AŞPA-da İŞİD-lə bağlı müzakirələrdə azərbaycanlı deputatın tənqidi
05:28 23-04-2015
CƏMİYYƏT
AŞPA-da İŞİD-lə bağlı müzakirələrdə azərbaycanlı deputatın tənqidi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə Fransa nümayəndə heyətinin üzvü senator Jan-Mari Bokelin hazırladığı "Özünü "İraq və Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmanın fəaliyyətinin humanitar fəsadları" adlı məruzə ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın da terrora məruz qalan ölkələrdən biri olduğu avropalı deputatların diqqətinə çatdırılıb.
Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, bu gün müasir dövrün ən dəhşətli hadisələridən biri müzakirə edilir. Bu dəfə terrorçular özlərini cinayətkarlar qrup kimi deyil, dövlət kimi görürlər. Terror dünyaya infeksiya kimi yayılır. Şübhəsiz, nəticədə idarəolunmaz qeyri-sabitlik daha da artacaq və Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək.
S.Fətəliyeva deyib ki, terrorun artmasının səbəbi əsl İslam ideyalarına zidd olan insanların dini fanatizmidir. Əsas məqsədləri məhz terrora söykənən insanların fəaliyyəti heç də dinə deyil, əksinə zorakılıq və qətlə əsaslanır. Bununla bərabər onlar özlərini İslam pərdəsi altında gizlədirlər. Məruzədə qacqınların vəziyətinin yaxşılaşdırılması, onlar üçün layiqli şəraitin təmin olunması məsələsi də əksini tapır. Lakin əsas məsələ terrorun dünyada daha da yayılmasının, günahsız ölümlərin qarşısının alınmasının, müxtəlif ölkələrdən qaçqın axınının dayandırılması haqda birgə qərarın qəbul edilməsidir.
Məruzənin qətnamə layihəsinin müzakirəsi zamanı yenidən qondarma erməni soyqırımı məsələsini qaldıran və Türkiyə, İslam dini əleyhinə fikirlər səsləndirən Ermənistan nümayəndələrinə cavab verən deputat Qənirə Paşayeva deyib: "Ölkəniz azərbaycanlılara qarşı terror aktları həyata keçirəndə niyə etiraz etmirdiniz? İndi burada terrorizmə qarşı mübarizədən danışırsınız".
Bu məsələdə AŞPA-nın ikili standatlara yol verdiyini diqqətə çatdıran deputat bildirib ki, Suriyada davam edən böhran və terrorçu qrupların, xüsusilə "İŞİD"in peyda olması regiona və onun hüdudlarına ciddi təhlükə törədir. Regionda yaşayan insanlar dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər. Türkiyə 3 milyondan artıq insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Biz Türkiyənin bu istiqamətdə səylərini təqdir etməliyik. AŞPA bütün üzv dövlətləri onların məsuliyyətini öz üzərlərinə götürməyə və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Q.Paşayeva deyib: "Mən Assambleyamıza İraqda və Suriyada yaşayan milyonlarla türkmənin, onların təmsilçilərinin xahişi ilə onların da düşüncələrini, səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq və cağırış etmək istəyirəm. Bir neçə gün əvvəl İraqda yaşayan türkmənlər mənə üzərində qətlə yetirilmiş türkmənlərin qanı olan bayraq göndərmişdilər və xahiş edirdilər ki, onların səsini Assambleyada sizlərə çatdırım. Əziyyət çəkən digər etnik və dini qrupların səsi, düşüncə və çağırışları burada həmkarlarım tərəfindən səsləndirildi.
Ermənistan nümayəndə heyətinin bəzi üzvləri yenə də burada Türkiyə və İslam əleyhinə yanlış fikirlərlə çıxış etdilər. Mən onlardan sizin qarşınızda soruşmaq istəyirəm: 23 il əvvəl Azərbaycan torpaqlarını işğal edən zaman terrora dəstək verən Ermənistanın təmsilçiləri terror təşkilatları bu ölkənin dəstəyi ilə Azərbaycanda metroları, qatarları, avtobusları partladıb yüzlərlə insanı, uşağı qətlə yetirəndə niyə buna etiraz səslərini ucaltmırdılar? O zaman təəssüf ki, bizim bütün çağırışlarımıza baxmayaraq avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan güclü dəstəyi ala bilmədik. Bu məsələdə ikili standartlara yol vermək olmaz".
Q.Paşayeva bildirib ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığa izn vermir. Biz Avropada islamofobiya təmayüllərinin artmasından ciddi narahat olmalıyıq. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız radikal qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də Avropada islamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq.
Fuad
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24