdırmaq istədiyi yürüşə razılıq verilməsinin mümkün olmadığını bildirdilər. Səbəbini həmin ərazi boyunca təmir-tikinti işlərinin gedişi və nəqliyyatın həddən artıq intensiv hərəkəti ilə əsaslandırmağa çalışdılar. BŞİH rəsmiləri dedilər ki, Müsavat Partiyası yürüş yox, mitinq keçirmək üçün BŞİH-yə yeni rəsmi məktub ünvanlasa məsələyə baxıla və müvafiq münasibət bildirilə bilər. Bizə faktiki olaraq yürüş yox, mitinq keçirilməsini təklif elədilər. Mən isə bildirdim ki, Müsavat "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsaslanaraq yürüş keçirmək qərarını verib və bu qərara uyğun da müraciət edib. Yürüş də sərbəst toplaşmaq azadlığının tərkib hissəsidir və bizim hüququmuzdur. Qeyd etdim ki, əgər BŞİH hesab edirsə ki, Zərdabi küçəsində nəqliyyatın sıxlığı və təmir var, ona görə yürüş keçirmək mümkün deyil, o zaman biz alternativ marşrut da təklif edə bilərik. Təklif etdim ki, "Azadlıq" metrostansiyasının yanından başlayaraq "Dərnəgül" metrostansiyasının qarşısındakı meydanda qətnamənin oxunması ilə yekunlaşan yürüşə şərait yaradılsa, buna razılaşa bilərik. Ancaq onlar dedilər ki, həmin ərazidə də nəqliyyatın sıxlığı var". R.Əmiraslanlı bildirdi ki, yaranmış vəziyyətlə bağlı partiyanın rəhbərliyi toplaşacaq və müzakirələrdən sonra hansı addımın atılacağı barədə qərara gəlinəcək.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının rəhbərliyi bu qərarı sevinclə qarşılayıb. Bu barədə bizi bilgiləndirən Müsavat fəallarından biri deyib ki, yürüş mitinqinin təşkil olunması ilə bağlı ciddi problem yaranmışdı: "Yürüş mitinqi elan olunanda Arif Hacılı ilə İsa Qəmbər bu aksiyaya başqa partiyaların da dəstək verəcəyini gözləyirdilər. Amma göründüyü kimi, heç bir müxalifət partiyası onların aksiyasına dəstək vermədi. Ona görə də yürüşə yüz nəfər adam çıxara bilməyəcəklərini anladılar. Ona görə də aksiyaya icazə verilməməsini arzulayırdılar. Bakı Şəhər İcra Hakimiyyətinin belə bir qərar verməsi isə onlar üçün göydəndüşmə oldu".
Bir məqamı da qeyd etmək lazımdır ki, Müsavat Partiyası Əli Kərimli ilə bəhsə girmişdi. Ona görə də bir-birinin ardınca mitinq keçirmək istəyirdi. Müsavat sanki ictimaiyyətə göstərmək istəyir ki, Əli Kərimli "mitinq" keçirirsə, mən də keçirirəm, mən də varam. Yəni, İsa Qəmbərlə Əli Kərimli "mitinq" yarışına giriblər. Müsavatçılar "Milli Şura" nın mitinqindən qorxu hissi keçiriblər. Onlar elə düşünürlər ki, birdən Əli Kərimli radikal müxalifətin lideri olar, onlar kənarda qalar. Məsələnin kökündə də elə bu prinsip dayanır. Azərbaycan cəmiyyəti ölkənin radikal düşərgəsinə qətiyyən dəstək vermir. Mitinq iştirakçılarının əksəriyyəti öz yaxınları və qohum-əqrabalarıdır. İsa Qəmbərin başqanlığı dövründə belə mitinq keçirmək iqtidarında olmayan Müsavatın dağılmış, parçalanmış halda mitinq keçirəcəyi şübhəli məqamdır.
Amma son anda Müsavatın da nə qədər rəzil durumda olduğu üzə çıxdı. Milli Şuraya xaricdən müəyyən maliyyə dəstəyi olduğuna görə mitinqə az da olsa, adam çıxara bildi, amma Müsavatın belə bir şansı olmadığına görə, biabır oldu.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00