Vurğun-Əyyub-Arif Hacılı qarşıdurması davam edir
15:10 24-04-2015
CƏMİYYƏT
Vurğun-Əyyub-Arif Hacılı qarşıdurması davam edir
Mustafa Hacıbəyli qardaşına qahmar çıxaraq qarşı tərəfi haqsız çıxarmağa çalışır
Müsavat Partiyasında parlament seçkilərində iştirakla bağlı narazılıqlar davam edir. Partiya adından namizəd olmaq üçün öhdəlik ərizəsinin yazılması tələbi gərginliyi daha da artırıb.
Məlumat üçün bildirək ki, Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası Suraxanı rayon təşkilatının Şura iclasının qərarını ləğv edib. Vurğun Əyyub da daxil olmaqla 3 nəfərin namizədliyi irəli sürülsə də, Arif bəyin, yaxud Mustafa Hacıbəylinin də namizədliyi həmin rayondan irəli sürülməmişdi. Qərar ləğv olunduğuna görə Suraxanı rayon təşkilatı yenidən Şura iclası keçirəcək.
Vurğun Əyyubun namizədlik məsələsi ilə bağlı yaranan problem başqan Arif Hacılının tapşırığı ilə gerçəkləşib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Qubad İbadoğlundan sonra Arif Hacılıya qarşı ən kəskin mübarizəni Vurğun Əyyub aparır. Ona görə də başqan onun partiyadan namizəd kimi irəli çıxmasını istəmir.
Bu barədə "Unikal"a açıqlama verən Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının keçmiş üzvü, Qubad İbadoğlunun əsas müdafiəçilərindən olan Əlövsət Talışxanlı da bütün bu prosesin başında Arif Hacılının dayandığını bildirib. Onun sözlərinə görə, Müsavat rəhbərliyi bu cür addımlar atmaqla qisasçılıq həyata keçirirlər. Ə.Talışxanlı bundan əlavə bir söz demək istəmədiyini də vurğulayıb.
"Unikal"ın məlumatına görə, qarşı tərəf də bu iddiaları cavabsız qoymayıb. Müsavat Partiyasının Məclis üzvü, partiyanın başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib ki, bundan əvvəlki dövrdə də öhdəlik götürmə ilə bağlı təcrübə olub: "Ötən parlament seçkilərində Müsavatda namizədlərdən öhdəlik ərizələri götürülüb. Bu təlimat konkret bir nəfərə ünvanlanan məsələ deyil. Müəyyən adamlara tapşırıq verilib ki, Müsavatın adından namizəd olun. Onlar da bu tapşırığa əsasən hansısa dairədən deputat olmaq niyyətindədirlər. Tamamilə məntiqlidir ki, bununla bağlı Müsavat Partiyasında müəyyən prosedurlar qəbul olunmalıdır. Müsavatın Məclisini, onun siyasi kursunu tanımayan, xəttini qəbul etməyən, ona qarşı ardıcıl fəaliyyət göstərən, insanları Müsavat rəhbərliyinə qarşı itaətsizliyə cəlb edən, üzvlük haqqı verməkdən, bu və ya digər vəzifələrdə təmsil olunmaqdan imtinaya vadar edən Vurğun Əyyub bu prosedurları da göz altına almalıdır. Digər tərəfdən, 2000-ci ildə Müsavatda praymeriz keçirilmişdi. Həmin praymerizə 10 mindən artıq müsavatçı səfərbər olunmuşdu və bu sayda insanların rəyi nəzərə alınaraq Müsavatın proporsional seçkidə namizədlərinin siyahısı formalaşmışdı. Amma buna rəğmən, yenə də o siyahını Məclis təsdiqləmişdi. Vurğun Əyyub da hesab edir ki, gedib 5-6 nəfərə 1-2 qonaqlıq versin, Müsavatı namizədi olsun. Bu, 5-6 nəfərin iradəsi olacaq. Dediyim kimi 2000-ci ildə Müsavatın proporsional siyahısına 10 mindən çox adam səs verəndən sonra yekun siyahını yenə Məclis təsdiqləmişdi. Burada yeni heç nə yoxdur. Namizədlərin Məclis tərəfindən təsdiqlənməsi həm Nizamnamədə nəzərdə tutulub, həm də praktikada var. Öhdəlik ərizəsinin imzalanması da bir nəfərə aid məsələ deyil, hər kəs o ərizəni imzalayacaq".
Göründüyü kimi, Müsavat Partiyası iki cəbhəyə bölünüb və tərəflər arasındakı mübarizə getdikcə daha da gərginləşir. Hər halda, seçkiyə qədər bu gərginlik pik nöqtəsinə çatacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03