Əli Kərimli şər-böhtana başladı, cavabını aldı
08:24 16-04-2015
CƏMİYYƏT
Əli Kərimli şər-böhtana başladı, cavabını aldı
AXCP sədri Əli Kərimli 2015-ci il parlament seçkiləri ərəfəsi yenidən hərəkətə keçib. Xaricdəki havadarlarından sifariş alan partiya sədri yenə də müxalifətə qara yaxmağa başlayıb.
"Unikal"ın məlumatına görə, Əli Kərimli seçkidə parlaq görünmək üçün digər müxalifət partiyalarını satqınlıqda, hakimiyyətlə anlaşmaqda ittiham edərək önə çıxmağa çalışır. Bunun üçün də öz nəzarətində olan qəzetlərdən istifadə edir. Belə ki, AXCP-yə yaxın media orqanı olan "Azadlıq" qəzetində ADP sədri Sərdar Cəlaloğlu və KXP sədri Mirmahmud Mirəlioğlu, eləcə də onlara yaxın şəxslər hədəfə alınıb. Qeyd edilib ki, S.Cəlaloğlu və digərləri 2005-ci ildə iqtidarla anlaşmaq istəyib, lakin AXCP və Müsavat buna imkan verməyib.
Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu isə bu barədə sərt fikirlər səsləndirib. O deyib ki, bütün bunları təbii qarşılayır: "Azadlıq" qəzetində jurnalist yoxdur, onlar Əli Kərimlinin sifarişlərini yerinə yetirirlər. Odur ki, barəmdə yazılanlar Əli Kərimlinin mövqeyidir. Əli Kərimli satqın olub. Bu adam Azərbaycan müxalifətini parçalayıb, Elçibəyin sağlığında onu, apardığı siyasətə qarşı çıxıb, iki dəfə müxalifət adına parlamentdə əyləşib. Bu günə qədər əməkdaşlıq etdiyi partiyaları satıb, yarı yolda qoyub". S.Cəlaloğlu daha sonra bəzi faktları açıqlayıb: "2005-ci ildə Əli Kərimli dedi ki, icazə verin, sizin siyasi dialoq təşəbbüsünüzə biz də qoşulaq, birlikdə dialoqun tərəfi kimi çıxış edək. Mən də cavab verdim ki, şəxsi və ya partiya davası eləmirəm, dialoqu demokratik prosedur kimi görürəm. Həmin gün Əli Kərimli, Lalə Şövkət, Əli Əliyev və mənim imzamla bəyanat verdik, ifadə etdik ki, "Azadlıq" bloku siyasi dialoqun tərəfi kimi çıxış edir. Bundan sonra Müsavat bu təşəbbüsə qarşı hücumlara start verdi. Bir neçə gün sonra Əli Kərimli mənə dedi ki, bizə hücum edirlər, ideyanın müəllifi sənsən, biz geri çəkilək, sən isə təşəbbüsü davam etdir. Əgər müvəffəqiyyət olarsa, sonradan biz də prosesə qoşularıq. Bu söhbətdən sonra mən ADP-yə qayıtdım, onlar isə iclas çağırıb məni "Azadlıq" blokundan çıxardılar. Bu, həmin Əli Kərimli deyil?".
ADP sədri qeyd edib ki, başı elmi işlərə qarışdığı üçün ucuz siyasi şoularda iştirak etmir: "Xariclərin yanında dialoq tərəfdarı olduğunu deyir, görəndə ki, dialoq yoxdur, satqınlıq ittihamlarına başlayır. Əgər dialoq satqınlıqdırsa, niyə xaricilərin iştirakı ilə on dəfə iştirak etmisən? İki dəfə deputat olmusan, partiyan, qəzetin qara yollarla yüksək səviyyədə maliyyələşib. Əli Kərimlinin gözü ilə satqınlıq nəsə qazanmaqdırsa, siyasətdə ondan başqa heç kim qazanmayıb. Bu adam Əbülfəz Elçibəyi, Etibar Məmmədovu, İsa Qəmbəri, Lalə Şövkəti satıb. Özü mənə demişdi ki, Azərbaycanda hamı onu satqın kimi tanıyır".
Qeyd edək ki, ADP sədrinin bu cavabından sonra Əli Kərimli daha da aqressivləşərək kampaniyanı şiddətləndirib. Bu dəfə isə sosial şəbəkələrdən təhqir və şər-böhtanı davam etdirib. Sözsüz ki, layiqli cavablarını alıblar.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyyət Əliyev deyib ki, sözügedən qəzetin yazdıqları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, məqalədə tarix də saxtalaşdırılıb: "2005-ci ildə ADP-nin sədri Rəsul Quliyev olub. Sərdar bəy həmin dönəmdə ADP sədrinin birinci müavini vəzifəsini daşıyırdı. Partiyanın siyasi kursunun müəyyən olunmasında Rəsul Quliyev söz sahibi idi. Belə bir halda Sərdar bəy hakimiyyətlə necə anlaşa bilərdi. Əgər 2005-ci ildə Sərdar bəyin hakimiyyətlə anlaşmaq istəyi olsaydı, onda hakimiyyət Sərdar bəyin həlledici qələbə çaldığı 9 saylı Binəqədi ikinci seçki dairəsinin nəticələrini niyə ləğv etdi? Bu deyilənlər boşboğazlıqdan başqa bir şey deyil. Əgər onlar hakimiyyətlə anlaşmağın nə olduğunu bilmək istəyirlərsə, keçmişlərinə azca da, olsa nəzər salsınlar".
"Unikal"a açıqlama verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə "Azadlıq" qəzetində iqtidar-müxalifət görüşündə iştirak edənlərin hakimiyyətlə əməkdaşlıqda ittiham olunmasına münasibət bildirərkən deyib ki, yazılanlar şər-böhtandan başqa bir şey deyil. Onun sözlərinə görə, o yazıları yazanların, dərc edənlərin arxasında duranlar qaşınırlar. M.Mirəlioğlu bildirib ki, cəmiyyət kimin-kim olduğunu yaxşı bilir: "Burada başqa bir şey yoxdur. Sadəcə, bu qəzetin arxasında duranlar qaşınırlar. Yaxşı bilirlər, mən kimi deyirəm. Hər kəs öz fitin tanıyır və yiyəsi cavab verəcək".
Göründüyü kimi, xəyanətkar və satqın olan Əli Kərimli ölkənin problemlərinin həlli istiqamətdə addımlar atmaq əvəzinə, ölkədə demokratik mühitin daha da möhkəmləndirilməsi əvəzinə, bu yöndə səylər göstərən siyasilərə böhtan atır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00