Azərbaycan Ordusunda gecə təlimləri zamanı tətbiq edilən yeniliklər
11:55 15-04-2015
CƏMİYYƏT
Azərbaycan Ordusunda gecə təlimləri zamanı tətbiq edilən yeniliklər
Azərbaycan Silahlı Qüvvələrinin aprelin 5-dən 10-dək davam etmiş son irimiqyaslı gecə təlimlərində bir sıra yeniliklər tətbiq olunub. Əslində Silahlı Qüvvələrimizin keçirdiyi bu ilk gecə təlimində hərbi hissələr gecə şəraitində müdafiə, hücum və təxliyə əməliyyatlarını imitasiya etdilər. Təlim özünün bir sıra yenilikləri ilə də diqqəti çəkdi.
Silahlı Qüvvələrimizin gecə təlimində tətbiq edilən yenilikləri təqdim edir.
İctimaiyyət nümayəndələri təlimdə
Azərbaycan Silahlı Qüvvələrinin indiyədək keçirilmiş çoxsaylı təlimlərini ən yaxşı halda müvafiq güc strukturlarının nümayəndələri və bir neçə halda deputatlar izləyib. İctimaiyyət nümayəndələrinin hərbi hissələrə planlanmış səfərləri isə əslində "hərbi hissəyə turist səfərindən" o tərəfə keçməyib.
Budəfəki təlimi poliqonda Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ətraf rayonların ictimaiyyətini təmsil edən vətəndaşlar, veteranlar və yerli icra hakimiyyətlərinin nümayəndələri də yaxından izləyib. Poliqonda ordumuzun arsenalı ilə tanış olan ictimaiyyət nümayəndələri şəxsi heyətlə və müdafiə naziri ilə görüşüb, orduda aparılan yenidənqurma və gedən inkişaf prosesi barədə məlumat alıblar.
Bununla yanaşı, son bir ildə Silahlı Qüvvələrdə müqavilə əsasında işə qəbul olunmuş vətəndaşlar da hərbçilərlə bir yerdə təlimdə yaxından iştirak ediblər. Bu təcrübənin müsbət effektini nəzərə alaraq, Müdafiə Nazirliyi digər bölgələrdə keçiriləcək təlimlərə də gələcəkdə həmin əraziyə yaxın rayonların ictimaiyyətini cəlb etməyi düşünür.
Psixoloji Bərpa Məntəqəsi
Təlimdəki başlıca yeniliklərdən biri və birincisi, Müdafiə Nazirliyinin tətbiqinə başladığı səyyar Psixoloji Yardım və Bərpa Məntəqəsidir. İlk dəfə bir neçə ay əvvəl keçirilmiş təlimdə tətbiq edilən bu yenilik gecə təlimində də daha fərqli formatda yer alıb. Hətta Psixoloji Bərpa Məntəqəsinin insan psixikasına sakitləşdirici təsir göstərən akvariumla, habelə zooguşə ilə təmin olunduğunu görmək mümkündür. Hazırda təlimlərdə tətbiq edilən bu məntəqələrin gələcəkdə döyüş əməliyyatları zamanı təşkili nəzərdə tutulur.
Gecə uçuşları və gecə kəşfiyyatı
Dünyanın aparıcı müdafiə firmalarının istehsalı olan infraqıırmızı və termal görmə sistemlərinin geniş istifadə edildiyi təlimin ən maraqlı və diqqət çəkən məqamı isə döyüş aviasiyası, pilotsuz uçuş aparatları və tibbi aviasiyanın gecə əməliyyatlarında tətbiqi olub.
Məlumat üçün bildirək ki, keçmiş sovet istehsalı olan aviasiya vasitələrinin əksəriyyətinin gecə uçuşlarını yerinə yetirmək imkanı məhduddur. Lakin Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alan aviasiya vasitələri aparılan modernləşmə nəticəsində gecə əməliyyatlarına tam uyğunlaşdırılıb. Təlimə Azərbaycanın bir neçə il əvvəl Rusiyadan aldığı Mi-35M zərbə helikopterləri və modernləşdirildikdən sonra Mi-24G ("Gecə") indeksi almış zərbə helikopterləri də cəlb olunub. Gecə əməliyyatları üçün Rusiya aviasiya sənayesi tərəfindən hazırlanmış ilk helikopter olan Mi-35M hazırda Azərbaycan daxil olmaqla, 7 ölkənin silahlanmasında yer alır. Helikopter gecə şərtlərində uçuş, enmə, döyüş və kəşfiyyat aparmaq üçün zəruri olan bütün elektro-optik sistemlərlə təchiz olunub. Öz manevr qabiliyyətinə və silah yükünə görə, sələfi Mi-24 helikopterlərindən üstün olan Mi-35M düşmənin zirehli texnikasının əsl ovçusudur. Bu helikopter üzərində daşıdığı idarə olunan tank əleyhinə raketlərlə 6-8 km məsafədən düşmənin tanklarını, zirehli texnikasını, istehkamlarını məhv edə bilir. Təlimə cəlb olunmuş aviasiya ilə bağlı maraqlı yeniliklərdən biri də Azərbaycanda istehsal edilən "Orbiter-2M" mini pilotsuz uçuş aparatından gecə vaxtı kəşfiyyat və döyüş meydanının izlənilməsi olub.
Qeyd edək ki, sözügedən təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin 15 min nəfərədək şəxsi heyəti, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri iştirak edib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15