"Azərbaycanın hərb yolunu seçməsi qaçılmaz olacaq"
11:13 22-04-2015
CƏMİYYƏT
"Azərbaycanın hərb yolunu seçməsi qaçılmaz olacaq"
"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanı Bakıda qəbul edərkən ondan Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində ortalığa qəti mövqe qoymasını tələb etdi".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saat"ında deyib.
Politoloq bildirib ki, əslində, bu həqiqətən də tələbdir: "Belə ki, bir qədər sonra E.Məmmədyarov Latviyada keçirdiyi görüşlərdə də Aİ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe ortalığa qoymasını aktuallaşdırdı. Aİ-nin Riqa sammiti ərəfəsində Latviyaya səfər edərək aktuallaşdırması, Azərbaycanın bu məsələyə verdiyi önəmin göstəricisidir. Eləcə də Azərbaycanın Aİ ilə münasibətindəki belə konkretləşmə ilin əvvəlindən başlayıb. Azərbaycanın xarici işlər nazirinin müavini M.Məmmədquliyev fevral ayında verdiyi açıqlamada Aİ-nin Dağlıq Qarabağ siyasətindən narazılıq bildirmişdi. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüşdə İtaliya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti "qəbuledilməz" adlandırıb".
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin Dağlıq Qarabağ tənzimlənməsi mövqeyinə qatılması Azərbaycanın Dağlıq Qarabağ siyasətində yeni xətdir və ermənilərə qarşı mübarizədə yeni resursların işə düşməsinin göstəricisidir: "İtaliyanın Aİ üzvü olmasını nəzərə alsaq, Ş.Mustafayevin bəyanatının həm də Aİ-yə yönəli bəyanat olduğunu bildirib. Beləliklə də, Azərbaycanın Aİ istiqamətində fəaliyyətini yeniləşdirdiyi, təkmilləşdirdiyi və daha çox qarabağyönümlü etməsi göz qabağındadır. Azərbaycanın ortalığa qoyduğu tezislər aydın və başa düşüləndir. Aİ-Azərbaycan münasibətləri qarşılıqlı faydalı olmalıdır. Bu deyilənlər iki vacib nəticəyə gəlməyə əsas yaradır:
- birincisi, bu fikirlər ayrı-ayrı nazirliklərin və ya nazirlərinin siyasi xətti deyil, ölkə siyasi rəhbərliyinin apardığı siyasətin yeni mərhələsidir.
- ikincisi, Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycan siyasi-diplomatik mərhələnin finalındadır. Siyasi iqtisadi diplomatik resurslarını işə salmaqla Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin, eləcə də bütün Qərb dünyasının potensialını araşdırmaq, resurslarını işə salmaq istəyir. Aİ və ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində potensial resurs aşkarlanmayacaqsa, Azərbaycanın hərb yolunu seçməsi qaçılmaz olacaqdır".
Politoloq sonra bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ tənzimlənməsində keyfiyyət dəyişikliyi siyasi və diplomatik sahədə deyil, həm də hərbi sahədədir: "Müdafiə naziri Zakir Həsənov tamamilə yeni keyfiyyətli və müasir, döyüşə hazır ordu formalaşdırıb. Belə vəziyyətdə Avropa İttifaqı Cənubi Qafqaz üzrə siyasətinə yenidən baxmalıdır:
ı) Cənubi Qafqaz regionunda dəqiq və səliqəli siyasət aparmaq üçün yeni tədqiqatlar reallaşdırmalıdır;
ıı) Regionda gərginliyi artıra biləcək bütün addımlarını istisna etməlidir;
ııı) Regionda əsas gərginlik mənbəyi ola biləcək Ermənistanın konfliktogenlik potensialının inkişafına şərait yaradan bütün addımlardan çəkinməlidir;
ıv) Region dövlətlərinin təhlükəsizlik konsepsiyalarını əldə etməli və bunun əsasında ümumregional inkişaf və təhlükəsizlik konsepsiyasının hazırlanmasına yubanmadan başlamalıdır;
v) Cənubi Qafqaz regionunun bütün dövlətlərinin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstək bildirməlidir;
vı) Dağlıq Qarabağ münaqişəsi həllində ikibaşlı ifadələrdən istifadə etmək Ermənistanın maraqlarını birtərəfli qaydada müdafiə etmək anlamındadır. Aİ nəzərə almalıdır ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın forpostudur. Ermənistanın Avropa İttifaqı ilə apardığı danışıqlar Rusiyanın demək olar ki, nəzarəti altındadır. Bu danışıqlar ona görə baş tutur ki, ya Rusiya icazə verib, ya da Rusiyanın maraqlarına toxunur. Ermənistanın Aİ ilə danışıqlarının miqdarı Rusiyanın maraqlarına toxunan kimi 3 sentyabr hadisəsinə bənzər proses baş verəcəkdir".
Digər Xəbərlər
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00